7. TEHRAN-TƏBRİZ YOLUNDA

9 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə

 Zəncan hərbi hissəsinin zabitləri tərəfindən

Miyanadan: Azərbaycanın möhtərəm nümayəndələr heyətinə və onun hörmətli rəisi Pişəvəri cənablarına.

Üzü: Tehranda nəşr olunan “İran-e ma”, “Dad” qəzetlərinə.

Bütün bu hərbi hissənin zabitləri gözləyir ki, o möhtərəm heyət Azərbaycan xalqının illərdən bəri istədiyi tələbləri Tehranda  həyata keçirdib bərqərar etsin.

Sizdən rəsmən tələb edirik ki, bizim tələblərimiz yüzdə yüz həyata keçirilsin:

1- Dil azadlığı. Bizim ana dilimiz bizim rəsmi dilimiz olmalıdır.

2- Azərbaycanın Milli Hökuməti Azərbaycan xalqının səadətini və azadlığını qorumaq üçün milli qoşun əmələ gətirmişdir və bu qoşunun zabitəri, çavuşları və əsgərləri sizi əmin edirik ki, Azərbaycan Milli Qoşunu cavan olduğuna baxmayaraq Azərbaycan xalqının azadlığını qorumağa tamamilə qadirdir.

  Zəncan hərbi hissəsinin zabitləri: Yusif Murtəzəvi, Əzim Əlizadə, İbrahim Cavid, Həmid Qabus, Həsən Mouləvi, Seyyid Həsən Turabi, Cavad Zarei, Xosrov Əlayi, Soltanəli Dehqan, Pənah Böyük, Şater, Əhməd Dəbbaği, Ələkbər Zibai, Həsən Nejadi, Mirzə Məbədinam, Ələkbər Siyahcani, Kərim Talebi, Rəsul Qaliçebaf, Həsən Naserbaz, Böyük Məhəmmədi, Fəttah Rəsul, Sadiq Rzai, Əbdüləli Səfinə, Ələkbər Səməri, Abdulla Azərkolah, Qulamhüseyn Rəhbəri, Abdulla Kərimi, Qulamhüseyn Minai, İbrahim Əhrai, Safəti, Murtəzəvi.

“Qəzvini” fabrikinin fəhlələri tərəfindən

Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Baş nazir Pişəvəriyə.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Mərdom”, “Zəfər”, “İran-e ma”, “Rəstaxiz-e İran”, “Dad” qəzetlərinə.

Biz, “Qəzvini” fabrikinin 700 nəfər fəhlələri, siz nümayəndələrə inanıb öz müzakirə və görüşlərinizdə azərbaycanlıların hüququnu qorumağı,  azadlığı hifz etməklə bərabər İranın bütün əyalət və vilayətlərində azadlığın bərqərar olmasını arzu edirik və İranda həqiqi bir demokratik rejimin yaranmasını siz nümayəndələrimizdən istəyirik. Azərbaycan və İran xalqı tarix boyu azadlığı hifz etmək yolunda fədakarlıq göstərdiyi kimi bu dəqiqədən Azərbaycan xalqının yaratdığı azadlığı hifz etməklə bərabər bütün İranda azadlığın bərpa olmasında bir azadlıq əsgəri kimi həmişə hazırdır.

750 nəfər tərəfindən: Məşədi İbrahim, Kazım bəy, Salik Fərhadi, Məcid Kətxudayi, Əhməd Hacı Tağı, Mirmahmud, Mirhəmzə Musəvi, İsmail Əsədzadə. Azəbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar.

Azərbaycan hərbi serjant məktəbinin  tələbələri tərəfindən.

Tehran. Azərbaycan xalqının qəhrəman və hörmətli nümayəndələri və Azərbaycan Milli Hökumətinin əziz rəhbəri Pişəvəri cənablarına.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər” və “Mərdom”  qəzetlərinə.

Biz, qoşun sırasında olan hərbi serjant məktəbi tələbələri, o möhtərəm nümayəndələrimizdən xahiş edirik ki, Azərbaycan xalqının istəyini və tapşırıqlarını yüzdə yüz həyata keçirməklə bərabər Azərbaycan xalqının azadlığının əbədi olaraq səadətə doğru getməsini təmin edəsiniz.

Biz sizi inandırırıq ki, Milli hökumətimizin və müqəddəs məramımızın uğrunda qanımızın son damlasına qədər fədakarlığa hazırıq.

Hərbi serjant məktəbi tələbələri tərəfindən: Hüseyn Əyani, Əhsən Bədəlzadə, Fikrət Həqiqi, Şəfi Gülməhəmmədi, Bəhmən Daneşvər, Məhəmməd Rudniya, kiçik leytenant  Qəmbər. 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 193, 08.05.1946

Şərhlər bağlıdır.