AZADLIQ YOLUNUN MÜBARIZLƏRI: ŞAHSEVƏN QIZI SƏRIYYƏ

Xalq azadlığının keşiyində mərdliklə dayanan, öz inadcıllığı ilə düşməni heyrətə salan igid Səmərin (Ərdəbil) oğulları içərisində Azərbaycan xalqının qəhrəman qızı Səriyyə də vuruşurdu.

O, həyat yoldaşı Əli ilə birlikdə, onunla çiyin-çiyinə bir səngərdən atəş açırdı. Lakin o həm mühasirədə, həm də gülləsi qurtarmaq üzrə idi. Buna baxmayaraq o, düşmənə təslim olmaq istəmirdi.

Xain düşmən Səmərin fədailərinin, eləcə də Səriyyənin qarşısına Quran gətirir, ona əl basır, and içir, “şərəflə” söz verir və hakim təbəqənin yüz dəfələrlə əl atdıqları alçaq hiylə və aldatma metodundan istifadə edir.

Az sonra Qurana basılmış əllər Səmərin fədailərinin, o sırada Şahsevən ellərinin qəhrəman qızı Səriyyənin qanı ilə boyanır.

Qəhrəman fədai Səriyyə öldürülməmişdən öncə barmağını cəlladların gözünün içinə silkələyərək “Bu sizin üçün hünər deyil, tarix əhd-peyman pozanları nifrətlə yad edəcəkdir!” – demişdir. O, sözünə davam edərək uca səslə belə söyləmişdir: “Azərbaycanın igid oğulları mənim qanımı yerdə qoymayacaqlar!”

Bu söz Azərbaycan gəncliyinin, azadlıq uğrunda vuruşanların mübarizə andına çevrilmişdir.

Hər zaman mərd mübarizlərin adı, xatirəsi qeyd edildikdə bu sözlər təkrar edilir: “Azərbaycan xalqının qəhrəman Şahsevən qızı Səriyyənin qanı yerdə qalamayacaq!”

Şərhlər bağlıdır.