AZƏRBAYCAN MİLLİ XALQ QOŞUNUNUN TƏŞKİLİ

Milli silahlı qüvvələrimiz özlərinin ilk vəzifələrini müvəffəqiyyətlə yerinə yetirdilər. Azərbaycanın bütün şəhər və qəsəbələrində jandarm, polis və hərbi qüvvələri millətin iradəsi qarşısında silahlarını yerə qoydular. Milli hərəkatımızın haqq işi olduğuna iman gətirən dövlət məmurları və hərbçilər milli dövlətimiz (Milli Hökumətimiz – red.) ilə razılaşaraq bizimlə birlikdə oldular. Azərbaycan Milli Hökumətinin əhəmiyyətli işlərindən biri də milli xalq qoşunlarını təşkil etməsi idi. Bu məqsədlə Xalq Qoşunları Nazirliyinin təşəbbüsü ilə dekabr ayının 18-də “Şir və Xurşid” səhnəsində Azərbaycanın qəhrəman silahlı fədailərinin böyük iclası təşkil edildi. Xalq Qoşunları nazirinin müavini cənab Qulam Daneşyan nitq söyləyərək vətənimizin müdafiə tədbirləri haqqında Milli Məclisimizin qarşısında mühüm vəzifələr durduğundan və bu məqsədlə milli xalq qoşunlarının təşkilinin lazım gəldiyindən danışaraq bütün xalqımızı xalq qoşunları sıralaına dəvət etdi.

Ölkənin təhlükəsizliyini və asayişini təmin etmək üçün cənab Qulam Daneşyan fədailəri bir-biri ilə rəqabətlə rəftar etməyə dəvət  və yeni qurulan xalq qoşunlarının demokratik əqidələrini şərh edirdi. Silahlı fədai dəstələri hər cür fədakarlığa hazırdırlar və böyük həyəcan göstərirdilər.

İrticaın axırıncı məğlubiyyəti xalq qoşunumuzun yaxşı və möhkəm təşkilatlanmasından asılıdır.

Irtica belə tezliklə saziş etməyəcəkdir.

İrtica qəzetlərinin və mərkəzi dövlətin baş naziri Həkiməlmülkün nitqi bunu bizə aşkar bir surətdə deyir. İrtica dövlətinin gizli və aşkar planları da vardır və onların qarşısı demokratik qüvvələrin və xalq qoşunlarının möhkəm təşkilatları ilə alınacaq.

İrticanın görəcəyi işlərin, ziyankarlığının və müxalif ihərəkətlərinin qabağını xalqın doğma qoşunu ala bilər. Xalqımızın  doğma qoşunu və onun fədakarlığa hazırlığı Azərbaycan muxtaryiyyatını mərkəzi dövlətə tanıtdıracaqdır. Xalq Qoşunu Nazirliyi Azərbaycan cavanlarına və azadlıqsevərlərinə elan edibdir ki, xalq qoşunu sıralarına yazılsınlar. Xalq qoşunu azadlığa könüllü və azadlıq yolunda mübarizəyə hazır olan fədailərdən təşkil olunur. Bir neçə günün içərisində bir neçə yüz nəfər öz övladını xalq qoşunu sıralarına yazdırıblar. Xalq qoşunu fədailərinin çoxu irtica qoşununa getməyən cavanlardır. Xalq qoşunu dəstələri öz dissiplin və azadlıqsevərliyi ilə xalq arasında məhəbbət qazanırlar.

Bir neçə gün bundan qabaq ətraf və kənd fədai dəstələri şəhərə gəlib və münəzzəm surətdə getməsi şəhər əhalisinə böyük təsir bağışlayıbdır. Bir neçə gün bundan qabaq azadlığa müxalif olan idarələrdə indi millətin əksəriyyətinin nümayəndələri oturublar. Bu idarələri qoruyan fədailərə münasibətdə xalq arasında bir məhəbbət yaranır. Azərbaycanın azadlığını, muxtariyyatını və xalq azadlıqlarını müdafiə edən doğma xalq qoşunu təşkil olunur. Bu qoşun bir daha xalqın azadlığını boğmayacaq, bir daha irticanın əlində alət olmayacaq. Bu qoşun Azərbaycanın səadəti uğrunda fədakarləq edib gələcək tərəqqilərə sövq edəcəkdir.

Demokratik əsaslar üzərində qurulan xalq qoşunu artıq qüvvəlidir, çünki xalqa yaxın doğma bir qoşundur, çünki Azərbaycan xalqının iradəsi ilə təşkil olunub.

Yaşasın Azərbaycanın azadlığı və muxtariyyatı!

Yaşasın Azərbaycanın doğma xalq qoşunu!

Davud

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 84, 23 dekabr 1945-ci il

Şərhlər bağlıdır.