Vulkan – Qəhrəmanlıq medalı

Bayram günü medal alanların içərisində bir qoca fədainin də sinəsində “21 Azər medalı” parlayırdı. O, hədsiz sevinclə fəxr edərək döşünü qabağa verib medalını hamıya göstərmək istəyirdi. O mənə də əl verdi və mən onu təbrik etdikdən sonra diqqətlə medala baxdıqda məni nə qədər duyğular bürüdü! Bu medal aydın surətdə bir millətin azadlığı uğrunda qəhrəmanlığı göstərirdi. Bu medal xalqımızın sinələrindən başqa tariximizin qızıl səhifələrini də işıqlandırır, azadlıq və istiqaliyyətimiz uğrunda xalqımızın qəhrəmancasına mübarizə etməsi bu medalda nümunəvi surətdə görünür. “21 Azər medalı” daha artıq bu mənanı aydınlaşdırır və göstərir ki, xalqımız getdiyi yolu daha qayıtmayacaq və həmişə qabağa gedəcəkdir.

Milli bayrağımız igid fədailərin və milli qoşunumuzun başları üstündə əbədi olaraq yüksəlib və dalğalanacaq, xalqımız onun altında yeni qələbələrə və zəfərlərə nail olacaqdır. Bu medaldakı üç nəfər qəhrəmanda nə qədər şücaət və nə qədər möhkəm iman görünür. Bunlar millətimizin görkəmləridir. Eyni zamanda bunların irəli getmələri və vətənimizi müdafiə etmələri şəhidlərimizin ruhlarının böyük şadlığıdır.

“21Azər medalını” sinələrinə vurmağa nail ola bilməyən şəhidlərimizin qəbirləri də azad yurdumuzun sinəsində görkəmli və parlaq qəhrəmanlıq medallarıdır və onların unudulmaz xatirələri sinələrimizin içində əbədi sancılmış medallardırlar.
Biz bu medalları həmişə sinələrimizdə saxlayacağıq.

Yaşasın o analar ki, vətənlərinə belə fədakar qurbanlar fəda etmişlər!

“21Azər medalı” alan qəhrəmanlarımıza eşq olsun!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 159, 28 mart 1946-cı il

Şərhlər bağlıdır.