Politoloq: “Böyük güclər Ukraynadakı gərginlikdən sui-istifadə edir”

İti bucaqdan baxış

Tanınmış politoloq Fikrət Sadıqov Donbas və Ukrayna arasında yaranan gərginliklə bağlı vəziyyəti şərh edərkən “Reytinq” qəzeti ilə fikirlərini bölüşüb. Həmin söhbəti aktuallığına və orijinallığına görə azerbaycan-ruznamesi.org-ın oxucularına təqdim edirik.

“Donbas və Ukrayna arasında vəziyyətin gərginləşməsində ABŞ və Rusiyanın da təhrikedici rolu var. Əslində, Donbas da daxil olmaqla problemlər Ukraynanın daxili məsələsidir. Laki aparıcı ölkələr bu məsələdən öz maraqları üçün istifadə etmək istəyirlər. Bu dövlətlərin qarşıdurması indi Ukrayna ərazilərində özünü ifadə edir”. F.Sadıqov söhbətinə bu sözlərlə başlayıb.

O bu mərhələdə Ukraynanın Azərbaycan kimi öz ərazisini işğaldan azad edəcəyinə inanmır: “Sual oluna bilər niyə? Çünki Donbasın arxasında Rusiya dayanıb. Ukraynanın arxasında ABŞ dayansa və ona hər cür dəstək versə, bu halda regionda qanlı münaqişə baş verər. Amma düşünmürəm ki, vəziyyət bu həddə çatsın”.

Sadıqov əlavə edib ki, Azərbaycan 44 günlük müharibə zamanı Rusiyanı maksimum neytrallaşdırmağı bacarsa da, Ukrayna bunu edə bilmir. Onun fikrincə, Azərbaycan hətta bir sıra beynəlxalq təşkilatları da öz tərəfinə çəkməyi bacarmışdı: “Məncə, bunlar mühüm məsələlərdir. Hətta bizim arxamızda Türkiyə kimi müttəfiq dövlətimiz dayanmışdı və prosesin sonuna qədər yanımızda oldu. Ukraynada isə vəziyyət tam fərqlidir. Çünki burada söhbət iki güc – ABŞ və Rusiya arasındakı qarşıdurmadan gedir. Bizdə isə belə hal olmayıb. Əksinə, həm hərbi potensialımızı istifadə etmişik, həm də diplomatik sahədə peşəkar gedişlər etməklə böyük güclərlə bir araya gələ bilmişik. Ukraynada isə bu məsələlərin yoluna qoyulması olduqca problemlidir. Mən düşünürəm ki, Ukrayna bu işləri həyata keçirmək üçün hələlik danışıqlar xəttinə üstünlük verməlidir”.

Şərhlər bağlıdır.