“Azərbaycan” qəzetində fədailər silsiləsindən yazılar

Fədailərə verilən hədiyyələrin çatdırılması üzrə komissiyanın təşkili barədə 

Xalqımız tərəfindən fədailərə verilən hədiyyələr üçün cənab Şəbüstərinin rəhbərliyi altında Rəfii, Teymuri və Qiyami cənablarının üzvlüyü və Fəthi Xoşginabinnin katibliyi ilə “Azərbaycan” qəzetinin redaksiyasında bir komissiya təşkil olunmuşdur. Bu komissiya redaksiyaya gələn çoxsaylı təkliflərin nəticəsində və göndərilmiş hədiyyələrə görə təşkil olunmuşdur. Bundan sonra komissiya hər gün səhər saat 10-dan  günortadan sonra saat 1-ə qədər göndərilən hədiyyələri qəbul edəcəkdir və eyni zamanda hədiyyə verənlərin öz təkliflərinə uyğun olaraq verilən pullarla komissiya vasitəsi ilə fədailərə geyim və digər əşyalar alınacaqdır.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 119, 6 fevral 1946-cı il

 

Seyyid Əli Məhbubi

Azərbaycan milləti öz qəhrəman fədailərinə ümid gözü ilə baxır

“Fədai” sözü bir kəlmədir ki, xüsusi bir məqsəd və məram yolunda öz canından keçən adama aid olar. İnsaf üçün inkar etmək olmaz ki, bizim fədai qardaşlarımız əməl və imtahan ilə sübut etdilər ki, bu şərəfli adla fəxr etməyə layiqdirlər.

Azərbaycan xalqının məqsədli qiyamında, quldurluq əleyhinə başladığı mübarizədə və nəhayət, illər boyu ürəkdə qalan arzuları əməl mərhələsinə yetirməkdə fədai qardaşlarımız ən böyük və ağır bir vəzifəni ifa edibdirlər. Qışın soyuğunda, küləklər və tufanlar qabağında çöllərdə və dağlarda gecə-gündüz yuxusuz və çox vaxtlar da ac-susuz qalıb təhlükəni və ölümü aydıncasına bilə-bilə və görə-görə şərəflə ölməyi qarşılarına alıbdırlar.

Yenə də fadai qardaşlarımızın müntəzəm nizam-intizam altında etdikləri və dözdükləri zəhmətləri nəticəsindədir ki, Azərbaycan xalqı indiyədək görmədiyi və inanmadığı əmniyyətdə və asayişdə yaşayır və yaşayacaqdır. Qəhrəman fədailərin inanılmış və sübut olmuş cəsarət və dözümləridir ki, milləti əldə etdiyi azadlığı saxlamağa və əbədi səadətə yetişməyə ümidvar edir, gələcəkdə onlardan daha yüksək, daha böyük cəsarət və fədakarlıq gözləyir, onlara ümid gözü ilə baxır, onları ürəkdən sevir. Budur ki, bütün millət fədai qardaşlarımıza olan maraqlarını göstərmək üçün hədiyyə vermək istəyir. Millət hamısı, təkcə mülkədar və sahibkarlar eyil, eyni zamanda hər sinifdən olan, hətta, çox az gündəlik alan fəhlələr də sevgili fədailərə hədiyyə vasitəsi ilə maraq göstərməyə tələsir. Bununla da  yəqin olur ki, az bir müddətdə millət hamısı bu milli vəzifədə iştirak edib fədailərə hədiyyə edəcəkdir. Bu maraqdır bizim düşmənlərimizi lərzəyə salan, bu birlikdir qəddar mürtəceləri dizə çökdürən. Bəli, çünki qəhrəman fədailərə bütün millətin sonsuz marağı vardır. Millət hamısı diqqət göstərmək istəyir. Bu halda təkcə Təbriz şəhərində hədiyyə qəbulu üçün komissiya təşkil etmək millətin hamısına imkan verə bilməz və uzaq şəhərlərdə, qəsəbələrdə və kəndlərdə olanlar bu iftixarı dərk edə bilməzlər. Lakin, əgər bu əməldə fərmandarlara (qubernatorlara – red.), bəxşdarlara (rayon başçılarına – red.) və komitə sədrlərinə səlahiyyət verilsə, bütün azərbaycanlılar cəsur fədailərə diqqət göstərməyə imkan tapa bilər. Bu milli vəzifədə bütünı vətəndaşlar iştirak edə bilər. Bunu da mərkəzdəki komissiyadan gözləmək olar. Qoy Azərbaycan düşmənləri bütün azərbaycanlıların birliyinə və yüksək ruhiyyəsinə inansınlar və qəhrəmanlar yurdunun cəsur millətinin sarsılmaz iradəsinə iman gətirsinlər.

Yaşasın qəhrəman fədailər və onları ürəkdən sevənlər.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 124, 12 fevral 1946-cı il

 

Fədailərin əməliyyatları haqqında

Kəndlərdə yaranmış fədai dəstələri dövlətin birbaşa əmri ilə nadürüst ali rütbəli jandarm məmurları tərəfindən Azərbaycan kəndlərini bürümüş faciələrə və cinayətlərə bir reaksiyadır.

Biz dəfələrlə bu məsələni istər “Azərbaycan” qəzetində, istər rəsmi məktublar vasitəsi ilə, istərsə də məsul nümayəndələr tərəfindən jandarmeriya başçılarının qulağına və prokurorluğa çatdırmışıq. Təəsüflər olsun ki, cəlladlar öz alçaq məqsədlərinin icrasına o qədər başları qatışıbdır ki, bizim sözlərimiz onlara təsir etməmişdir və onlar öz əməliyyatlarını kəndlərdə gündən-günə daha çox şiddətləndirmişlər.  Nəhayət, insanların səbr kasası doldu. Sadə bir hərəkətlə jandarmeriyanı kəndlərdən qovdular və bununla da öz mallarını, canlarını və varlıqlarını qorumağı birbaşa öhdələrinə götürdülər.

Silahlı fədailərin miqdarı haqqında bizim dəqiq məlumatımız yoxdur, yalnız onu bilirik ki,  Azərbaycanın bütün kəndliləri fədailərin tərəfdarıdırlar və silah tapsalar, mütləq fədai dəstələrinə qoşulacaqlar.

Fədailərin silahları haqqında rabitəsiz söz-söhbətlər çoxdur. Lakin bizim araşdırmalarımıza görə onların çoxu şəhrivər hadisələri zamanı[1] bəzi zabitləriin xəyanəti nəticəsində və onların canlarını qorumaq üçün yerə tökdükləri silahları toplamaqla belə bir gün üçün gizləyib saxlamışdılar.  Bir səyahətçi danışır ki,  Miyanə şəhərinin fədailərinin qərargahında minə qədər köhnə üçaçılan və beşaçılan tüfəng müşahidə etmişdir. Kəndlilər bu silahları torpağın altından çıxartmışlar, onları silib təmizləmişlər. Eyni zamanda təhlükəsizlik idarələrinin tüfəng və silahları da fədailərin əlinə düşmüşdür. Ən gülməlisi isə torpaq sahiblərinin dövlətdən alıb əkinçilərə verdiyi silahlardır. Onlar bu silahları almışdılar ki, kəndliləri itaət altında saxlasınlar. Lakin bu silahlar onların əleyhinə işləndi.

Bütün hallarda fədailərin sayı gündən-günə artır. Bunlar Ərdəbildən başlayaraq Marağaya qədər geniş yayılmışlar.

Səyahətçilər xüsusən Sərabın gözətçi fədailərini tərifləyirlər.

Ümumiyyətlə fədailərin dövlət orqanları ilə,  həm də insanlar ilə işləri yoxdur, lakin kəndlilərlə pis rəftar etmiş jandarmlardan və mülkədarlardan intiqam alırlar. Hətta eşitmişik, bu yaxınlarda heç intiqam söhbəti də arada yoxdur. Yalnız tüfəngi onların əllərindən alıb onları buraxırlar və deyirlər ki, hara istəyirsən çıx get. Mürtəce ünsürlərin buraxdıqları əcaib və qəraib nəşrlərə görə güya, onlar kəndlərdə qorxu və iztirab yaratmışlar. Lakin demək lazımdır ki, fədailərin olduqları yerlərdə tam asayiş hökmranlıq edir. Hətta oralarda bitərəf insanlar belə cənab general Derəxşanının yaratdığı vəziyyətdən daha asudə və daha rahat yaşayırlar.

[1] 25 avqust 1941-ci il tarixində Sovet qoşunlarının İrana daxil olduğu zaman və  ölkədə baş verən hadisələr nəzərdə tutulur. 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 64, 27 noyabr 1945-ci il 

 Toplayıb təqdim edəni: S.Bayramzadə

Şərhlər bağlıdır.