21 AZƏR HƏRƏKATINDAN DOĞULANLAR: POLKOVNİK ƏHMƏD ŞƏFAİ

İNQLAB VƏ ELM FƏDAİSİ

Əhməd Şəfai 1912 – ci ildə anadan olmuşdur. O, orta təhsilini Tehranda almış, sonra ali hərbi məktəbə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdir. 1945 – ci ilə qədər İranın müxtəlif əyalətlərində silahlı qüvvələrdə xidmət etmişdir.
Əhməd Şəfai hərbi xidmətdə olarkən şahlıq üsul – idarəsinin xalqa zidd qanunlarına qarşı mübarizə aparmaq məqsədi ilə İran Xalq Partiyasının sıralarına daxil olmuşdur. Mütərəqqi zabitlərə qarşı aparılan təqiblər ilə əlaqədar Əhməd Şəfai də 1945 – ci ilin noyabr ayında Azərbaycana gəlmiş və 21 Azər hərəkatının qələbəsində iştirak etmişdir. Yeni yaranmış xalq qoşunlarının tərkibində xidmət göstərmişdir.
O, Milli Hökumət tərəfindən yaradılmış hərbi məktəbdə müəllim işləmişdir. AMH Əhməd Şəfainin xidmətlərini nəzərə alıb onu ” 21Azər” medalı və sərhəng ( polkovnik ) rütbəsi ilə təltif etmişdir.
Azərbaycsn Milli Hökuməti imperializmin köməyi ilə 1946 – cı ilin axırında şah rejimi qüvvələri tərəfindən məğlub edildikdən sonra Əhməd Şəfai də ailəsi ilə birlikdə Sovet Azərbaycanına pənah gətirmişdir. Ömrünün sonrakı illərini Azərbaycan Dövlət Universitetində fars dilinin tədrisinə həsr etmiş, eyni zamanda elmi tədqiqat işləri ilə də məşğul olmuşdur.
Əhməd Şəfai 1954 – cü ilin fevral ayında fars dilinin qrammatikasından dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi adı almışdır.
1962 – ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, inqlab və elm fədaisi idi. Fars dilinin qrammatikası üzrə çoxlu sayda dərsliklər və proqramlar qələmə almışdı. O, təqribən 30 il dövlət universitetində fars dilini tədris etmiş, tanınmış şərqşünas alimlərin yetişməsində müstəsna xidmətlər göstərmişdi.
Əhməd Şəfai 1980 – cı ildə ailəsi ilə birlikdə İrana getmiş və orada 1993 – cü ildə vəfat etmişdir.
Güləddin İsmayılov

Şərhlər bağlıdır.