1946-cı ildə Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhərində nəşr olunan orqanı “Azərbaycan” qəzetinin səhifələrində 9 May alman faşizmi üzərində qələbə gününə aid silsilə yazılar və şeirlər dərc olunub. Şərqşunas alim, dosent Səməd Bayramzadə həmin nümunələri saytımızın izləyicilərinə təqdim edir.
Yaşasın 9 May demokratik millətlərin faşizm üzərində apardıqları şərəfli mübarizələrin qalibiyyət günü
Bəşəriyyət hələ də faşizmin bütün dünya üzərində yaratdığı qanlı faciəni unutmayıbdır. Bir vaxt işğalçı Alman qüvvələri öz hökmranlığını dünya üzərində həyata keçirmək üçün bütün millətlərin azadlığını təhdid edərək heç kəsə rəhm etmədən öz militarizminə güvənərək ölkələrə basqın edirdi.
Hitler rasizm məsələsindən istifadə etməklə irqçilik nəzəriyyəsini önə çəkib almanların ağalığını bütün ölkələrə tətbiq etmək istəyirdi.
Sovet ölkələrinə hücum edərək şəhərləri, kəndləri yandırdı, aradan apardı.
Qalib gəldikləri yerlərin millətləri mütləq bir əsarət altında qalıb təhlükəyə doğru gedirdilər.
Axırda bu qalib qüvvə müttəfiq millətlərin qarşısında diz çökdü.
Müttəfiq millətlərin qalibiyyəti çox da asanlıqla olmamışdır. Sovet ölkələrində Alman qüvvələri əleyhinə aparılan mübarizələr tarixin ən şərəfli səhifələrində qeyd olunmağa layiqdirlər. Qeyri hərbi (partizan) mübarizlərin Alman qüvvələrinə vurduqları sarsıdıcı zərbələr, cəbhənin arxasında alimlərin, qocaların, cavanların etdiyi fəaliyyətlər və sovet xalqının minlərlə fədakarlığı sayəsində Alman faşizmi məğlub edildi.
Bir vaxt sinələrinə qumbara bağlayıb tankların altında yatan Sovetin qoca qadınları möhkəm bir imanla faşizm qüvvələri ilə mübarizə edərək hər yerdə, bütün nöqtələrdə hitlerçilərin vəhşi əməllərindən qorxmayıb öz əməllərindən çəkinmədilər…..
Axırda 9 mayda qalibiyyət bayrağı Berlin üzərində sancıldı. Bu qalibiyyətin ən mühüm hissəsi yalnız Sovet xalqlarınındır. Bu qalibiyyət sovetlərin milyonlarla qurbanlıqları sayəsində əldə edilmişdir. Sovet dövləti müharibədə ayaqları şikəst olanlar üçün Amerika fabriklərində 2 milyon süni (protez – red.) ayaq düzəldilməsini sifariş vermişdir.
Xilaskar Sovet millətləri yorulmayıb ən çətin şərtlərdə ölümlərindən qorxmadılar. Düşmənin müvəqqəti qalib qüvvələrinin qarşısında dayandılar və axırda onları diz çökdürdülər.
Bu qalibiyyət Sovet ölkələrinin ədalətli rejiminin verdiyi tərbiyə sayəsində idi. Həmin müqəddəs məram altında tərbiyə almış qızıl əsgərlər öz müvəqqəti məğlubiyyətlərindən naümid olmadılar, dünyanın məzlum xalqları böyük dahi Stalinin rəhbərliyi sayəsində şanlı müvəffəqiyyətlərə nail oldular.
Bəşəriyyət Sovet İttifaqının qəhrəman millətlərinə və habelə faşizm əleyhinə mübarizə aparan müttəfiq millətlərin cəbhələrdə şəhid olmuş qəhrəmanlarına borcludur.
9 may dünyanın məzlum xalqlarının qalibiyyət günüdür. Bu gün məzlum xalqlar öz qüdrətlərinin mayasından ilham alaraq şərəfli bir qalibiyyət əldə edib Alman faşizmini qeydsiz və şərtsiz təslim etdi.
Yaşasın 9 may demokratik millətlərin həqiqi qalibiyyət günü!
Yaşasın bəşəriyyətin azadlığı uğrunda cəbhələrdə şəhid olmuş qəhrəmanlar!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 194, 9 may 1946-cı il
***
Səməd Səbahi: Bütün xalqlar bayramı
Bəşəriyyət tarixində elə əziz günlərə təsadüf edilir ki, bütün mütərəqqi bəşəriyyət o günlərdə qüssə və qəmlərini sevinclə bölüşürlər.
Bu günlərin ən əzizi xalqın özünə məxsus olan bayramları və istilaçılar üzərində zəfər çaldığı günlərdir.
Lakin tarixdə elə bayramlara təsadüf edilir ki, bu bayramlar ümumixalq təntənəsinə, xalqın qələbəsinə çevrilir.
Belə ümumixalq bayramı xüsusiyyəti daşıyan əziz günlərdən biri də 9 May günüdür.
20-ci əsrin cinayətkarlar dəstəsi olan hitlerçilər, mənfur nəzəriyyələrinə istinad edərək dünyanı qan dənizində qərq etmək cəsarətində bulanaraq bütün dünyada yaşaya xalqları çıxılmaz fəlakətlərə sövq etdilər.
Almaniya faşizmi tərəfindən istila məqsədi üçün başlanmış İkinci dünya müharibəsinin davam etdiyi 68 ay müddətində dünyada yaşayan bütün xalqların həyatında sağalmayan yaralar açdığına hamı şahiddir.
Avropadakı müvəqqəti qələbədən məst olmuş Hitler Yaxın Şərq planlarını yerinə yetirmək üçün xəyanətlə qonşusu olan böyük Sovet İttifaqı ölkələrinə basqın etdi.
Hitlerin quduz orduları işğal etdikləri ölkələri talan edərək dinc əhali üzərində müdhiş işgəncələr tətbiq edirdilər. Onlar bəşəriyyət dühalarının yaratdıqları mədəniyyəti məhv edirdilər. Xalqları kölə halına salmaq üçün murdar vasitələrə əl atırdılar.
Avropanın almanlar tərəfindən işğal olunmuş ölkələrində, xüsusən sovetlər ölkəsinin şəhər və qəsəbələrində alman faşistlərinin törətdikləri alçaq xəyanətlər dünyada yaşayan sülhpərvər xalqları sonsuz əzab və iztirablar çəkməyə vadar edirdi. İkinci dünya müharibəsi nəticəsində dünyada yaşayan bütün xalqların həyat və yaşayışını təhdid edən iqtisadi böhran bütün dəhşətilə gündən-günə kəskinləşirdi. Hitlerçilər Avropada Sovet İttifaqı əleyhinə apardıqları qəsbkarlıq müharibəsində əldə etdikləri müvəqqəti qələbədən qürurlanaraq, həyasızlıqla bütün dünyada yaşayan xalqlara meydan oxuyaraq, Almaniya imperializminin ağalığını bərqərar etmək üçün son qüvvələrini səfərbərliyə alaraq hər şeyi müharibə xidmətinə göndərirdilər.
Beləliklə bütün dünyanı fəlakət, ölüm, aclıq, dilənçilik, səfalət təhdid edirdi.
Müharibənin ən şiddətli vaxtlarında Sovet, İngilis və Amerika dövlətləri arasında bağlanan dostluq müqaviləsi Hitlerin “təkləmə” siyasəti üzərində ilk qələbə idi. Lakin hitlerçilər bu müharibə dövründə bəşərin ümumi düşməni olan faşistlər əleyhinə mübariz bir cəbhədə birləşmiş müttəfiq dövlətlərin aralarında yaranan əməkdaşlığı fitnə-fəsad yolu ilə pozacağına güman edərək törətdikləri qanlı mübaribəni həyasızlıqla davam etdirərək mübaribəni udacaqlarına inanırdılar.
Lakin tarixin təkəri geri dönməzdir. Faşizmin iyrənc mahiyyətini bütün çılpaqlığı ilə dərk edən xalqlar müharibənin amansız dəhşətlərindən yaxa qurtamaq üçün müttəfiq dövlətlər ətrafında birləşərək düşmənimiz olan faşizm təhlükəsi ilə ölüm-dirim mübarizəsinə qoşularaq bəşəriyyət tarixində misli görünməmiş qəhrəmanlıq xarüqələri göstərdilər.
Sovet qoşunlarının Almaniya hərbi qüvvələrinə vurduğu sarsıdıcı zərbələr bütün sülhpərvər xalqlar tərəfindən alqışla qarşılandı. İki cəbhə məngənəsində çapalayan və can verən hitlerçilər Şərqdən qızıl ordunun, Qərbdən müttəfiq dövlətlərin hərbi qüvvələrinin amansız zərbələri nəticəsində diz çökməyə məcbur edildi.
Mütərəqqi bəşəriyyət bu dəqiqələrdə müharibənin tez qurtaracağı ümidi ilə yaşayır və bu tarixi günün tez gəlməsini gözləyirdilər. Qəhrəman Qızıl ordu Avropanın işğal dairəsində olan dünya əhəmiyyətli əsas mərkəzləri aldı, Almaniya imperializminin pislik mağarası olan Berlin üzərinə hücuma keçdi.
Ən şiddətli mübarizələrdən sonra Qızıl ordu və müttəfiq qoşunları Almaniyanın quduz ordularına Şərqdən və Qərbdən bu zaman sarsıdıcı zərbələr endirməklə vahid cəbhədə birləşdi. Sülhpərvər xalqların intizarla gözədikləri şanlı tarixi gün gəldi yetişdi.
Alman silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olmaları haqqında Berlində imzalanmış akt bütün sülhpərvər xalqların təntənəli bayramına çevrildi. Beləliklə Avropa qanlı müharibədən xilas oldu.
Bu əziz günü, may ayının 9-nu indi bütün sülhpərvər xalqlar kimi Azərbaycan xalqı da bu tarixi günü hər zaman iftixarla yad edəcəkdir. Xalqımız bu il 9 may qələbə bayramını demokratik dövlət quruluşu şəraitində qarşılayır.
Bu qələbə günündə xalqımız qəhrəman Qızıl orduya və faşizm üzərində qələbələrin təşkilatçısı, dahi sərkərdə, Sovet siahlı qüvələrinin Ali baş komandanı generalissimus Stalinə öz minnətdarlığını bildirməyi özünə şərəf bilir.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 194, 9 may 1946-cı il
***
Əli Tudə: “Stalin yaratdı əmin-amanlıq”
(9 May Qələbə Günü münasibətilə)
Bu gün lalə kimi qızarır səhər
Qızıl don geyinir mavi üfüqlər.
Döyür qapıları baharın yeli
Bayram müjdəsilə oyadır eli
Budur, gözlədiyin 9 may gəlib
Tarixin zinəti gözəl ay gəlib
Hər yerə baxırsan əlvan görünür
Sanki təbiət də cavan görünür
Bəzən şirin-şirin danışır xəyal
Deyir: sən şairsən, yaxşı nəzər sal!
Gör bu şəfəq nədir? Qızartı qədər!
Bu gün asimanda, şair, nədir?
Bu rəngi o nədən alıbdır, nədən?
Günəş ki, çıxmamış hələ yerindən
Keçir nəzərimdən yenə Moskva
İlham mənbəyidir mənə Moskva
Bu gün təntənə var Qızıl meydanda
Ötür dəstə-dəstə qız da, oğlan da
Bu əsrin bəxtiyar, şən insanları
O sovet yurdunun qəhrəmanları.
Döşlər medallarla doludur – dolu!
O cəbhə nişanı, zəfər simvolu
Qanlı vuruşlardan bir yadigardır
Onda qələbənin mənası vardır
Fələklər eşidir muzik səsini
Zəfər ordusunun təranəsini
İnsan dalğasını tutmayır şəhər
Odur, mikrofonda görünür rəhbər
Qaldırır sağ əlin ellər ustadı
Süzür, salamlayır coşğun parade
Sonra məhəbbətlə gülür gözləri
Hamını cəlb edir dahi sözləri
Hər yandan baxışlar dikilir ona
Şanlı azadlığın bayraqdarına
Gəl əziz oxucum! Yaxından tanı!
Böyük sərkərdəni, baş komandanı
Odur məzlumların halına yanan
Odur dərdlilərin dərdini anan
Odur insanlığı, həyatı sevən
Ana sevgisilə övladı sevən
Odur könüllərin həmdəmi, eşi
Göyün kəhkəşanı, yerin günəşi
Onun döyüşlərdə keçdi gəncliyi
Ömründə olmadə əslən dincliyi
Onu düşündürdü elin fəryadı
Gündüz dincəlmədi, gecə yatmadı
O gücü, qüdrəti Lenindən aldı
Öz dogma yurdundan, elindən aldı
Bu dahi sərkərdə, bu sadə insan
Söylədi, əgər ki, dünyada isan
Amansız olmasa zalıma qarşı
Qurumaz gözlərdən bahar yağışı
Ayağında çəkmə, əynində şinel
Əlində al bayraq, arxasında el
Ordular dağıtdı, cəbhələr yardı
Məzlum mullətlərə həyat apardı
Odur bu dünyada sülhün dayağı
Önündə diz çökdü qəsbkar yağı
Qərbində, Şərqində quldur dəstəsi
Ölüm bayquşunun kəsildi səsi!
Stalin yar oldu bəşəriyyətə!
Stalin yol acid bu səadətə!
Stalin yaratdı əmnü-amanlıq!
Onundur bu hünər, bu qəhrəmanlıq!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 196, 12 may 1946-cı il
Şərhlər bağlıdır.