“AZƏRBAYCAN” QƏZETİ 1946-CI İLDƏ FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏDƏN YAZIRDI

FAİQ: YENİ BİR MÜVƏFFƏQİYYƏT

Çərşənbə günü may ayının 9-da (1946) şəhər komitəsinin klubu bir həyəcan içərisində idi. Qadınlar və qızlar kluba doğru axın edib gəlməkdə idilər. Hamının simasında bir sevinc və şadlıq əlaməti təcəssüm olunurdu. Bu gün Azərbaycan xanımlarının 3-cü konfransı açılırdı.

Salon dolmuşdu. Hamının gözü bir nöqtəyə dikilmişdi. Bu zaman qadınlar klubunun sədri xanım Daniş tribunaya çıxıb alqışlarla qarşılandı. Konfransı açmaq üçün xanımlardan müvəqqəti sədr seçmələrini istədi. Hamı bir səslə xanım İlhamini sədrliyə qəbul etdilər.

Konfransı açdıqdan sonra xanım Qadiriyə söz verildi. “Qadının vətəndaşlıq hüquqları” haqqında böyük çıxış etdilər. Dəfələrlə onun nitqi gurultulu alqışlarla kəsilirdi.

Sonra cənab doktor Həştrudiyan 9 may qələbə gününün əhəmiyyətindən danışaraq Azərbaycan qadınlarının gələcəkdə böyük müvəffəqiyyətlər əldə etmələrini arzu etdi.

Bundan sonra 7-ci homənin (firqənin rayon komitəsinin – red.) sədr müavini Səmədzadə “Azərbaycan dili” haqqında böyük məruzə etdilər. O, nitqində tarixi dəlillərlə Azərbaycan dilinin zəngin olmasını sübut edirdi.

Yenə də böyük alqışlar ucaldı. Azərbaycan qadınları və qızlarının iftixarı olan şairə Mədinə xanım (Gülgün – red.) dəfələrlə alqışlar arasında yazdığı “Yeni həyat” şeirini oxudu. Şadlıq hər tərəfi bürümüşdü.

Bu zaman xanım Zəri İnsafı sürəkli alqışladılar. O, qadınların ictimai əxlaqı haqqında çıxış etdi. Yenə də ura səsləri ətrafı bürüdü.

8 yaşlı Əkbər Məhəmmədzadə şeir oxudu. Onun sonda “Rəhbərimiz demişdir, biz yolumuzdan dönmərik. Öldü var, döndü yoxdur!” sözlərini deməsi bir daha ura səslərinə səbəb oldu.

Nəhayət, şəhər komitəsinin təbliğat şöbəsinin müdiri Rəhim Cadniku sözə başladı: “Mən şəhər komitəsi tərəfindən sizin 3-cü Azərbaycan qadınlar konfransını səmimi qəlbdən təbrik edirəm (arası kəsilməyən alqışlar). Azərbaycan qadınları, qəhrəman analar, bacılar! Siz böyük iftixar etməyə haqlısınız. Çünki Səttarxan, Bağır xan və Xiyabanilər sizin oğullarınızdırlar. Bu günkü azadlığımızın, xüsusən də qadınların həqiqi hüquqlarının əldə edilməsinə səbəb olan xalqımızın sevimli atası cənab Pişəvəri də sizin oğlunuzdur. Siz buna görə də iftixar etməlisiniz.”

Beş dəqiqədən sonra qocaman artist və yazıçı Əsədinin “Molla bacı məktəbi” komediyası göstərildi. Bu tamaşa siyasi və ictimai baxımdan böyük əhəmiyyətə malikdir. Tamaşaçıların nəzər-diqqətini 8-9 yaşında qızların və uşaqların öz rollarını təbii halda oynamaqları cəlb edirdi. Tamaşa alqışlarla davam edirdi. Bunu da qeyd etmək lazımdır ki, artıq balaca uşaqlar və qızlar Milli Hökumətimizin yaratdığı yeni həyatda öz istəklərinə nail olurlar.

Budur, qocaman artistlər, şairlər, yazıçılar keçmiş irtica dövlətinin təzyiqi nəticəsində həqiqi sənətlərindən əl çəkib məyus olmuşlarsa da, indi artıq milli dövlətimizin sayəsində öz arzularına nail olurlar. Cənab Əsədini təbliğat şöbəsinin müdiri təbrik etdiyi zaman o, böyük ruh yüksəkliyi ilə deyirdi: “Mən artıq siz deyən kimi qocaman deyiləm, mən bu xoşbəxt həyatda özümü cavan hesab edirəm. Əvvəllərdə özümə ölüm istəyirdim halda, indi isə çox yaşamaq arzusundayam. Milli dövlətimizə və xalqımıza minnətdaram.”

Onun sözləri orada olan qadınlara və kişilərə böyük təsir etdi. Həqiqətən bu həyatda hamı çox yaşamaq arzusundadır. Tamaşa qurtarmışdı. Lakin qadınlar oranı tərk etmək istəmirdilər. Balaca qızlar, gəlinlər, qoca qadınlar bir-birinə söz verirdilər ki, milli dövlətin onlara verdiyi həqiqi azadlığı son nəfəslərinə qədər saxlayacaqlar.

Konfrans “Yaşasın azad Azərbaycan qadınları!”, “Yaşasın Azərbaycan oğlunun böyük atası Pişəvəri!” şüarları ilə alqışlanıb qurtardı.

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 197, 13 may 1946-cı il

Mədinə Gülgün: Zəfər bayramı                  

9 may! Bu günü tanıyır hamı,

Budur ən müqəddəs zəfər bayramı.

Azadlıq carçısı, o qızıl ordu,

O gün al bayrağı Berlinə vurdu.

Üzü ağ qayıtdı öz vətəninə,

O, müzəffər çıxdı döyüşdə yenə.

Bir nicat qapısı açdı bəşərə

Günəştək şəfəqi düşdü hər yerə.

Vuruşdu cəbhədə mərd mərdana

Çünki göz dikmişdi ona mərd ana

Yurdunun əmrinə o etdi əməl

Qaranlıq göylərə qaldırdı məşəl.

Əgər düşdüsə də qara, borana

Lakin əyilmədi azğın düşmana

O dedi: And olsun qızıl bayrağa

And olsun Leninə! Ana torpağa

Bir damcı qanımız qalanacaq biz

Qoymarıq yağıdan bir nişan, bir iz,

O məzlum elləri azad elədi,

Darda qalanlara imdad eylədi.

Sındı dəmir qəfəs, dəyişdi həyat,

Oxuyan quşlar da açdılar qanat

Bu günəş doğdu ki, dağıldı duman,

Onun tellərindən nur aldı cahan.

Günəş kim olduğun bilibdir hamı

Çünki hər ölkədə var ehtiramı.

Göydə günəş sönsə, o günəş sönməz,

Adı tarixlərdən heç vaxt silinməz.

Körpə uşaqdan da soruşsanız siz,

Deyir, Stalindir o da şübhəsiz.

Dillər əzbəridir Stalin adı,

Bu adla ucalır hər elin adı.

Yaşa öz ordunla, ey əziz rəhbər!

Sənindir bu bahar, bu aydın səhər!

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 200, 16 may 1946-cı il

 Təqdim etdi: S.Bayramzadə

Şərhlər bağlıdır.