Tanınmış şərqşünas alim, saytımızın fəal müəlliflərindən olan Vidadi Mustafayevin Azerbaycan-ruznamesi.org-a təqdim etdiyi hər iki yazı mayın 15-də qələmə alınıb. Birincisi İranda 12-ci prezident seçkilərinə namizədlərin təbliğat kampaniyasının getdiyi, ikincisi isə 4 il sonra yazılıb. Yəni 13-cü prezident seçkilərinə namizədlərin qeydə alınmasının başa çatdığı gündə. Bu materialları ona görə sizlərin mühakimənizə təqdim edirik ki, oxuyub qənaətə gələsiniz- bu 4 ildə nə isə dəyişibmi, yeni seçki hər hansı demokratik prosesin başlanğıcına təkan verəcəkmi? Biz inanmırıq, fərqli fikriniz varsa sizinlə bölüşməyə hazırıq.
Azerbaycan-ruznamesi.org
QALİBAF NAMİZƏDLİYİNİ NİYƏ GERİ GÖTÜRDÜ…
İranda 12-ci prezident seçkilərində prezidentliyə namizəd, sepahın keçmiş komandirlərindən, Məşhəd şəhərindən, etnik kürd, 2005-ci ildən Tehran bələdiyyəsinin başçısı M.B.Qalibaf bu gün, 15 may 2017-ci il tarixində namizədliyini geri götürərək təbliğat kampaniyasına son qoydu.
Qalibaf bu gün Təbrizədə çıxış etməli idi. O, teledebat zamanı təəccüblənərək demişdi ki, Ruhaninin etnik və dini azlıqların hüquqları ifadəsini işlədəndə nə demək istədiyini başa düşmür, çünki vətəndaşın hüququ ola bilər.
Qalibaf öz tərəfdarlarını “səmərəsiz” hazırki hökumətə qarşı duran “İnqilabi qüvvələr”in əsəs namizədinə, yəni sepah və mühafizəkarların əsas nümayəndəsi olan, son bir ildə İmam Rza məqbərəsi-kompleksinin icraçı direktoru, keçmiş “dördlərdən ibarət edam qrupu”nun (1988-ci ildə təşkil edilmişdi) üzvü, sonrasında isə yüksək vəzifələrdə çalışmış, Ali rəhbərin yerlisi (yəni Məşhəddən) olan, şəcərəsi həm ana, həm də ata tərəfdən imamlar nəslinə gedib çıxan ərəb mənşəli Seyid İbrahim Rəisiyə səs verməyə çağırmışdır.
S.İ.Rəisi birdən xalq adamı, populizmin yeni üzü kimi çıxış etməklə özünü kimsəzlərin, işsizlərin, fəhlələrin, başsız qalmış (dul) qadınların “danışan dili” adlandırır. O, Həsən Ruhaniyə irad tutaraq demişdir ki, kürdlərə dil azadlığını Ruhanimi verdi? Azadlığı Allah verib, Əsas qanun (Konstitusiya – V.M.) da kürdlərə ana dilindən və milli geyimdən istifadə etməyə icazə verir. Hökumətin borcu həmin hüququ təmin etməkdir.
Amma İran TV-nin hesabatına görə, S.İ.Rəisi 13 may tarixində Təbrizdə olarkən nədənsə azərbaycanlılara nə ayrıca etnos kimi müraciət edib, nə də onların milli hüquqlarından danışıb. Bir sözlə, o, “Azərbaycan xalqı” ifadəsini işlətməyib.
15 may tarixində Təbrizdə olmuş Ruhani isə gəlişi gözəl söz kimi də olsa, azərbaycanlıları türk adlandırıb, türk dilini tərifləyib. Ruhani tərəfdarları fotolar yerləşdirərək Rəisinin tərəfdarlarının onun görüşünə avtobuslarla adamlar yığdıqlarını vurğulayırlar. Ruhani də xalqa müraciət edərək onların geriyə qayıtmalarınınmı tərəfdarı olduğunu soruşmuşdur. Ruhaninin Təbrizdəki bu çıxışından belə görünür ki, qələbəsinə tam əmin deyil. Amma milli münasibətlərdə tutduğu mövqedən asılı olmayaraq, onun qalib gəlməsi islahatçı adlandırılan qüvvələrin, mədəni-məişət sahəsində azadlıqların genişlənməsi tərəfdarlarının, eləcə də milli qüvvələrin marağına cavab verir. Çünki onun ikinci dövr prezidentliyi dövründə mövcud azadlıqların qorunub saxlanacağını güman etmək olar.
Digər tərəfdən S.İ.Rəisinin əsas dayağı Sepahdır. Əgər Rəhbərin Sepahdan tam asılı olmaq istəmədiyi ehtimalını qəbul etsək, onda Rəisinin qələbə imkanı zəifdir, yox əgər Rəhbər ilə Sepah arasında ittifaq varsa, onda seçkilərin nəticəsini birmənalı demək çətin olardı. Belə ki, orta və yuxarı təbəqə nümayəndələri həmişə olduğu kimi islahatçıya və ya mühafizəkar islahatçıya səs verəcək, aşağı təbəqələr isə mühafizəkarların nümayəndəsinə səs verirlər.
Əsas məsələ Rəhbərliyin mövqeyidir. Hələlik Rəhbərliyin mövqeyində Ruhaniyə/islahatçılara münasibətdə ciddi dəyişiklik hiss olunmur.
Digər tərəfdən artıq formalaşmış ənənəyə uyğun olaraq bir nəfər dalbadal iki dəfə prezident seçılmışdir. Yəqin ki, həmin ənənə bu dəfə də pozulmaz.
Vidadi Mustafayev,
15 may 2017-ci il
İ.RƏİSİNİ, Ə.LARİCANİNİ… HANSI TALE GÖZLƏYİR?
İranın “inqilabçı” qüvvələrinin bir aya yaxın iltimasından sonra nəhayət ki, Məhkəmə hakimiyyətinin rəisi ayətulla İbrahim Rəisi 13-cü prezident seçkilərində iştirak etməyə razılıq verərək gələcək namizədlərin qeydə alınması üçün ayrılmış vaxtın sonuncu, beşinci günü qeydiyyatdan keçmişdir.
Şərti olaraq “islahatçı”adlandırılan keçmiş spiker Əli Laricani də sonuncu gün qeydiyyata alınmışdır. Amma İ.Rəisidən fərqli olaraq, ona heç kim yalvarıb yaxarmamışdır. O indi bir növ Rəisiyə az-çox rəqib ola biləcək fiqur kimi nəzərdən keçirilir.
Ə.Laricani, necə deyərlər, “zəif halqa” olsa da seçicilərin seçkilərdə nisbətən fəal iştirakına yardım etməlidir. Yoxsa, seçkidə tanınmış islahatçı olmadan, islahatçı təbəqənin seçkidə iştirakını təmin etmək o qədər də asan deyil. Mərcəi-təqlidin oğlu olan Əli Laricani, Məhkəmə hakimiyyətinin keçmiş rəisi, hazırda Məsləhət Şurasının sədri və namizədlərin səlahiyyətini təsdiq edən əsas orqan olan Nigəhban Şurasının üzvü olan qardaşı Sadiq Laricanı ilə birlikdə rejimdən ən çox fayda görən ailələrdən birini təmsil edirlər. Ona görə ona islahatçı demək çətin görünür. Amma bir məsələ var ki, o müəyyən çərçivə daxilndə yaxşı funksionerdir, tapşırıqların öhdəsindən pis gəlmir. Bununla belə xalq arasında o qədər də nüfuzu yoxdur.
Vidadi Mustafayev,
15 may 2021-ci il
Şərhlər bağlıdır.