BU GÜN BEYNƏLXALQ MUZEYLƏR GÜNÜDÜR

GÜNEYDƏ DƏ TARİXİ ABİDƏLƏRƏ SAHİB ÇIXILMALIDIR

Azerbaycan-ruznamesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə – Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.

Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub. Qarabağ azaddır. İndi dövlətin üzərində qədim abidələrin bəpası kimi qlobal vəzifə dayanmaqdadır ki, həmin abidələrimizə ikinci həyatın veriləcəyi şəksizdir. Çünkü Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı var.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Milli-mənəvi sərvətlərimizi, zəngin irsimizi özündə qoruyub saxlayan muzeylər xalqımız, onun tarixi keçmişi və bugünü barədə əyani təsəvvürlərin, bilgilərin formalaşmasında müstəsna əhəmiyyət daşıyırlar. Təəssüf ki, biz bu doğma münasibəti Güney Azərbaycanımızdakı muzeylərə, ümumiyyətlə tarixi abidələrə münasibətdə qənaətbəxş görə bilmirik. Saytımızda da bu ögey baxışlara münasibətə etirazlar ifadə edən yazılar vaxtaşırı təqdim olunur. Əminik ki, buna da nə vaxtsa son qoyan tapılacaq.

Saytımız Beynəlxalq Muzeylər günü üçün nəzərdə tutulan yazıları sizlərə təqdim edir.

Şərhlər bağlıdır.