Nyu York Müasir Sənət Muzeyində Pikassonun 1221 əsəri var, amma xalqa cəmi 24-ü nümayiş etdirilir.
Azerbaycan-ruznamesi.org Axar.az-a istinadən xəbər verir ki, dünyanın ən məşhurlarından hesab olunan Teyt, Met və MoMa muzeylərində izləyicilərə təqdim olunan əsərlərin sayı qurumların sahib olduğu ümumi əsərlərin sayından qat-qat azdır. Xalqa nümayiş olunmayan əsərlər isə xüsusi qaranlıq anbarlarda saxlanılır.
Məsələn, Teyt Qalereyası sahib olduğu əsərlərin yalnız 20 faizini, Luvr muzeyi 8 faizini, Berlin muzeyi isə yüzdə iksini xalqa sərgiləyir.
Bunun ən böyük səbəblərindən biri muzeylərin yer problemidir. Həmçinin müasir sənətlə ayaqlaşmağa çalışan muzeylər dəbdə olan və dövrümüzə daha yaxın olan tabloları nümayiş etdirməyə çalışır. Bəzi muzeylər nümayiş etdirmədiyi əsərləri öz şəxsi anbarlarında saxlayarkən, bəzilıri bunun üçün muzeydən kənarda yerləşən gizli ünvanlardan istifadə edir.
Lakin hazırda muzeylər daha çox əsərin nümayiş olunması üçün böyük bir cəhdlə çalışır. Bu səylərin birincisi tabloların internet vasitəsilə xalqa nümayiş olunmasıdır. Bəzi museylər isə öz anbarlarını xalqa açıq elan edib böyük əsərləri izləyicilərə təqdim etmək fikrindədir.
Azerbaycan-ruznamesi.org “BBC Culture”ə istinadən bəzi gizlədilən əsərlərin siyahısını təqdim edir:
Albrext Dürer – “Dovşan” (1502) Albertina muzeyi, Vyana
Dürerin sulu boya və quajla kağız üzərində işlədiyi məşhur əsəri “Dovşan” Vyananın qeyri-rəsmi talismanı hesab olunur. Bu əsər hər üç aylıq sərgidən sonra kağızın xarab olmaması üçün 5 il müddətində qaranlıqda və havanın nəmliyinin 50 faizdən aşağı olduğu bir şəraitdə saxlanılır. Ən son 10 illik aradan sonra 2014-cü ildə qısamüddətlik nümayiş olunmuşdu.
Əsərin yenidən sərgilənməsi 2018-ci ilə planlaşdırılır.
Anri Matiss – “Hovuz” (1952) Müasir Sənət muzeyi (MoMa), Nyu York
Matissin Nays kəndindəki evinin qonaq otağı üçün kağız üzərində işlədiyi bu əsərini Nyu York Müasir Sənət muzeyi 1975-ci ildə alıb, amma 20 il ərzində nümayiş etdirməyib. İllər keçdiyi üçün kağız saralıb, rənglər bir-birinə qarışıb. Bu səbəbdən əsər restavrasiya olunub və yalnız 1995-ci ildən sonra nümayiş etdirilib.
Cekson Pollok – “Qızıldərili qırmızısı üzərində divar rəsmi” (1950) Tehran Müasir Sənət muzeyi, Tehran
İran şahı Rza Pəhləvinin hakimiyyətinin son dövrlərində şahzadə Fərəh Pəhləvi müasir günümüzdə qiyməti milyard dollarla ölçülən bu əsərlə maraqlanır. Başda Pikasso, Pollok və Varhol olmaqla, müasir tablolar alınaraq 1977-ci ildən İran inqilabının olduğu 1979-cu ilə qədər Tehran muzeyində nümayiş olunub. İnqilabdan sonra bu əsərlər qərbə aid olduğu üçün nümayiş olunan əsərlər sırasından çıxarıldı.
Kuratorlar sözügedən əsərləri xüsusi nəzarət və mühafizə altında anbarlarda saxlamağa başladı.
“Ərdəbil xalçası” (1520–1530) Viktoriya və Albert Muzeyi, London
Ərdəbil xalçası Viktoriya və Albert muzeyi ziyarətçilərinin ən sevdiyi əsərlərdən biri, bəlkə də, birincisidr.
Xalçanın rənglərinə və materialına ziyan gəlməsin deyə, xalça bir saatda yalnız 10 dəqiqə nümayiş olunur.
Bələdçi
Şərhlər bağlıdır.