MUZEYİMİZDƏ ƏFŞARLARA VƏ QACARLARA AİD MATERİALLAR DA QORUNUR VƏ ÖYRƏNİLİR

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Azərbaycan və Şərq tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, o cümlədən Əfşarlar və Qacarlar dövrünə aid xeyli material qorunur. Məsələn, Təsviri materiallar fondunda XVIII əsrin sonu – XX əsrin əvvəllərində İranı və Azərbaycanı idarə etmiş Əfşarlar və  Qacarlar  sülaləsini əks etdirən müxtəlif rəsm əsərləri saxlanılır. Fondda Nadir şahın (1736-1747) və onun Dağıstan və Şimali Azərbaycana səfərini əks etdirən rəsm əsərləri, Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın, Fətəli şah Qacarın portretləri, I Rusiya-İran müharibəsinin ağır döyüşlərini əks etdirən “Fətəli şah Qacar rus generalını öldürür” miniatürü, Fətəli şahın oğlu, Azərbaycan hakimi, vəliəhd Abbas Mirzənin və oğlu Bəhmən Mirzənin əks olunduğu rəsm əsərləri, Məhəmməd şah Qacarın və Nəsrəddin şahın öz əyanları ilə birlikdə əks olunduğu rəsm əsərləri, Müzəffərəddin şah Qacarın görkəmli Azərbaycan xeyriyyəçisi H.Z.Tağıyevlə birlikdə əks olunduğu fotoşəkil saxlanılır. Qeyd edək ki, Qacar hökmdarları adətən paytaxtı Təbriz olan Azərbaycan əyalətinin hakimləri olmuş vəliəhdlərdən seçilirdi.

Həmçinin muzeyin Neqativ fondunda XX əsrin əvvəlində Qacar hakimiyyətinə qarşı konstitusiya uğrunda mübarizə aparmış İran məşrutə inqilabının azərbaycanlı liderləri – Səttar xanın, Bağır xanın və məşrutəçilərin əks olunduğu fotoşəkillərin fotoneqativləri qorunur. O cümlədən Etnoqrafiya fondunda Səttar xanın əks olunduğu, üzərində “Sərdari-milli külli Azərbaycan” yazılmış xalça da mühafizə olunur. Muzeyin Neqativ fondunda Qacarlar dövrü təkyəsində, mərsiyə mərasimində mərsiyəxan dərvişin əks olunduğu neqativ də saxlanılır.

S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan “Azərbaycan” qəzetinin nüsxələri də Muzeyin Sənədli mənbələr fondunda qorunur. 1945-1946-cı illərdə Təbrizdə dərc olunan qəzetin sonrakı nəşrləri ADF-nin məğlubiyyəti səbəbilə Bakıda buraxılmışdır. Bunlar, qəzetin 1947-48-ci illərdə çapdan çıxmış 128 saydan ibarət məcmusudur. Qəzetdə Səttar xan, Xiyabani kimi azərbaycanlı inqilabçılar, həmçinin şah rejiminə qarşı mübarizə haqqında məqalələr nəşr olunurdu. Qəzet İran və Azərbaycan tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.

Deyə bilərik ki, muzeydə qorunan materiallar XIX-XX əsrin əvvəlləri İran və Azərbaycan tarixinin tədqiqi baxımından böyük əhəmiyyət daşıyır və tədqiqatçıları yeni elmi araşdırmalara sövq edir.

Əli Fərhadov,
muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.