“GÜNEY AZƏRBAYCANDA İNSAN HAQLARI” MÖVZUSUNDA SEMİNARLAR

Tədbirlər 1 xordad 1385 (22 may 2006) qiyamının ildönümünə həsr olunub

Əziz oxucular, “İran” qəzetinin azərbaycanlıların milli kimliyinin təhqirinə yönələn yazısına etiraz edən 100 minlərlə soydaşımız 1 xordad 1385-ci ildə (22 may 2006) küçə yürüşlərinə çıxdılar. “Haray, haray, mən türkəm!”, “Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!”, “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır!”, “Ana dilində mədrəsə, gərək olsun hər kəsə!” şüarları ilə islami rejimin milli ayrıseçkilik siyasətinə qəzəblə etirazlarını bildirdilər. Bu qiyam milli azadlıq tariximizə həkk olunmaq haqqı qazandı.

Qiyamın birinci ildönümü ərəfəsində xüsusilə İsveçdə keçirilən “Güney Azərbaycanda insan haqqları” mövzusunda seminar daha mütəşəkkilliyi ilə diqqəti çəkdi. Sonra daha iki il Stokholmda mayda belə tədbirlər düzənləndi. Hər dəfə də məruzəçi qismində çıxış edən tanınmış inqilabçı, jurnalist və publisist Abdulla Əmir Haşimi Cavanşirin təhlilləri geniş müzakirələr doğurdu. İndi qiyamın baş verdiyi gündə həmin məruzə ilə tanışlıq oxucularımız üçün maraqlı olardı.

Azerbaycan-ruznamesi.org

 Məruzəçi: Abdulla Əmir Haşimi Cavanşir

– Sayın seminar iştirakçıları,

Sizləri səmimi salamlayaraq və Stokholma təşrif gətirən hörmətli qonaqlara xoş gəldiniz – deyərək, əziz tədbir təşkilatçılarına təşəkkürümü bildirirəm. Sayın soydaşlar, məncə, mövzusu Güney Azərbaycanda insan haqları olan seminarda, Güney Azərbaycanda insan haqları, bu haqların İran rejimi tərəfindən tapdalanması, Güney Azərbaycana aid daxildə və xaricdə mövcud təşkilatlar tərəfindən həmin haqların əldə edilməsi yolunda aparılan istibdad şəraitində fəaliyyətlər, metodlar və effektləri, görülən işlər və alınan nəticələri, güneylilərin həmin haqları əldə etmə yolunda enişli-yoxuşlu mübarizə tarixinə bir qısa baxış və sair məqamlar haqqında danışmaq lazımdır. Lakin mən bu barədə söhbət açmaq istəmirəm və bunları digər sayın məruzəçilərin ixtiyarına buraxıram. Amma Güney Azərbaycanda insan haqlarının bugünədək əldə edilməməsinin səbəbi və onun özünəməxsus iqtisadi və siyasi maneə və amillərindən, nəticədə Güney Azərbaycanda siniflərin müttəfiq mübarizəsinin zəif olmasından qıssaca söhbət açacağam.

Güney Azərbaycanda siniflərin müttəfiq mübarizəsinin zəruriliyindən bir neçə kəlmə danışmaq istərdim. Siniflərin müttəhid olması istər-istəməz Güney Azərbaycanda fəaliyyət göstərən müxtəlif sinifləri nümayəndəlik edən təşkilatların müttəfiq və müttəhid cəbhəsinin yaranması zərurətini ortaya çıxarır. Güney Azərbaycanda rejim tərəfindən insan haqlarına riayət olunmadığı üçün, yəni bəyan və mətbuat azadlığı, təşkilatlar azadlığı, mitinq və etiraz azadlığı olmadığı bir yerdə də təşkilatların yaranmağı mümkün deyil və onların birgə fəaliyyətinə də şərait yoxdur. Nəticədə Güney Azərbaycanda xalqımız gündəlik qanuni və əməli fəaliyyət və öz hüquqları üçün mübarizədən məhrumdurlar və bu məhrumiyyəti aradan qaldırmaq üçün xalqımız, kül altında olan köz kimi birdən-birə vulkana çevrilir.

Keçən ilki 22 May qiyamı, həmin vulkanlardan biri idi ki, özü yandı, ancaq rejim onu söndürdü. Güney Azərbaycanda insan haqları mövzusunda seminarın keçirilməsi son qiyamın ildönümü ərəfəsinə təsadüf edir. Həmin qiyamda bir çox Güney azərbaycanlılar canlarını itirmişlər, şəhid olmuşlar. Bir çox azərbaycanlı qadın və kişilər İran İslam Respublikasının polis orqanlarının vasitəsilə həbs olunmuşlar və hələ də azadlıqdan məhrumdurlar.  Bir çoxları da iş və imkanatlarını əldən verib yenidən Güney Azərbaycandan didərgin düşməyə məcbur qalmışlar.

Mən fürsətdən istifadə edib, həmin qiyam iştirakçıları ilə öz həmdərdliyimi bildirirəm və şəhid ailələrinə başsağlığı verib, bir daha xatırladıram ki, bu qanlar yerdə qalmayacaq. Gün gələcək Güneydə yaşayan xalqımız öz insan haqlarını əldə edəcəklər. O gün həmin şəhidlərin və zərərçəkənlərin xatirələri və gördüyü işləri, səsləndirdikləri “Haray, haray, mən Türkəm!” kimi şüarları, xalqımız tərəfindən tariximizdə dönüş nöqtəsi anı kimi layiqincə qiymətləndiriləcəkdir. İnanıram ki, həmin gün uzaqda deyil. Güney Azərbaycan dedikdə, İran adlanan yerdə yaşayan, əksəriyyətini türklər təşkil edənlər nəzərdə tutulur. Onlar da Azərbaycanın parçalanmış torpaqlarında – əsasən bugünkü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Mərkəzi ustanlarında, Tehran, Ərak və Qum şəhərlərində yaşayırlar. Güney Azərbaycan türklərinin, Xorasanda, İsfahanda, Kirmanda, Rəştdə, Sarıda və başqa bölgələrdə kiçik və böyük icmaları var. Təbii ki, türkmən xalqı və qaşqailərdən bu gün söhbət getmir. Belə ki, onlar özlərinə məxsus türk boylarıdır. Sözsüz ki, Azərbaycanda dini və etnik azlıqlar da yaşayırlar, kiçik-böyük icmaları var və onların da insani haqlarını qorumaq, Azərbaycan türklərinin üzərinə düşür.

 Hörmətli seminar iştirakçıları,

Bildiyiniz kimi, güney türkləri, minillərboyu öz dil və milli ənənələrini qoruyub  saxlaya bilmişlər və bununla yanaşı, qədim tarixə malikdirlər. Bizlərin, ta qədimdən məbədgahlarımız, kitabxanalarımız, musiqilərimız, din və peyqəmbərlərimiz, elm ocaqlarımız olmuşdur. Qadına hörmət, uşağa izzət və yardım, gündəlik həyatımızdan, atalar sözlərindən bizə yadigar qalmışdır. Ata-analarımız, əcnəbilərin hücumuna qarşı vuruşmuş, öz dillərini və adət-ənənələrini yaşatmış və bugünədək gətirib çıxarmışlar. Nümunəsi ulu qəhrəmanımız Babəkin qiyamıdır ki, 1200 il bundan əvvəl istilaçıları və ərəbləşməyə qarşı baş vermiş bir üsyan idi.

Keçən ilki qiyam həmin mübarizənin davamı və farslaşmağa qarşı, Güney şəhərlərində – Təbrizdə, Ərdəbildə, Zəncanda, Sulduzda və Tehranın müəyyən hissələrində baş vermiş hərəkat idi. Yəni, azərbaycanlıların təhqirinə və onların haqlarının tapdalanmasına qarşı geniş bir etiraz idi. Görünür ki, güneylilər uzun illər öz varlıqlarını qoruyub saxlamaq üçün uzun və enişli-yoxuşlu yollar keçmiş, və bu yolda böyük dövlətlər qurmuşlar – Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətləri, məhz bizim torpaqlarımızda əjdadlarımız tərəfindən yaranan dövlətlər olmuşlar. Fəqət əjdadlarımızın qurduğu dövlətlərin varisi 80 ildən bəri istismarçı qüvvələrin köməyi ilə farslar olmuşdur, özü də şovinist növündən. Hansı ki, İran adlanan yerdə yaşayan xalqları, zülm, sitəm və əritmə siyasətinə məruz qoyaraq, onların insani haqlarını tapdalamağa, qadın və uşaq hüquqlarını pozmağa, güclü bir vasitə olmuşdur.

Baxmayaraq ki, oyaq güneylilər vaxtı ilə bunun qarşısını almağa çalışmışlar. Bir tərəfdən rus və ingilis istismarçılarına qarşı, digər tərəfdən isə özümüzünkülərin istibdadına qarşı mübarizə aparmışlar. Onlar Məşrutə Hərəkatı kimi millətləşmə və demokratikləşmə yolunda inqilabı meydana gətirmişlər. Orada qanunun aliliyini, qadın-kişi bərabərliyi və milli azadlığı birinci konstitutiyada əks etdirmişlər. XX əsrin əvvəllərində Məşrutə Hərəkatı, rus və ingilis imperiyalarına qarşı təşkil olunan milli və demokratik hərəkat idi və azərbaycanlılar tərəfindən aparılırdı. Burada istismarçı qüvvələr hərəkatı öz imperiya mənafelərinin əsasında yönəltməyə müvəffəq oldular. 1299-cu ilin isfəndində kudeta yolu ilə İngiltərə əlaltısı olan Rzaxanı və himayəçilərini hakimiyyətə gətirdilər.

Həmin illərdən başlayaraq, güneylilərin dövlətləşmə prosesi dayandı, qurduqları minillik dövlətləri əllərindən alındı, millətləşmə və demokratikləşmə prosesləri ancaq farsların millətləşmə və dövlətləşmə prosesinə çevrildi. Bu prosesdə vahid İran, vahid millət, vahid dil məsələsi təbliğ olundu. Başqa sözlə desək, panİranizm ideyası panfarsizm möhtəvası ilə rəsmi dövlət siyasətinə çevrilib, həyata keçirildi. Paniranizm İranı fars məmləkəti, yəni Persia adlandıraraq, fars dilini İranın vahid dili elan edir, başqa dilləri qadağan edir, məktəb və idarələrdə farsca danışmayanları cəzalandırır, bununla da fars olmayan xalqların, xüsusən azərbaycanlıların milli varlıqlarını inkar edir. Bu siyasət indi də ümmətçilik və panislamizm formasında davam edir.

Panislamizm də xalqları və onların mədəniyyətini inkar edir və bütün xalqların dil və milliyyətlərini çalışır ki, islam bayrağı altında məhv etsin, aradan aparsın, vahid islam ümməti yaratsın. Əlbəttə bu siyasətin, yəni şahid olduğumuz son 80 il ərzində İranda yaşayan qeyri-fars millətlərə qarşı aparılan qeyri-insani, ziddibəşəri bir siyasətin kökünü bir neçə amildə axtarıb tapmaq olar. İsfənd kudetası niyə qalib gəldi, Məşrutə Hərəkatı niyə məğlub oldu, Azərbaycan türklərinin dövlətləşmə prosesi niyə dayandırılıb əlindən alındı və yaxud düzgün desək oğurlandı, onların insani və milli-mədəni demokratik haqlarının pozulmasına hansı daxili və xarici qüvvələr yardım etdi? Fars şovinizm ideyası kimlərin əli ilə meydana çıxdı və bu siyasət, dövləti bir siyasətə nə səbəbdən çevrildi və gündəlik özünü qeyri-fars millətlərin həyatında necə əks etdirməyə çalışdı? Əsasən fars şovinizmi və panfarsizm nə deməkdir və nə kimi bir şovinist siyasətdir, yaxud bu şovinist siyasəti mədəniyyətə və digər xalqların həyatının hansı faktorlarına təsir edir? Əsas qüvvəsini harda təmərküzləşdirir və qeyri-fars millətlərin belə bir şovinist siyasətə əksül-əməlləri nədən ibarətdir? Bu  kimi sualları ətraflı cavablandırmaq üçün geniş vaxta ehtiyac var. Ancaq qısaca tarixi zəmin haqqında demək olar ki, sərmayədarlıq sisteminin qalib gəlməsi və onun inkişafı, milli dövlətlərin yaranması, milli bazarın ortaya çıxması üçün əsas  amil idi.

Vahid milli bazarın dövlət vasitəsi ilə mühafizə olunması və milli sərmayədarlığın xarici sərmayədarlıqla rəqabətinin qarşısında qorunması, onu hərtərəfli inkişaf etdirməyə şərait yaradılması, bir prosesdə Avropada özünü göstərdi. Amma şərq ölkələrində, o cümlədən bizim ölkədə, əsrimizin əvvəllərindən başlanan millətləşmə və demorkratikləşmə, klassik milli dövlət və milli bazarın yaranması ilə nəticələnmədi. Bizim ölkədə mal və sərmayə maneəsiz istismarçı ölkələr tərəfindən daşındı. Daxili sərmayə vasitəsilə birləşib, bir dəllal vasitə sistemini yaratdı. Bu da feodal sistemində yaşadığımız dövrdə qurulan feodal dövlətimizin inkişafına və milli dövlətə çevrilməsinə yox, başqa millətin əlinə keçməsinə yardım etdi.

Sərmayə, dil və milli mənsubiyyətindən asılı olmayaraq bir növ dəllal sərmayəyə çevrildi. Azərbaycanın coğrafi mövqeyi Rusiyada oktyabr inqilabının qələbəsi və Güney Azərbaycan yolu ilə Avropaya gedən ticarət yolunun bağlanması, Pəhləvi sülaləsinin Azərbaycanda milli sənayenin inkişafına süni maneələr yaratması ilə Azərbaycan sərmayəsi İranın mərkəz və cənub məntəqələrinə köçürülərək, işçi qüvvəsinin Tehrana və digər məntəqələrə köçürülməsinə şərait yaratdı. Bu da Azərbaycanda milli təşəkkülü ləngitdi və milli dirçəlişin qarşısını aldı. Bir sözlə desək, milli dirçəlişi yubatdı. Dəllal sərmayə sahibləri millətimizə xəyanət etdi və xalqımızın milli hərəkatını başsız buraxdı. Elə ona görə də milli hərəkatımızda həmişə ona başçılıq edən zəhmətkeş təbəqələr və orta təbəqə olmuşdur. Şeyx Məhəmməd Xiyabani tərəfindən Azərbaycanda fəaliyyət edən Azərbaycan Demokrat Firqəsi yarandı və bu qüvvələr siyasi təşkilat kimi Azərbaycan xalqının milli hərəkatına rəhbərlik etdi.

Xiyabanidən sonra Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yarandı. Azərbaycanda milli-demokratik nehzətə rəhbərlik etdi. Xalqımızı hakimiyyətə çatdırdı. Bu hakimiyyət bir il ömür sürsə də, tariximizdə böyük iz buraxdı, Azərbaycanda milli şüurun meydana gəlməsi, təşəkkül tapması üçün dönüş nöqtəsi oldu.

Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi hərəkat yıxıldıqdan sonra Azərbaycan burjuaziyası yenə də milli bayrağını qaldırmadı və mərkəzi dövlətlə birlikdə milli hərəkata xəyanət etməyə səy göstərdi. Fars şovinizminin təcavüzkar mövqeyini dəstəklədi, ona şərait yaratdı. Beləliklə, Azərbaycanımızda əritmə siyasəti prosesini sürətləndirməyə kömək etdi. Pəhləvi rejimi yıxıldıqdan sonra, Azərbaycanımızda hərəkatın dirçəlməsinə islam rejimi tərəfindən maneələr törədild. Azərbaycanlılar bu rejimin başçıları və ya yüksək vəzifə sahibləri olsalar da Azərbaycan üçün heç bir iş görmədilər. Bundan əlavə milli hərəkatın qarşısını aldılar. Azərbaycan sərmayəsi yenə də Azərbaycandan kənarda fəaliyyət göstərdi və Azərbaycan kəndlisi Azərbaycandan uzaqlarda fəhləlik etməyə məcbur oldu. Bir sözlə desək, komprador sərmayə azərbaycanda milli şüurun və milli hərəkatın yüksəlməsinə mənfi təsir göstərdi, Avropanın  XVIII və XIX əsrlərdə yaşadığı həyatı ilə fərqlənərək, Azərbaycanımızda milli məsələnin dirçəlməsində özünəməxsusluq meydana gəldi. Bu müxtəsər də olsa iqtisadi səbəbdən ibarət idi. Dediklərim Azərbaycanda haqlarımızı əldə etmək yolunda və milli hərəkatın qələbəsinə özünəməxsus maneələrdən biri idi.

Güney Azərbaycanda insan haqlarına qarşı siyasi maneədən də söz açmaq istərdim. XVIII və XIX əsrlərdə, istismarçı qüvvələr başqa ölkələrdə olduğu kimi, bizim ölkədə də xalqları köləliyə və istila altında saxlamağa çalışırdılar. Təəssüf ki, bu dövrlərdə, bizim də xalqımız və dövlətimiz olan Qacar istismarın təsiri altında olub. Xalqımızın oyanışı, XX əsrin əvvəllərində, Məşrutə inqilabında başlanır. Məşrutə Hərəkatı 1906-cı ildə başlayaraq iki mərhələdən ibarət, 1911-ci ilədək davam etdi. Əsasən Məşrutə Hərəkatı və tənzimat inqilabının baş verməsi, türk xalqlarının Qacar və Osmanlı imperatorluqlarının zəif olduğu və xalqlarının gündəlik tələblərinə cavab verməməsi səbəbindən meydana gəldi. Məşrutə Hərəkatı qacar istibdadına qarşı, Qacarın avropa və rus istilası altında yaşadığı istismarı və boyunduruğu qəbul etməyən bir ziddi-istismari hərəkat idi. Bu, millətləşmə və demokratikləşmə – milli-demokratik hərəkat idi. Eyni zamanda bu hərəkat feodal sistemə qarşı  bir inqilab idi, yeni bir dövlətçiliyi meydana gətirmək üçün bir üsyan idi. Bu yeniliyi tələb edən xalqımızın istəklərindən sui-istifadə edən həm xarici imperiya, həm Rza şah, özünü yeni İran atası adlandıraraq fars şovinist ideyası ilə meydana çıxdı. İngiltərənin dəstəyi ilə kudeta vasitəsi ilə hakimiyyətə gəldi. Hökümətə gələn gündən Məşrutə Hərəkatının nailiyyətlərini aradan aparmağa çalışdı. Bayaq qeyd etdiyimiz kimi, vahid millət, vahid dil adı ilə şovinisti fikirlərini başqalarının formullaşdırdığı kimi həyata keçirməyə çalışdı və fars şovinizmi ideyasını, dövləti siyasətə çevirdi. Elə bir fars şovinizmi ki, özü xarici imperiyaların vasitəsi və nökərliyi ilə formalaşmışdı. Bu ideyanın özəyi bundan ibarətdir ki, güya iranlılar mərğub ariyayi nəjadından əmələ gəliblər və digər vəhşi və qeyri-mütəməddin xalqlar və qəbilələr tərəfindən hücuma məruz qalıblar. Bu barbarlar yunanlardan, ərəblərdən, moğullardan, əfqanlardan və osmanlılardan ibarətdir. Güya ki, həmin təmiz ariyayi nəjadlar bu qəbilələr və tayfaların hücumuna məruz qalandan sonra Kuruş və Daranın torpaqlarının bir hissəsini əldən veriblər və fars nəjadında və fars dilində bir sıra naxalisliklər yaradıblar.

Fars şovinizminin nəzərincə, azərbaycanlılar və İranda yaşayan digər qeyri-fars xalqları ancaq ariyayi nəjadın bir hissəsidirlər. Özlərinə məxsus dilləri, mədəniyyətləri, tarixləri yoxdur və bəlkə nəjad cəhətindən əslən farslardırlar ki sonra dilllərini unudublar. Yəni fars dilini unudublar və başqa dillərdə danışırlar. Beləliklə ariyayi nəjadın əsil torpağı olan güya İran ancaq Ahuramazda tərəfindən farslara verilibdir və başqa İranda yaşayan xalqlar bir qüvvə olaraq xəyanətkarlardırlar qədim İran sivilizasiyasını məhv etmək istedadına malikdirlər. Buna görə ki, İran dağılmasın bir təmərküzlü və çox avtoritet bir hökümətə daima ehtiyac var. O da güclü orduya malik olmalıdır ki, qeyri-fars xalqların başının üstündə dayansın.

Fars şovinizminin ideyasına əsasən, qeyri-fars millətlərin mədəniyyət və dillərini inkişaf etdirmək, İrana və fars dilinə xəyanət hesab olunur. Çünki qeyri-fars millətlərin dilləri inkişaf edərsə, milli dirçəlişin qarşısı alınar və İran zəifləyər. Milli zülmü aradan qaldırmaqla İran, İranistana çevrilər. Beləliklə qeyri-fars millətlərin haqları olmamalıdır öz dil, mədəniyyətlərini öyrənib inkişaf etdirsinlər, bu sahədə çalışsınlar və ana dillərində yazıb oxuyub məktəb qursunlar, yaxud milli dövlətlərini yaratsınlar. Yəni farslar, hətta özlərinin istifadə etdikləri hüquqlardan qeyri-fars millətlərini məhrum sayırlar. Beləliklə qeyri-fars millətlər ancaq mühacir kimi İranda yaşamalıdırlar və müstəcir ömür sürməlidirlər-öz sahibxanaları qarşısında heç cürə əqidələrini söyləməyə ixtiyarları olmadan.

Fars şovinizmini həyata keçirənlər çalışırlar ki, İranda yaşayan millətlər arasında kin, nifrət yaratsınlar, onları təhqir etsinlər, iqtisadi sahədə ayrıseçkilik və aparteid siyasətini gücləndirsinlər. Bu şovinizm xalqlar arasında təfriqəni genişləndirmək üçün təkcə xalqlar arasında kin, nifrət yox, bəlkə şəhərlər, məhəllələr, hətta kəndlər arasında bu kini və nifrəti yaradır, onların arasını vurur, beləliklə insanlar arasında sülh, bərabərlik, qardaşlıq, əməkdaşlıq əvəzinə düşmənçilik, təfrəqə, dava və gərginlik törədirlər. Onlar bu sahəyə sərmayə buraxır, müxtəlif idarələr və dövlət orqanları gizli və açıq şəkildə bu sahədə fəaliyyət  göstərirlər.

Həm şah dövründə və həm indiki islami rejim şəraitində uzun bir prosesdə düşünülmüş şəkildə, qanuni və qeyri-qanuni yollarla qeyri-fars millətləri və qeyri-fars əhalisini təhqir etməyə, biri-birinin canına salmağa sistematik formada bunları zülm altında saxlamağa, bədbinlik yaratmağa çalışılır. Onları ana dillərində təhsil almaqdan məhrum etməklə bərabər, gigiyen servislərini aşağı saxlamaqla, işsizliyi və narkotik maddələri onların içində yaymaqla, və yaxud qeyri-fars məntəqələrdə iqtisadi dirçəlişə, iqtsadi sərmayələrin buraxılmasına maneə törətməklə və farslara üstünlük verməklə farsnişin yerlərdə yeni iş imkanlarını yaratmaqla, qeyri-fars millətlərin inkişafının qarşısı alınır və onların insan haqlarına zərrəcə rəayət edilmir. Onları insana yox, uzunqulağa, tarakana və böcəyə oxşadırlar. Qeyri–fars qadın və uşaq əhalisi-o cümlədən azərbaycanlılar, qeyri-fars kişilərdən bir neçə qat daha artıq təhqir və ayrıseçkiliyə məruz qalırlar. Bu siyasəti rəsmiləşdirmək üçün filmlər çəkir, radio və TV verilişləri aparır, qəzetlər buraxırlar. Müxtəlif nümunələrdə qeyri-fars millətlərinin nümayəndələrini təlxək, ağılsız, savadsız, işsiz, bacarıqsız, ləyaqətsiz adlandırır, onları lağa qoyaraq daha ruhdan salmağa, təhqir etməyə çalışırlar. Daha dəqiq desək, onları böyük şəhərlərdən uzaqlaşdırmağa mədəniyyət sahəsində, sivilizasiya karvanının inkişafı yollarında qarşılarına maneələr yaratmağa çalışırlar. Fars, panfarsizm və ya fars şovinizmi siyasəti yeridənlər, o zamanda İranda yaşayan xalqların öz milli-mədəni hüquqlarını qoruyub saxlamağa heç bir ixtiyarları yoxdur və onlara hər tərəfdən təzyiqlər edilir, lakin özünü Avropa və Amerikaya yaxınlaşdırmaq və onların dəstəklərini qazanmaq üçün hər iki tərəfə yaltaqlıqla imtiyazlar verməyə həmişə can atırlar. Bir surətdə ki, qeyri-fars millətlər o cümlədən azərbaycanlılar ana dillərində yazıb oxumaqdan məhrumdurlar, İran rejimi həm şah dövründə və həm də indiki dövrdə, ingilis dilinin öyrənilməsinə və ya TV və radio kanallarının açılmasına, yaxud onlarla inteqrasiyaya geniş miqyasda sərmayə buraxılmasında həmişə səxavətlidirlər.

Xatırlatmaq istərdim ki, fars şovinizmi qeyri-fars millətlərin əsasən dil və mədəniyyətinə hücum etməklə həmin xalqların dilini məhv edir və yaxud onları fars dilinin bir ləhcəsi və sair kimi tanıtdırırlar. Çalışırlar bu dilləri və yaxud onların dili ilə desək bu “ləhçələri” məhv etsinlər və aradan aparsınlar.

Onlar fars dilini azərbaycanlıların ikinci dili də hesab etmirlər. Bəlkə onu azərbaycanlılara ana dili kimi sıramağa çalışır və məktəblərdə izin vermirlər ki, fars dilindən başqa bir dil də tədris olunsun və danışılsın. Qeyri-fars millətlər, o cümlədən güneylilərin əksəriyyəti, belə bir ziddi-insani siyasətə qarşı mübarizə yolunu seçirlər. Lakin bir iddə də özlərini təhqir olmuş hesab edib və nəhayət fars şovinizminin toruna düşür. Ona görə ki, daha təhqirdən, tohindən öz yaşadığı ana-ata yurdlarında özlərini yad saymasınlar farslaşmağa tərəf hərəkət etməyə çalışırlar. Özlərini bu siyasətə uyğunlaşdırmağa, farslaşmağa və haqlarından keçməyə hazır olurlar. Ana dillərini unutmağa, öz tarixlərini unutmağa, öz mədəniyyətlərinə biganə qalmağa, bəzən ata-baba yurdlarını tərk edib mühacirət etməyə çalışırlar.

Əsas yol isə bundan ibarətdir ki, rejimə və fars şovinizminə qarşı mübarizə edib öz milli heysiyyatını qoruyasan, öz insani haqlarına, ayıq-sayıq ata-ana yurduna sahib çıxasan, onun tarixinin, mədəniyyətinin, dilinin, adət-ənənələrinin keşiyində dayanasan. Onları qoruyacaq strukturları yaratmaq, öz milli dövlətini yaratmaq, və milli iqtisadiyyatına fikir verib planlar müəyyənləşdirmək və nəhayət müstəqil bir insan, müstəqil və azad bir xalq kimi yaşamaq yolunu tutmaq lazımdır.

Düzdür fars şovinizmi çalışır ki, həmin deforma olmuş insanlardan daha artıq istifadə etsin, hətta öz şovinist siyasətlərində bir vəsaitəyə çevirsin. Bu cəhdlər yolunda kimsə fars dilində danışırsa gərək mütləq ləhcəsiz ola, özü də Tehran ləhcəsində danışarsa daha yaxşı olar, qəbul olunar. İran rejiminin son hədəfi ondan ibarətdir ki, müti mühit yaratsın. Fars dilini azərbaycanlılara ana dili kimi qələmə versin, azərbaycanlılar, Azərbaycan dili, Azərbaycan mədəniyyəti, təhqir ediləndə, onlar heç bir reaksiya göstərməsinlər. Təbii ki, bu, şah rejiminin ürəyində qaldı. İran islam rejimi də məqsədinə çata bilməyəcək. Keçən ilki, “Haray, haray, mən Türkəm!” şüarı 22 may azərbaycanlıların qiyamında gurultu və əzəmətlə səslənərək, bunu bir daha göstərdi. Konkret desək, fars şovinizmi milli zülmü həyata keçirən bir idari mexanizmidir ki, müəyyən ideoloji əsaslara söykənir. Şovinizm və rejimlə mübarizə, yəni onun siyasəti ilə mübarizə, onun tariximizi, mədəniyyətimizi, təhrif etməyi ilə mübarizə, onun fəlsəfi təbirləri, təfsirləri və gündəlik siyasəti ilə mübarizədir. Rejimin yaratdığı bütün siyasi, iqtisadi, mənəvi, mədəni, hərbi və informasiya sistemləri ilə mübarizədir. Bu mübarizə, Azərbaycan xalqının öz insani haqlarının yolunda mübarizəsi ilə üst-üstə düşür.

 Diqqətinizə görə, təşəkkür edirəm!

 Abdullah Amir Haşimi Cavanşir

 Stokholm, 19 may 2007

 

Şərhlər bağlıdır.