ZƏRİFİN BAKIYA “ZƏRİF” SƏFƏRİ

ZƏNGƏZUR DƏHLİZİ VƏ SƏRHƏDLƏRİN MÜƏYYƏNLƏŞMƏSİ

Mayın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir. İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq. İranlı nazir Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək:

“Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır”.

Politoloq Sədrəddin Soltan  M.C.Zərifin bu səfərinə münasibətini bildirir.Onun Azərbaycana sərhəddəki məlum olaylar baş verdikdən sonra gəldiyini deyir:

“Hesab edirəm ki, səfər zamanı Azərbaycan-İran sərhəddindəki hadisə müzakirə olunacaq və təhlükəsizlik məsələsi Cavad Zərifin diqqətinə çatdırılacaq. Çünki Azərbaycanın İranla sərhəddi bir növ narkotik qaçaqmalçılıq mənbəyinə çevrilib. İran Azərbaycan sərhədlərini davamlı olaraq narkotik maddələrlə “atəşə tutur”. Digər məsələ Zəngəzur dəhlizidir.

Çünki bu dəhliz olduqca regional və beynəlxalq əhəmiyyətə malikdir. Çox güman ki, Azərbaycan-Ermənistan sərhəddindəki demorkasiya və delimitasiya məsələsi də müzakirə olunacaq.

İran iki ölkə arasındakı sərhəddə baş verənlərdən narahat olduğunu bildirir və dəfələrlə bəyan edir ki, regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır. Yəqin ki, İran belə açıqlama ilə öz aləmində Ermənistanı müdafiə edir. Lakin bu məsələnin həlli Azərbaycanın sərhəd bütövlüyünün təmin olunması deməkdir”.

S.Soltan qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında post-pandemiya dövrünə hazırlıq da müzakirə edilə bilər:

“Atom nüvə proqramına görə, İrana tətbiq olunan sanksiyalar götürüldükdən sonra İranın iqtisadi əlaqələri genişlənəcək və yeni fəaliyyət istiqaməti olacaq. Ola bilsin ki, İran perspektivdə Azərbaycan vasitəsilə neft və qaz ixrac etsin. Hesab edirəm ki, səfər zamanı regional və iki ölkə arasındakı əlaqələrin inkişafıdan söhbət gedəcək”.

Şərhlər bağlıdır.