Azərbaycan Demokrat Firqəsinin Avropa və Şimali Amerika Komitəsi mayın 27-də Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünün qeyd olunmasına dair saytımıza informasiya ünvanlayıb. İsveçin baş şəhərinin otellərindən birində düzənlənən həmin tədbirə bir sıra milli qeyri-hökumət təşkilatlarımızın təmsilçiləri qatılıblar.
Öncə müstəqil Azərbaycan Respublikasının dövlət himni səslənib. Tədbir iştirakçıları xalqımızın milli azadlığı yolunda və Qarabağın erməni işğalçılarından azad olunması uğrunda şəhidlik zirvəsinə qovuşanların xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Tanınmış inqilabçı, yazıçı, publisist, jurnalist, firqə üzvü, İsveçdəki Qarabağ Dərnəyinin rəhbəri Abdulla Əmir Haşimi Cavanşir Azərbaycan Cümhuriyyətinin 28 may 1918-ci ildə Tiflisdə Məhəmməd Əmin Rəsulzadə tərəfindən elan edilməsini son dərəcə mühüm tarixi hadisə adlandırıb. O deyib ki, bununla çar Rusiyasının bir əsrlik işğalına son qoyulub, Şərqdə ilk demokratik respublikanın təməli yaradılıb: “AXC iyriminci yüzillikdə Azərbaycan xalqının həyatında yeni mərhələ açan tarixi bir olaydır”.
İsveç “Saam” TV-nin yayım prodüseri Rahim Sadıqbəyli də bu kontekstdə təhlillər aparıb, orijinal fikirlər söyləyib. Natiq 30 illik işğaldan sonra Qarabağı cəmi 44 günə erməni işğalçılarından təmizləyən Milli Ordunun bütün dünya azərbaycanlılarına yaşatdığı qürur hissindən danışıb. O bu zəfər üçün göstərdiyi dəstəyə görə Türkiyə dövlətinə və xalqına da minnətdar olduğumuzu vüqarla dilə gətirib.
İsveçdə yaşayan Nadir Hollenbrandt Azərbaycanın bundan sonra da önəmli günlərin şahidi olacağına əminliyini bildirib.
Tədbirdə İsveç Azərbaycan Kültür Dərnəyinin, (SAF) İsveç Azərbaycan Naminə Dərnəyinin də təmsilçiləri iştirak ediblər.
Pərvin
Şərhlər bağlıdır.