ERMƏNİLƏRİN OĞRU OLDUQLARINA DAHA BİR NÜMUNƏ

ONLARIN OĞURLADIĞI XALCALAR AZƏRBAYCANA QAYTARILMALIDIR

Bir müddət öncə erməni mətbuatinda Qarabağ xalçalari ilə bağli məlumat yayildi. 44-günlük Vətən (2-ci Qarabağ) müharibəsinin bitməsinə yaxın Şuşanın xalça muzeyindən 160 qiymətli tarixi xalça tələsik Ermənistana aparılıb və onların müəyyən hissəsi bu ilin mart ayında erməni xalçaları kimi Yerevanda A.Tamanyan adına Memarlıq muzey-institutunda nümayiş etdirilib.

İşğal dövründə Şuşa xalça muzeyinin direktoru vəzifəsində işləmiş Vardan Astsatryan adlı birisi müsahibəsində bildirib ki, Ermənistana Şuşada toplanmış xalçaların say baxımından 2/3 hissəsi, keyfiyyət baxımından isə 90 faizi aparılmışdır. Yəni ən dəyərli xalçalar oğurluq yoluyla qonşu ölkəyə ötürülüb.

Bunların arasında 17-ci əsrə aid xalçalar da var, ancaq əksəriyyəti 19-cu yüzilliyə aiddir. Vardan Astsatryan guya bu xalçaların özü tərəfindən son 20 il ərzində Qarabağda erməni əhalisindən satın alındığını və bu kolleksiyanın əsasında 2011-ci ildə Şuşada muzey açıldığını utanmadan-qızarmadan söyləyir. Halbuki bu qiymətli eksponatların yurd-yuvasından qovulmuş və ya qətlə yetirilmiş azərbaycanlı qaçqınların viran qalmış evlərindən qarət edildiyi hər kəsə aydındır.

Şəkillərdəki xalçaların naxışlarına baxdıqda əksəriyyətinin Azərbaycan Qarabağ xalçaçılıq məktəbinə aid olduğu asanlıqla anlaşılır. İndi bu xalça oğruları Azərbaycan xalqının milli-mədəni mirasını öz adlarına çıxmağa çalışırlar.

Belə çıxır ki, müharibədə qalib gəlib vətən torpaqlarının böyük hissəsini azad etmək kifayət deyil. Oğurlanmış mədəni mirasımızı da yenidən vətənə qaytarmaq üçün çalışmaq lazımdır. Bu sahədə dövlət başçısı və müvafiq qurumlar ciddi səy gəstərir, ölkəyə dəymiş zərəri hesablamaq və beynəlxalq qurumlar qarşısında bu məsələni qoymaq üçün xarici ölkələrdən ekspertlər dəvət olunur. Şübhəsiz, Akademiya da bu işlərə öz töhfəsini verməlidir.

Bu gün AMEA-nın İctimai və humanitar elmlər bölməsinin iclasında Ermənistana qanunsuz yolla aparılmış Qarabağ xalçaları ilə bağlı məsələni Mədəniyyət Nazirliyi ilə birgə araşdırıb UNESCO və digər beynəlxalq qurumlara Azərbaycan xalqının mədəni irsinin qarət olunub oğurlanması faktı ilə əlaqədar AMEA adından müraciət edilməsi təklifini irəli sürdüm. Düşünürəm ki, bu faktla bağlı əlimizdə erməni tərəfinin öz etirafı və mətbuat materialları, fotoşəkillər kimi kifayət qədər dəlil və sübut var, əlavə geniş araşdırmalara eytiyac yoxdur.

Şahin Mustafayev,

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşunaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, akademik

Şərhlər bağlıdır.