SƏTTARXAN

(20.10.1868 – 15.11.1914)

Səttarxan Güney Azərbaycanın Qaradağ mahalının Görmədüz bölgəsində (Azərbaycan Sovet Ensiklopediyasına görə Qaradağ vilayətinin hazırda Mincivan adlanan Məmmədxanlı mahalında, alman islamşünas Anya Pistor Hatama görə isə Canəli kəndində) xırda tacir ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarında ikən hökumət məmurlarının  onun ailəsinə vurduğu zərbələr Səttarxanda ədalətsizliyə, müstəbidliyə qarşı nifrət hissi yaratmışdı. Belə ki, böyük qardaşı İsmayıl Şimali Azərbaycan üsyançılarından  məşhur qaçaq Fərhadı gizlətməkdə suçlandırıldığına görə Təbrizdə vəliəhd Müzəffərəddin Mirzənin əmri ilə öldürülmüşdü. O, özü kimi dostları ilə birlikdə silahlı qaçaq dəstəsi yaradaraq əzilənlərin müdafiəçisi kimi çıxış etmişdir.

Təbrizdə mütləqiyyətə qarşı üsyan başladıqda inqilab döyüşçüləri sırasında Səttarxan da var idi. 1908-ci ilin əvvəllərində Təbrizdə fədai mərkəzləri yaradıldıqda Səttarxan yaşadığı Əmirəqız məhəlləsinin mücahidlərinə başçı təyin olundu. Bundan sonra Səttarxanın fitri hərbi sərkərdəlik istedadı özünü tam göstərdi.

1908-ci il iyun ayının 23-də Tehranda həyata keçirilmiş əks-inqilabi çevrilişdən sonra bütün İranda inqilab mərkəzləri dağıdıldığı halda, tək Təbrizin irticaya qarşı möhkəm dayanmasında “Hərbi Şura”nın başçısı təyin olunmuş Səttarxan bir sərkərdə kimi silahdaşları ilə birlikdə həlledici rol oynadı və mütləqiyyətin 1909-cu il aprel ayının 25-dək davam etmiş 11 aylıq aramsız hücumları (bu müddət ərzində Təbriz üzərinə 40 min nəfərlik nizami və qeyri-nizami hərbi qüvvə göndərilmişdi) dəf oluna bildi. Bu döyüşlərdə Səttarxanın şəxsi şücaəti və saysız hərbi-taktiki tapıntıları, mübaliğəsiz, həlledici rol oynamışdır.

Səttarxanın başçılıq etdiyi döyüşlər zahirən əfsanəvi təsir bağışlayan epizodlarla zəngindir. Bütün şəhər zəbt olunduğu, inqilab mərkəzi təkcə Əmirəqız məhəlləsində qaldığı və beləliklə Təbriz artıq diz çökmüş hesab edildiyi, bütün evlərdən təslim əlaməti olaraq ağ bayraqlar asıldığı bir zamanda 1908-ci il iyul ayının 18-də Səttarxanın 17 nəfər silahdaşı ilə birlikdə gecə ikən bütün şəhərdə ağ bayraqları vurub salması, bundan sonra evlərin damında al bayraqları dalğalandırması, nəticədə bütün şəhərin yenidən ayağa qalxması, əksinqilabçı dəstələrin şəhərdən qovulması və qaçmaları bu epizodlardan yalnız biridir. Bu qələbələr nəticəsində İranda inqilabçı demokratik qüvvələr Səttarxanın da üzv olduğu Azərbaycan Əyalət Əncümənini iflic vəziyyətində olan İran Milli Məclisinin (Parlamentinin) canişini sayıb ölkənin bir çox yerlərində yaranmış “Səttar komitələri” hərbi yardım üçün ona müraciət edirdilər. Təbriz İran Məşrutə inqilabının mərkəzinə çevrilmişdi. Təbrizdə xalq Səttarxanı “Sərdari-milli” (Milli sərkərdə) adlandırırdı. Az sonra Əyalət Əncüməni bu adı xüsusi fərmanla rəsmiləşdirdi. Səttarxanın başçılığı ilə Təbrizdə və bunun ardınca demək olar ki, Cənubi Azərbaycanın bütün vilayətlərində əldə olunan tarixi qələbələr İranın digər vilayətlərində, xüsusilə Gilan və İsfahanda inqilabi qüvvələrin Tehran üzərinə yürüşə başlayıb 13 iyul 1909-cu il tarixində paytaxtın əksinqilab qüvvələrindən azad edilməsinə şərait yaratmış oldu.

Təbrizin yenilməzliyi, Səttarxanın saysız qəhrəmanlıqları bir çox ölkələrdə böyük əks-səda doğurdu. Həmin günlərdə Azərbaycan Əyalət Əncüməninə və şəxsən Səttarxanın adına dünyanın Bakı, Tiflis Peterburq, İstanbul, Paris, Nəcəf və s. şəhərlərindən təbrik teleqramları, məktublar, şeirlər daxil olur, xarici qəzet və dərgilərdə bunlar haqqında məqalələr dərc olunurdu. “Molla Nəsrəddin” dərgisi bütün hərəkat boyu Azərbaycan inqilabçılarına ruh verirdi.

Təbrizdəki qanlı döyüşlər vaxtı Cəlil Məhəmmədquluzadə yazırdı: “Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır”. M.Ə.Sabirin yüksək hörmət və iftixar hissi ilə Səttarxana həsr etdiyi şeirləri (eləcə də digər şairlərin, o cümlədən Məhəmməd Hadinin) “Molla Nəsrəddin”də çap olunub Cənubda yayılırdı.

Cənubi Azərbaycandakı hadisələri yerində izləmək və məşrutə qəhrəmanı Səttarxan ilə yaxından tanış olmaq məqsədi ilə M.Ə.Rəsulzadə 1909-cu ilin fevralında Təbrizə gedir. O, həmin dövrdə  Bakıda Əhməd bəy Ağayevin redaktoru olduğu və ətrafında açıq fikirli ziyalıları toplayan “Tərəqqi” qəzeti ilə əməkdaşlıq edirdi və İrana da bu qəzetin müxbiri kimi getmişdi. Onun Cənubdan göndərdiyi və əsas etibarilə Səttarxanın başçılığı altında gedən xalq hərəkatına aid yazıları “İran məktubları” rubrikası altında “Tərəqqi” qəzetində çap edilmişdir.

Bu yazılardan məlum olur ki, 1909-cu ilin may ayının əvvəllərində Təbrizdə Osmanlı konsulluğunda Səttarxanla M.Ə.Rəsulzadə şəxsən görüşmüşdür. Səttarxanla ilk görüşünü təsvir edən M.Ə.Rəsulzadə belə yazırdı: “Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum… Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır… Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir”. Bu görüş zamanı Sərdar-milli Səttarxanın 42, M.Ə.Rəsulzadənin 25 yaşı var idi.

İnqilabın bu həlledici illərində Səttarxan, özü də bunu hiss etmədən, faktiki olaraq İrandakı məşrutə hərəkatının başçısı mövqeyinə, inqilabın sərkərdəsi dərəcəsinə yüksəlir.

Səttarxanın başçılıq etdiyi hərəkatın daxili və xarici düşmənləri – şah sarayı, çar Rusiyası və Böyük Britaniya  isə Cənubi Azərbaycandakı hərəkatı boğmaq üçün yenilməz sərdar Səttarxanı Azərbaycandan mərkəzə – Tehrana aparmağı və orada məhv etməyi planlaşdırırlar.

Uzun sürən təzyiq və müzakirələrdən sonra Səttarxan yaxın silahdaşı Bağırxanla birlikdə 100 nəfər mücahidin müşayiəti ilə 1910-cu ilin mart ayının 19-da Təbrizi tərk edib paytaxta yola düşür və aprelin 14-də 300 nəfər mücahidlə (yol boyu daha 200 nəfər Azərbaycan mücahidi ona qoşulmuşdu) birlikdə Tehrana daxil olur.

Yol boyu hər iki sərkərdəyə əhali tərəfindən göstərilən dərin hörmət, xüsusilə paytaxtdakı təntənəli qarşılanma mərasiminin möhtəşəmliyi, o dövrün də mətbuatında təsdiq edildiyi kimi, İran tarixində heç bir zaman ən ali rütbəli şəxsə belə müyəssər olmamışdı.

Lakin çox keçmədən hökumətin təşkil etdiyi xəyanətkar hücum nəticəsində Səttarxan ayağından yaralandı. Hücuma daşnak Yefrem xan başçılıq edirdi. 1910-cu ilin yanvar-iyun aylarında Məşrutə inqilabı barədə çar Rusiyası Xarici İşlər nazirliyinin sənədlər toplusuna aid “Narıncı kitab”ın 4-cü cildində yer almış Təbrizdəki Rusiya baş konsulunun müşaviri Miller tərəfindən Rusiya paytaxtına göndərilmiş 6 mart 1910-cu il tarixli  teleqrafda bu barədə deyilir: “…Azərbaycanda vəziyyətin normallaşması Səttarxan və Bağırxanın Yefrem və Sərdar Bahadurun başçılıq etdikləri hökumət qoşunları tərəfindən tərksilah edilməsinə və Təbrizdən çıxarılmasına bağlıdır. İran hökumət qüvvələri tərəfindən bu xeyirxah işin icrası İranın uğur qazanmasına faydalı təsir göstərəcəkdir”. Bütün bunlar onu göstərir imperialist dövlətlərin və daxili irticanın əl-ələ verərək öncədən hazırlamış olduqları plan Məşrutə inqilabının məğlub edilməsində həlledici rol oynamışdır. Səttarxana və dəstəsinə qarşı həyata keçirilən hücum planından sonra  o, ev dustağı kimi saxlanıldığı Tehranda 1914-cü il noyabr ayının 9-da vəfat etdi. Onu Tehranın yaxınlığındakı “Şah Əbdüləzim” ziyarətgahı ərazisindəki Tutu bağında dəfn etdilər.

Səttarxanın hərəkatdan təcrid edilməsi ilə ürəyi soyumayan irtica hökuməti onun iki qardaşı oğlunu – Məhəmməd və Kərimi də dar ağacına çəkdirdi.

1946-cı ildə Azərbaycan Milli hökumətinin fəaliyyəti dövründə Azərbaycan Milli Məclisinin 21 dekabr 1946-cı il tarixli qərarı ilə Təbrizin “Gülüstan” bağından Rza xanın heykəli götürülərək onun yerinə Səttarxan Sərdari-millinin, Ərk qalasının yanında isə Bağırxan Salari-millinin heykəlləri qoyulmuşdur.

Azərbaycan Milli Məclisinin 08.06.1946-cı il tarixli iclasında mərhum Səttarxan və Bağırxanın azadlıq yolunda çəkdikləri zəhmətləri, onların Azərbaycan və İran xalqlarına etdikləri xidmətləri dəyərləndirmək məqsədilə Səttarxanın qardaşı Hacı Əzimxana ömürlük ayda 150 tümən, qızları Soltan xanım və Məsumə xanıma, habelə Bağırxanın bacısı Fatimə xanıma hər birinə ömürlük ayda 50 tümən məvacib verilməsi haqqında qanun qəbul edilmişdir.

Azərbaycan Milli Hökuməti eyni zamanda Səttarxanın şərəfinə “Səttarxan” ordeni təsis etmiş və Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illiyi münasibətilə təşkil edilmiş təntənəli mərasimdə 10 nəfər S.C.Pişəvəri tərəfindən şəxsən bu ordenlə təltif olunmuşlar.

Azərbaycan xalqı öz milli qəhrəmanlarının adını və xatirəsini həmişə uca tutmuşdur. XX əsrin 80-ci illərinin sonunda Bakıda yerləşən ən iri maşınqayırma zavoduna, daha sonra isə həmin zavodun çox böyük olan idman qurğusuna  Səttarxanın adı verilmişdi.

1999-cu ilin noyabr ayında Səttarxanın vəfatının 85-ci ildönümü münasibətilə Cənubi Azərbaycan vilayətlərində, həmçinin Tehranda toplantılar keçirilmişdir. İran mətbuat orqanlarının səhifələrindən məlum olduğuna görə Tehranda yaşayan minlərlə azərbaycanlı Sərdarın “Şah Əbdüləzim” ziyarətgahında uyuduğu məzarı ziyarət etmiş, paytaxtın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr Əmir Kəbir adına universitetdə Sətaraxnın anım gününü yüksək səviyyədə təşkil etmişlər. Həmin mərasimdə bir neçə azərbaycanlı şair, yazıçı və sənət adamı çıxışlar etmişlər.

2005-ci ilin 8-9 iyun günlərində isə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunda Məşrutə inqilabının 100 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Azərbaycanın, İranın, Rusiyanın, Türkiyənin və ABŞ-ın tanınmış iranşünas alimləri Məşrutə hərəkatının ayrı-ayrı məsələləri və Səttarxanın bu hərəkatda sərkərdəliyi və rəhbərliyi haqqında dəyərli məruzələr etmişlər. Həmin məruzə və çıxışlar konfransın 2005-ci ildə Bakıda çap edilmiş “Məşrutə inqilabı-100” adlı məqalələr toplusunda öz əksini tapmışdır.

Məşrutə inqilabı dövründə Cənubi Azərbaycandakı hərəkat dünya ictimaiyyətinin diqqət və rəğbətini qazanmış Səttarxan və Bağırxan kimi sərkərdələri yetişdirdi.

İnqilab və silahlı üsyan Azərbaycan xalqı üçün təcrübə məktəbi oldu, xalqın siyasi, ictimai və milli şüurunun inkişafı üçün şərait yaratdı, eyni zamanda da sübut etdi ki, ədalətsizliyə, hər cür zülmə və istismara qarşı mübarizədə, azadlıq və demokratiya uğrunda döyüşlərdə Azərbaycan xalqı yekdil hərəkət etməyə qadirdir.

Səməd Bayramzadə

Şərhlər bağlıdır.