ÖLÜM DÜŞƏRGƏSINDƏN SAĞ QALAN TƏK ADAMDAN

1988-CI İL QƏTLİAMI BARƏDƏ ŞOK İFADƏ

1988-ci il qətliamının da öz ədəbiyyatı var; ölüm dəhlizi, ölüm salonu, ölüm şurası, ölüm heyəti, ölüm komissiyası.

Haşiyə: Ölüm Komissiyası nə vaxt yaradıldı?

1988-ci ilin yayında Xomeyni siyasi məhbusları qırmaq qərarına gəldi. Xomeyni bir fətva ilə həbsxanalarda “öz mövqelərini dəyişməyən” və rejimə müxlif olan bütün milli fəalların edama məhkum edilməsinə qərar verdi. Xomeyni başqa bir məktubunda islam düşmənlərinin mümkün olan hər şəkildə məhv edilməli olduqlarını bildirdi! Xomeyninin fərmanına əsasən, İranın bütün əyalət mərkəzlərində “ölüm heyəti” və ya “ölüm komissiyası” yaradıldı. Bu komissiyanın tərkibi dini hakim, prokuror və “Ettelaat” (Kəşfiyyat) Nazirliyinin nümayəndəsindən ibarət idi. Tehranda, yəni “Evin” və “Gövhərdəşt” həbsxanalarında bu nümayəndə heyətinin tərkibi dini hakim Niri, prokuror İşraqi, prokuror müavini Rəisi, “Ettelaat” Nazirliyinin nümayəndəsi Mustafa Purməhəmmədi, “Evin” həbsxanasının rəisi Zamani və “Gövhərdəşt” həbsxanasının rəisi Nasiryiandan ibarət idi. 1988-ci ilin iyul ayının 20-dən payızın ortalarına, sentyabr ayının sonuna qədər Tehran və digər şəhərlərdə İran hökumətinin həbsxanalarında icra edilən bu kütləvi qırğınlar zamanı 30 mindən çox siyasi məhbus edam edildi və tez-tələsik ünvanları bilinməyən yerlərdə gizli şəkildə dəfn edildilər. Bu kütləvi qırğınların icrasında iştirak edənlərdən və “ölüm komissiyası”nın üzvlərindən bəzilərinin adları aşağıdakı kimidir:

1.Seyyid Əbdülkəırim Musəvi Ərdəbili, 1988-ci il qətliamı zamanında vəzifəsi: Ali Məhkəmə Şurasının rəisi;

2.Məhəmməd Musəvi Xoiniha, 1988-ci il qətliamı zamanında vəzifəsi: Ali Məhkəmə Şurasının üzvü, Baş prokuror;

3.Murtuza Müqtədai, 1988-ci il qətliamı zamanında vəzifəsi: Ali Məhkəmə Şurasının üzvü və sözçüsü;

4.Seyyid Məhəmməd Musəvi Bojnudi, 1988-ci il qətliamı zamanında vəzifəsi: Ali Məhkəmə Şurasının üzvü;

5.Seyid Məhəmmədhəsən Mərəşi Şuştəri, 1988-ci il qətliamı zamanında vəzifəsi: Ali Məhkəmə Şurasının üzvü;

6.Məhəmməd Məhəmmədinik (Məhəmməd Məhəmmədi Reyşəhri), 1988-ci il qətliamı zamanında vəzifəsi: “Ettelaat” (kəşfiyyat) naziri;

7.Əli Fəllahiyan, 1988-ci il qətliamı zamanında vəzifəsi: “Ettelaat” nazirinin müavini;

8.Cavad Əli Əkbəryan, 1988-ci il qətliamı zamanında vəzifəsi: “Ettelaat”  nazirinin müavini;

9.Qulamhüseyn Möhsüni Ejei, 1988-ci il qətliamı zamanında vəzifəsi: “Ettelaat”  Nazirliyində Ədliyyə nümayəndəsi;

10.Hüseynəli Niri, 1988-ci il qətliamı zamanında vəzifəsi: Tehran İslam İnqilabı Məhkəmələrinin sədri və eyni zamanda “Ölüm heyəti”nin sədri;

11.Mustafa Purməhəmmədi, 1988-ci il qətliamı zamanında vəzifəsi: “Ettelaat”  Nazirliyinin nümayəndəsi;

12.Murtuza İşraqi, 1988-ci il qətliamı zamanında vəzifəsi: Prokuror, “Ölüm heyəti”nin üzvü;

13.Seyid İbrahim Rəisi əs-Sədat (İbrahim Rəisi kimi tanınır), 1988-ci il qətliamı zamanında vəzifəsi: Tehran prokurorunun müavini və “Ölüm komissiyası”nın əsas üzvlərindən biri;

14.Əli Mübaşiri, 1988-ci il qətliamı zamanında vəzifəsi: Şəriət hakimi (Nirinin canişini);

15.Məhəmməd İsmayıl Şuştəri, 1988-ci il qətliamı zamanında vəzifəsi: Həbsxanalar idarəsinin rəisi;

16.Əli Razini, 1988-ci il qətliamı zamanında vəzifəsi: Silahlı Qüvvələrin Ədliyyə idarəsinin başçısı;

17. (Axund) Seyid Hüseyn Murtuzəvi Zəncani, 1988-ci il qətliamı zamanında vəzifəsi: 1988-ci ildə “Evin”, 1985-1987-cı illərdə isə “Gövhərdəşt” həbsxanalarının rəisi;

18.Məhəmməd Moqisei (Nasiriyan kimi tanınır), 1988-ci il qətliamı zamanında vəzifəsi: Siyasi məhbusların qırğını zamanı “Gövhərdəşt” həbsxanasının rəisi.

Bu videoda eşitdiklərimiz 1980-cı illərdə siyasi məhbus olan Əsgər Mehdizadənin ifadəsidir. O, 1988-ci ildə 30 min siyasi məhbusun öldürülməsinin şahidlərindən və sağ qalanlardan biridir. Amma Əsgər Mehdizadənin taleyini digər sağ qalanlardan və 1988-ci il soyqırımının şahidlərindən fərqləndirən cəhət onun ölüm salonuna girən və çıxan tək adam olmasıdır.

Əsgər Mehdizadə 1980-ci ildən 1994-cü ilə qədər müxtəlif həbsxanalarda saxlanılıb. O, Gövhərdəşt həbsxanasında məhbusların qətliamı zamanı orada idi. Baxdığınız bu videoda onun söylədikləri ölüm dəhlizindən ölüm salonuna qədər olan hadisələrin təsviridir. Ə. Mehdizadənin bu videoklipdə haqqında danışdığı hüseyniyyə (İranda şiələrin ibadət yeri olan məscidlər belə adlanır) əslində sözügedən qırğınlar zamanı Gövhərdəşt həbsxanasında edam yeri və ölüm zalı kimi istifadə edilən bir hüseyniyyə haqqındadır!

“Hüseyininin qarşısında 400-300 adam oturmuşdu. Hamısı gözləri bağlı idi və gözləyirdilər. Bir neçə nəfər isə namaz qılırdı”.

Bir kənara çəkilib uşaqlardan birindən “səni bura niyə gətiriblər?” deyə soruşdum. Cavabında “bizi bir neçə gecədir ki, edam üçün bura gətirdilər. Ancaq növbə bizə çatmadığından bizi geri qaytaracaqlar” – dedi. Edam haqqında soruşdum. Əvəzində o da məndən “yeni gəlmisən?” deyə sual etdi. Dedim: “Bəli”. O da “deməli, edam edilməzdən əvvəl başqalarının edamını görmək üçün səni də aparacaqlar” dedi.

Hüseyniyyə – məhbusların kütləvi şəkildə edam edildiyi yer!

“Nəhayət, bir saat sonra gözətçi gəlib məni çağırdı. Hüseyniyəyə tək daxil oldum. Gözümü açdıqları zaman tavanın yuxarısından 12 ilməli kəndir sallandığını  və üst-üstə yığılmış məhbus cəsədlərini gördüm! Hüseyniyyənin cənub qapısını açıb cəsədləri həyətə aparırdılar. Həbsxana gözətçiləri də çöpçülər (zibbillik eşələyənlər) kimi cəsədlər arasında onlardan qalan əşyaları axtarıb tapır və götürürdülər. Bir saat və ya üzük tapsaydılar, arabanı çəkib digərlərinə də xəbər verirdilər. İki mühafizəçinin hər biri mücahidin bir ayağından tutub cəsədini sürüyə-sürüyə qapının ağzına kimi aparırdılar. Bayırda isə şəhidlərin cənazələrini daşımaq üçün bir maşın dayanmışdı, İnqilab Keşikçiləri də cəsədləri həmin maşının içərisinə daşıyırdılar.

Müəyyən zaman fasilələri ilə edam üçün bir qrup zala gətirilirdi. Hər ipin altında bir stul qoyulmuşdu. Mən orada olduğum zaman 12 nəfərdən ibarət yeni bir dəstə gətirdilər.  Hər birini stulun üstünə qaldırdılar və kəndiri boyunlarına saldılar. Yanımdakı mühafizəçi mənə baxıb gülürdü. Nasiriyan adı ilə tanınan Moqisei hüseyniyyəyə daxil oldu və marş oxuyanları, Xomeyniyə qasrşı şüar səsləndirənləri yumruqlamağa və təpikləməyə başladı. Sonra da onları stuldan itələdi. Ancaq onların arasında özlərini ölümün pəncəsindən xilas etmək üçün var gücü ilə çabalayanlar sanki göyə tullanır və uçmaq istəyirdilər!

Bu mənzərə o dərəcədə dəhşətli idi ki, halım son dərəcə pisləşdi və sonra nə olduğunu duya bilmədim …”

P.S. “Ölüm komissiyası”nın  müvafiq qərarı ilə yalnız 1988-ci ilin sentyabr ayında İran İslam Rejiminə müxalif olan 5 min nəfərər yaxın milli fəal edam edilmişdir. Onların adları, yaşları, siyasi mənsubiyyətləri barədə məlumatları və bir çoxlarının fotolarını aşağıdakı linkdə görə bilərsiniz:

http://www.bidaran.net/spip.php?rubrique19

S.B.
10 avqust 2021

Şərhlər bağlıdır.