VİDADİ MUSTAFAYEV YAZIR: MARGİNALLIQ

CƏNUBİ AZƏRBAYCANIN PANİRANİST-MARGİNAL ELİTASINA ƏN AĞIR ZƏRBƏ

İran İslam Respublikasının yeni prezidenti İ.Rəisi tərəfindən Məclisə təqdim edilən 19 nəfərdən ibarət hökumət üzvlərinin-nazirlərin siyahısı media və kütləvi informasiya vasitələrində dərc edilmişdir. Siyahıda Rəhbərin göstərişinə əsasən ‘inqilabçı”, əksəriyyəti nisbətən gənc və “cihadçı” kimi qələmə verilən kadrların adları yer almışdır.

Bunlardan ən gəncinin 40,ən yaşlısının 63 yaşı vardır. Təqdim edilən nazirlərdən 7 nəfərin yaşı 40-50,7 nəfərin yaşı 50-60, 5 nəfərin yaşı isə 60-63 yaş arasındadır.

”Cihadçı” olmaları əsasən mühafizəkarlığı, rəhbərliyə,hakim məzhəbə və s. bağlılıqları, sepah, bəsic və buna bağlı qurumlarda üzv və yaxından əməkdaşlıq etmələri, həmçinin orta və kiçik şəhərləri (hətta kəndi) təmsil etmələri ilə müəyyən edilə bilər.Belə ki,paytaxt Tehran cəmi üç (onlardan birinin əslən Dizfuldan olması vurğulanır), ostan mərkəzlərindən Məşhəd, Şiraz və Qorqan isə hər biri bir nəfərlə təmsil olunubdur, qalanları qeyd olunduğu kimi, şəhristan mərkəzlərini təmsil edirlər. Başqa sözlə, yeni İcra hakimiyyətinin başçısı islahatçı, qərbvurğunları, “kapitalist”, “korrupsionerlər”in toplaşdığı iri şəhərlərə deyil, inqilabçılıq, mühafizəkarlıq, Vəliye fəqihə, Sistemin İslam qoluna sədaqət, antikapitalist potensialını saxlayan orta və kiçik yaşayış məntəqələrinin təmsilçilərinə üstünlük verdiyini nümayiş etdirir.

Nazirlər Rəhbər, Rəisi (istər İmam Rza məqbərə komleksinin müdiri, istərsə Məhkəmə hakimiyyətinin sədri olanda) ilə bilavasitə və bilvasitə yaxınlığı, həmçinin əsas inqilabçı qüvvələr hesab edilən sepah, bəsic, İmdad komitəsi və s. qurumlarda fəaliyyət stajı və digər buna oxşar meyarlarla seçilmişlər.

Təqdim olunan siyahıda , təmsil etdikləri həmcins etnik tərkibə malik olan məntəqələr əsasında demək olar ki, bir kürd (Kermanşah ostanı İslamabad şəhəri, rabitə və informasiya texnologiyaları) və bir türkə (Həmədan ostanı Kəbudərahəng qəsəbəsi, İrşad və mədəniyyət) rast gəlmək olar.

Göründüyü kimi, yeni prezident İbrahim Rəisinin siyahısını Məclisə təqdim etdiyi Nazirlərkabinetində Cənubi Azərbaycan (dörd ostan) təmsil olunmayıb.

Onu da əlavə etmək olar ki, prezidentin Məclisdən asılı olmadan təyin etdiyi prezidentin birinci müavini, Dizfullu Məhəmməd Müxbir (əllamə A.Müxbirin oğlu, 2007-ci ildən İmam fərmanının icrası Qərargahının rəisi), Prezident aparatının müdiri, Bircəndli (Cənubi Xorasan ostanının mərkəzi), 2019-cu ildən Məhkəmə hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmayıli, Prezidentin müavini və Plan və büdcə təşkilatının rəisi Ərdistanlı (İsfahan ostanında şəhər) Məsud Mir Kazımi də azərbaycanlı deyil.

Xüsusi vurğulamaq lazımdır ki, bu üç nəfər fars dilinin Dizful, Bircənd və Ərdistan ləhcələrində danışırlar və həmin ləhcələr orta fars dilinə yaxın ləhcələr hesab edilir. İ.Rəisinin də qədim Sak tayfalarından birinə mənsub olduğu iddiasını nəzərə alsaq, onun qədim və orta fars dilinin qalıqlarını özündə daşıyan ləhcələrdə danışanlara marağının, etno-milli, bəlkə, daha doğrusu, millətçilik meyllərinin mənbəyini aydın görmək olar. Yəqin həmin səbəbdən ləhcə terminindən xoşu gələn yeni prezident İranda mövcud olan türk dilini də millətçiliyə qapılaraq ləhcə adlandırır.

Deməli, yeni prezident İ.Rəisi İcra hakimiyyətinə zahirdə bir müsəlman kimi, batində bir fars hakim millətçisi kimi başçılıq edəcək.

Məclisin təqdim olunan siyahıya düzəliş etməyəcəyini fərz edərək İran İslam Respublikasında hicri iki əsrin ayrıcında(1300-1400) Cənubi Azərbaycan və Cənubi azərbaycanlılara etinasızlıq,onların varlığını nəzərə almamaq siyasətini necə dəyərləndirmək olar.

Yada salmaq olar ki, Məhkəmə Hakimiyyətinini rəisi İbrahim Rəisinin prezident seçilməsindən sonra, nə Rəhbər tərəfindən onun yerinə təyin edilən yeni rəis Möhsini Ejei, nə də onun yeni vəzifələrə təyin etdikləri azərbaycanlı deyillər. Yəni İİR hakimiyyət sistemində Cənubi Azərbaycan və azərbaycanlı siyasi elitasına qarşı bir etinasızlıq, boykot siyasəti görmək olar. Qeyd edildiyi kimi, bunu yeni təşkil ediləcək hökumət üzvlərinin siyahısı da göstərir.

İranda Cənubi Azərbaycan siyasi elitasına qarşı saymamazlıq siyasət nə ilə bağlıdır?

Əvvələ bir mühüm cəhəti qeyd etmək lazımdır ki,İranda həmişə və xüsusən son illərdə vəzifəyə təyin etməkdə əsas meyar kimi ləyaqət/səlahiyyət /kompetensiya ya əsaslanılması vurğulanıbdır.

Məsələyə həmin cəhətdəın yanaşdıqda, demək olar ki, Cənubi Azərbaycanda Prezidentin müavini və nazir olmağa layiq adam, mütəxəssis yoxdur. Bu tezisi bir qədər də dəqiqləşdirsək, deyə bilərik ki, İbrahim Rəisi və onun ətrafının fikrincə, Cənubi Azərbaycanda qeyd edilən vəzifələri yerinə yetirə biləcək səlahiyyətli adam tapılmayıb.

Yeni İcra hakimiyyətinin rəhbər kadrlar toplusunun həmçinin gənclik, inqilabiçilik, mühafizəkarlıq, bəsicçilik və bu kimi “xəlqi” meyarlar əsasında müəyyən edildiyi iddiasını nəzərə alsaq, yenə deyə bilərik ki, belə görünür ki, Cənubi Azərbaycanda həmin meyarlara cavab verən kadrlar mövcud deyil. Başqa sözlə, Cənubi Azərbaycan dərin kadr böhranı keçirir.

Lakin Prezidentin təyin etdiyi və Məclisə təqdim etdiyi yüksək rütbəli məmurların tərcümeyi halının qısa və səthi şəkildə nəzərdən keçirilməsi seçimin həmin meyarlara zahirən cavab verdiyini göstərir, əslində isə seçim, yuxarıda da qeyd edildiyi kimi, tamamilə başqa meyarlar əsasında aparılmışdır.

Seçimin hansı meyarlarla aparılmasından asılı olmayaraq nəticə eynidir: Cənubi Azərbaycanelitası İcra hakimiyyətindən kənarda qalmışdır və buna görə yeni İcra hakimiyyəti heç bir narahatlıq keçirmir. Çünki Cənubi Azərbaycanda kimsənin, xüsusən də geniş kütlələrin, həmin məsələyə görə Mərkəzi hakimiyyətə nəinki geniş, hətta cüzi, bir etiraz edəcəyinə inanmır.

Bunu İran hakimiyyəti 13 –prezident seçkilərində ciddi şəkildə sınaqdan keçirdi. Seçkidə prezidentliyə namizəd, iki nəfər azərbaycanlının –biri inqilablar beşiyi olan Şərqi Azərbaycandan, digəri azərbaycanlı milli ruhlu ziyalıların Azərbaycan, digərlərinin Azərbaycan hesab etmədiyi Həmədan vilayətindən olan texnokrat, islahatçının iştirakına icazə verilmişdir. Lakin Cənubi Azərbaycan seçiciləri onların azərbaycanlı olduğunu qətiyyən nəzərə almadan elliklə mühafizəkarlara, yəni qeyri-azərbaycanlı İ.Rəisiyə, bəzi ostanlarda hətta M.Rezaiyə daha çox səs verdilər. Başqa sözlə, Mərkəzi hakimiyyət azərbaycanlı seçicilərin azərbaycanlı namizədə etnik, milli mövqedən yanaşmadığını bir daha əyani şəkildə nümayiş etdirdi. Bunu Təbrizdə bəzi, əsasən gənc, şəxslərdən alınan müsahibə zamanı aydın görmək mümkün idi. Namizədin azərbaycanlılara türk dilində müraciət etməsi rəyi soruşulanların hamısı tərəfindən mənfi qarşılandı.

Deməli, nəinki İranda, eləcə də Cənubi Azərbaycanda yuxarı dairələrdə təmsil olunan azərbaycanlılara mənfi münasibət mövcuddur və onlar öz millətindən olan şəxslərin dəstəyinə ümid bəsləyə bilməzlər. Hakimiyyətə də bunu bir daha cəmiyyətə və Cənubi Azərbaycan elitasına nümayiş etdirmək lazım idi.

Ona görə də yeni İcra hakimyyətinə başçılıq edən İ.Rəisi heç bir narahatlıq keçirmədən azərbaycanlı elita nümayəndələrini hakimiyyət süfrəsindən uzaq tutdu. Buna ən mühüm səbəb azərbaycanlı elitanın marginal vəziyyət mərhələsini yaşamasıdır.

Yəni azərbaycanlı elitanın nə hakim fars millətçiliyinə xidmət etməsi, nə azərbaycanlılara qarşı şovinust siyasət yeridilməsinə biganəlik göstərməsi, onun hakim fars elitasına daxil olmasına qarantiya verməmişdir. Eyni zamanda Cənubi Azərbaycan elitasının antimilli, antitürk mövqe tutması, öz millətinin köklü etno-milli maraqlarını müdafiə etməməsi, onun azərbaycanlı olmasına şübhə yaratdığından, sıravi azərbaycanlılar da onu özününkü hesab edə bilmir. Onun azərbaycanlı olmasa keçmişi-Azərbaycanda anadan olması, azərbaycanlı mühitində böyüməsi ilə şətləndiyi halda, şüurlu fəaliyyəti, yəni gələcəyi yad maraqlara xidməti ilə səciyyələnir. Odur ki, bir mühitdən (toplumdan) çıxıb digər mühitə (topluma) xidmət etməsi onun hər iki mühit tərəfindən qəbul edilməməsinə səbəb olur. Sadə dildə deyilərsə,həmin elitanı nə sıravi azərbaycanlılar, nə də fars elitası özününkü hesab etmir. Marginal bir elitanın nə öz milləti, nə də hakim millət yanında heç bir hörməti olmur.

ÖZÜNƏ HÖRMƏT ETMƏYƏNLƏRƏ KİMSƏNİN HÖRMƏT ETDİYİNİ GÖRƏN OLUBMU.

Şərhlər bağlıdır.