28 MAY NİYƏ MÜSTƏQİLLİK, 18 OKTYABR İSƏ MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ OLDU? SƏBƏB

Milli Məclisin oktyabrın 15 də keçirilən iclasında tarixi günlərin adlarına dəyişiklik edilib. Belə ki, üçüncü oxunuşdan sonra 28 May Respublika gününün adı “Müstəqillik günü” ilə əvəzlənib. Əvvəllər Dövlət Müstəqilliyi günü kimi qeyd olunan 18 Oktyabrın adı isə bundan sonra “Müstəqilliyin bərpası günü” olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin üzvü Şahin Seyidzadə dəyişikliyin nədən qaynaqlandığını Etikxeber.az saytına ətraflı izah edib. Həmin yazını azerbaycan-ruznamesi.org oxuculara maraqlı olacağını nəzərə alaraq onların mühakiməsinə təqdim edirik.

28 May tarixinin “Müstəqillik günü”, 18 Oktyabr tarixinin isə “Müstəqilliyin bərpası günü” adlandırılması ilə bağlı Milli Məclisdə qanun layihəsini müzakirə edərkən bir sıra mühüm məqamlara nəzər yetirməli, bu dəyişikliyi zəruri edən əsaslandırılmış və obyektiv arqumentləri düzgün təqdim etməliyik.

Bu, çox böyük siyasi, tarixi və hüquqi əhəmiyyətli, vacib qanun layihəsidir.

Qanun layihəsinin müzakirəsi zamanı iki sual meydana çıxır:

Birinci sual: – “Nə bizə əsas verir ki, 18 Oktyabr tarixi Azərbaycanda “Müstəqilliyin bərpası günü” kimi qeyd edilsin?” və Ikinci sual: – “Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?”

Birinci sualın cavabı həm hüquqi, həm də tarixi prizmadan kifayyət qədər əsaslandırılmış arqumentlərə söykənir:

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” KONSTİTUSİYA AKTInın 2-ci Maddəsində göstərilir ki, Azərbaycan Respublikası 18 may 1918-ci il tarixindən 28 aprel 1920-ci il tarixinədək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

1991-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı, himni və gerbi bərpa olundu. Yeni dövlət bayrağı, yeni himn, yeni gerb yaradılmadı, müstəqillik kimi, bütün atributlar sadəcə bərpa edildi. Göründüyü kimi, hər mənada 1991-ci il oktyabrın 18-də Azərbaycan tarixində baş vermiş hadisə 1920-ci ildə itirilmiş müstəqilliyin bərpa olunmasıdır.

Digər tərəfdən 18 Oktyabr tarixini 1991-ci ildə əldə olunmuş müstəqillik günü kimi qəbul edib, təqvimdə həmin tarixi “Müstəqillik günü” olaraq qeyd etməyi davam etsək, o zaman 20-ci əsrin əvvəlində elan edilmiş müstəqilliyi müasir Azərbaycan dovlətinə aid etməmiş olarıq.

Hər kəs bütün bu hadisələrə həm tarixi, həm haqq-ədalət prizmasından düzgün yanaşmalıdır. Tarixi reallıq isə budur ki, 1918-ci ildə Azərbaycan Dövləti müstəqilliyini elan etdi, 1920-ci ildə  müstəqilliyə son qoyuldu, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi.

Düzdür, hamımızın yaxşı yadındadır ki, ötən əsrin 90-ci illərinin əvvələrində müstəqilliyimizi yenidən itirmək təhlükəsi mövcud idi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkədə yenidən ali hakimiyyətə gəlişi Azərbaycan xalqını növbəti dəfə müstəqilliyinin itirməsi təhlükəsindən xilas etdi.

Əgər Ümumilli Lider müstəqilliyi qorudusa, Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş uğurlu daxili və xarici siyasət apardı və bü gün də bu istiqamətdə fəaliyyət göstərməkdədir.

Yəni Azərbaycan xalqının müstəqillik yolu onun bəyan etməsi, itirilməsi, bərpası, qorunması və möhkəmələndirilməsi mərhələlərindən ibarətdir. Və bu yol 18 oktyabr yox, 28 may tarixindən başlanmışdır. 18 oktyabr isə müstəqilliyin bərpası kimi tarixə yazılmışdır.

Ona görə də 18 Oktyabr tarixinin “Müstəqilliyin bərpası günü” kimi qəbul edilməsi tamamilə əsaslandırılmış, tarixi prizmadan ədalətli, hüquqi cəhətdən tam qanuni bir addımdır.

***

İkinci sual isə budur ki, “Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?”

Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikası Dövlət Arxivində qorunur. Bəyannamənin mətni ilə tanış olduqda, elə ilk maddələr verilmiş suala cavab verir.

Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

  1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

Yəni ilk növbədə dövlətimizin müstəqilliyini elan edirik, sonra onun idarəetmə formasını bəyan edirik.

Məlumdur ki, Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Azərbaycanın hər hansı bir vətəndaşından soruşsaq ki, Azərbaycan dövləti üçün nəyi seçərdiniz: “respublika olub, müstəqil olmamağı”, yoxsa “respublika olmayıb, müstəqqil olmağı”? Əminəm ki, hər kəs axırıncısını üzərində dayanardı.

Tarixdə artıq Respublika olub, müstəqil olmadığımız dövr olub, o dövrün təqvimdə özünəməxhsus “Respulika günü” də var idi və bizi 70 il ərzində məcbür edirdilər ki, həmin günü bayram kimi qeyd edək.

Əminəm ki, 28 May günün “Müstəqillik günü” kimi qeyd olunmasında tərəddüd edənlər çox yaxşı bilirlər ki, müstəqillik bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir.

Şahin SEYİDZADƏ,
Millət vəkili

Şərhlər bağlıdır.