AZƏRBAYCAN KARİKATURAÇILARINI TƏƏSSÜFLƏNDİRƏN HADİSƏ

İRANDA MİRZƏ CƏLİL VƏ ƏZİMZADƏ MƏKTƏBİ AZƏRBAYCANA QARŞI

2000-ci illərin ortalarında beynəlxalq müsabiqəyə qatılmış azərbaycanlı karikaturaçıları təəccübləndirən hadisə baş verdi. Eyni tədbirdə iştirak edən iranlı karikaturaçılar milli karikatura sənətləri haqda təqdimat edərkən “Molla Nəsrəddin” məcmuəsi, oradakı karikaturaların tarixində başlamışdılar.

Bizimkilərin etirazından sonra isə cavab belə olmuşdu ki, jurnalda ilk saylarından etibarən İran tematikası üstünlük təşkil edib, hədəf auditoriyası həm də İran Azərbaycanı olub, 1920-ci illərdə xüsusi Təbriz dövrü olub və s. Yəni iranlı karikaturaçılar özlərini İrandakı ozamankı rejimi, dini xurafatı kəskin tənqid edən Mirzə Cəlilin, sadəcə xurafatı deyil, ümumən dini sərt tənqid edən Əzim Əzimzadənin mənəvi varisləri sayırlar.

Bəlkə də əhəmiyyət verilməyəcək, ya da öyünüləcək haldır. Amma hər dəfə “əgər onların Mirzə Cəlili, Sabiri, Axundovu olsaydı, filan olardı” deyə qeyri-real şərt budaq cümləli fərziyyələr oxuyanda istər- istəməz bu yadıma düşür. Adı sadalanan hər üç dahimizi onlar da özlərininki sayır, nəsə dəyişirmi? Yox. Demək, klassiklərə malik olmaq yox, onları necə oxumaq, necə anlamaq əsas şərtdir.

Və daha pisi, özlərini Mirzə Cəlil və Əziz Əzimzadənin davamçıları sayan iranlı karikaturaçılar son günlər əsasən Azərbaycan və Türkiyə dövlətlərini hədəfə alır, o karikaturların bəziləri ilə tanışsınız yəqin. Maraqlıdır, Əzimzadənin bizdəki ardıcılları indi nə işlə məşğuldurlar? Ümumən vardırlarmı?

Cəmaləddin Quliyev

 

Şərhlər bağlıdır.