BAYRAQDAR

Seyid Cəfər Pişəvəriyə

 Gecədir… Ay yanır bulud içində,

Ulduzlar sözarır sükut içində,

Təbrizin qoynunda dolanıram mən,

Küçədən-küçəyə yollanıram mən.

Şəhər yuxudadır yolları ancaq

Yenə işıq salır bir yorğun çıraq…

O kimir hələ otaqda oyaqdır?

Yoxsa bu gecədə yanan mayakdır?

Hey yazır, hey pozur əlində qələm,

Dalğın gözlərində canların aləm…

Mən bir gün fikirsiz görmədim onu,

Vətəndir sözünün əvvəli, sonu…

Daim ağ günlərə dikilən baxış,

Qara qaşlarını qayğıyla çatmış…

Tanıdım! O, müdrik Pişəvəridir,

Gənclikdən döyüşlər səfərbəridir.

Alnından süzülür narın incilər,

Bir kiçik otaqda uzun gecələr

Ah, nələr düşünür o həssas ürək,

Bildim! O ürəkdə bəslənən dilək

Bu xalqın ən ülvi məhəbbətidir

Bu yurdun ən böyük səadətidir.

O söhbət edəndə öz millətindən,

Salonlar titrəyir hərarətindən.

O coşur, çağlayır, durulmayır heç,

Dinləyənlər necə? Yorulmayır heç.

Oxucum! Sanma ki, o ixtiyardır,

Çox da ağ alnında qırışlar vardır.

Vətənin kədəri, xalqın fəryadı

Onun ürəyində qübar bağladı.

Nə zaman ayağı dəydi bu yurda?

Dövran öz donunu dəyişdi burda.

O inamla doğru etiqadıyla,

Qələmi, zəkası, istedadıyla

Önümüzdə getdi bayraqdar kimi,

Biz də arxasında havadar kimi

Döyüşdən-döyüşə yürüyüb getdik,

Arzunu qayğıya bürüyüb getdik.

Hələ çağırsa da səngərlər bizi,

Xoş üzlə gözləyir zəfərlər bizi

Əli Tudə
1946-cı il

Şərhlər bağlıdır.