Çevirəni: R. Azəri
“Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 14 (303), 20 sentyabr 1946
İran mətbuatından: “Cəbhə” qəzetindən
Pişəvəri və Azərbaycan hərəkatı
Mən Azərbaycan səfərindən öncə Pişəvərini bir dəfə də görmüşdüm. O zaman Pişəvəri yalnız azadlıqsevər və saf bir qəzet yazarı idi. Özünü göstərmək, təqdim etmək vərdişi olmadığına görə Tehran xalqının arasında o qədər də tanınmış deyildi.
“Ajir” qəzetinin redaksiyası Laləzarda “Bahar” ticarət mərkəzinin üst mərtəbəsində, bir kiçik və biri böyük olmaq üzrə iki otaqdan ibarət idi. Bu otaqların birində ilk dəfə mən günbatan zamanı Pişəvərini gördüm. O gün mən Pişəvərini mütaliə edən və eyni halda saf və səmimi bir adam kimi qavradım. Düşündüm ki, çox anlayışlı və istedadlı, çox gözəldir, söhbət etdiyi adama, kim olur olsun, o qədər saflıq və səmimiyyət göstərib o qədər adamın söhbətlərinə maraqla qulaq asırdı ki, qarşı tərəf ixtiyarsız olaraq ona heyran olub bacardığı qədər onunla daha artıq söhbət etməyə və hər nə qədər ürəyində dərdi varsa, ortaya qoymağa meyl edirdi.
Bu mövzudan bir müddət keçdi, Pişəvəri parlament nümayəndəsi oldu, onun deputat mandatını ləğv etdilər, o yenə də qəzet yazmağa başladı, sonunda Təbrizə gedib Azərbaycan Demokrat Firqəsini təşkil etdi. Sizdən nə gizlin, dünənki qəzet yazan və bugünkü Demokrat Firqəsinin lideri olan bu siyasətçinin nə qədər dəyişdiyini gedib görmək mənim həmişəlik arzularımdan biri idi. Xoşbəxtlikdən Azərbaycana son zamanki səfərimdə, öz qədim arzuma yetişdim.
Pişəvəri bu son bir neçə ilin içərisində o qədər də dəyişilməyib. Onun görünüşü oxucuların da daha öncədən gördüyü kimidir. Onun parlayan gözləri irəlidə gördüyüm kimi daim hərəkətdə idi, heç vəchlə sabit bir nöqtəyə dikilmirdi. Onun baxışı növbə ilə müxatibinin gözünin içərisinə və oradan da onun bədəninin digər hissələrinə dikilirdi, bununla bərabər, bir dünya lütf və səmimiyyət onun gözlərində oxunurdu.
Pişəvərinin bugünkü siyasi vəzifəsi onun ruhuna heç bir dəyişiklik gətirməmişdi.
Laləzarda “Bahar” ticarət mərkəzinin üst mərtəbəsindəki qəzet yazan, o qəzet redaktoru ilə Azərbaycanın bugünkü siyasi lideri arasında heç bir fərq görünməməkdədir.
Onunla söhbət edərkən, siz təsəvvür edə bilirsiniz ki, neçə illik səmimi dostlarınızdan biri ilə danışırsınız, siyasi bir adamla yox. Çünki o artıq bu gün ən böyük şəxsiyyətlərdən biri sayılır.
Pişəvəri keçmişdə olduğu kimi xüsusi maraqla qarşı tərəfin söhbətlərinə qulaq asmaqla onu imkanı olduğu qədər söhbət etməyə və bacardığı qədər ürəyinin dərdini deməyə vadar edir. Qarşı tərəfin söhbəti hər nə qədər yorucu olursa olsun, o heç bir yorğunluq ifadəsi göstərmirdi.
Pişəvəri Azərbaycan hərəkatından qabaq çətinlikləri çox olmamaqla bərabər, yorğun və xüsusilə düşgün nəzərə gəlirdi. Halbuki, bu gün gündə 12 saat işləmək və öhdəsində olan bir dünya məsuliyyətlə bərabər, onda yorğunluq və düşgünlükdən bir iz də görünmür. Bu, dünənki və bugünkü Pişəvəridə gördüyüm ən böyük fərqdir.
Azərbayxan Demokrat Firqəsinin lideri bir neçə xüsusi sifətlərə malikdir. İstər onun müxalifləri, istərsə də tərəfdarlarının hamısı onun xüsusi sifətlərini bilirlər.
Birincisi, çox yaxşı düşünər, çox möhkəm və məntiqi dəlillər gətirər, bütün işləri ən yaxşı surətdə həll edər. Buna görə də Demokrat Firqəsinin bütün başçıları onun əqidələrini necə və niyə demədən qəbul edərlər.
Onun şəxsiyyətini imtiyazlandıran o birisi sifəti də, onun sürətlə qərar qəbul etməsidir.
O çox tez qərar qəbul edər. Çox adamların öz əl-ayaqlarını itirdikləri, mənfi və müsbət nəzər verməyə cəsarət etmədikləri ən həssas dəqiqələrdə, Pişəvəri çox sürətlə öz qərarını verər.
Hər halda yaxşı nəticə almaq və tez qərar vermək dost və düşmənin belə qərarına görə Pişəvəridə görünən iki üstün sifətdir. Pişəvərinin bu gün Azərbaycan hərəkatının başında durmasının ən böyük səbəbi şübhəsiz, onda olan həmin bu iki sifətdir.
Azərbaycan Demokrat Firqəsinin gedişi və taktikasında şübhəsiz, təsirsiz qalmayan, onun xüsusi sifətlərindən ayrı birisinə gəlincə Pişəvəri siyasi və iqtisadi nəzəriyyələrin çoxundan məlumatlı olduğu halda, xüsusilə sosializm teorilərinə (nəzəriyyələrinə) tam bələddir. Bununla bərabər, yüzdə-yüz siyasi teorilərin ardınca getməmişdir.
Siyasi teoriləri öz mübarizələrində özünə bələdçi qəbul etməklə, kor-koranə onların dalınca getməzdən öncə mühitin şəraitini nəzərə alıb öz siyasi taktikasının əsaslarını onun üzərinə qoyar.
Pişəvəri İranda sinfi mübarizələri hələlikdə tez bilir. O, inanır ki, İranda geniş və böyük bir hərəkat yaratmaq istəsək, hər şeydən öncə bütün təbəqələri (sinifləri) onda birləşdirməli, müəyyən bir təbəqə söykənib digər təbəqəni isə kənarda qoymamalıyıq.
Pişəvərinin bu nəzəriyyəsi onun nitqlərində, “Azərbaycan” və keçmişdəki “Ajir” qəzetlərində yazmış olduğu məqalələrdə çox yaxşı görünməkdədir.
Pişəvəri, bir inqilabçı və qədim bir sosialist kimi tanındığı halda, milliyyət üsuluna tərəfdar olan bir vətənpərvərdir.
Buna görə bütün Azərbaycan xalqı və xüsusilə bu günə qədər Azərbaycan hərəkatına yaxşı baxmayanlar belə buna inanırlar ki, bu hərəkatın tez getməsinin qarşısını alan Pişəvərinin iş başında olmasıdır.
Azərbaycan hərəkatının doğru yoldan çıxmamasına o bais olmuşdur. Azərbaycan hərəkatında Pişəvərinin rolu çox diqqətəlayiqdir. Onu şərh etməzdən öncə Azərbaycan hərəkatının yaranmasının gerçək səbəblərini müfəssəl yazmalıyıq. Buna görə də o mövzudakı bəhsi münasib bir vaxta saxlayırıq. Burada yalnız bir məsələni qeyd etməliyik:
“Pişəvəri Azərbaycan hərəkatın başçılarından birisidir. Hətta bu hərəkatın müxalifləri belə ona yaxşı nəzərlə baxırlar”.
Facebook : Samad Bayramzada
Şərhlər bağlıdır.