DOKTOR SADİQ XƏRAZİNİN TƏBRİZ XATİRƏLƏRİNDƏN

Bu yazını fars dilində bu gün səhər ABŞ-dan əslən Marağalı olan məşhur qəlb cərrahı dr.Şapur Ənsari vətənpərvər alimimiz Səməd Bayramzadəyə göndərmişdir. O da onu Azərbaycan Türkcəsinə çevirib redaksiyamıza göndərib. Saytımızın oxucularının da diqqətini çəkər deyə təqdim edirik:

İranda islahatçılara yaxınlığı ilə tanınan məşhur diplomat və İranlıların Səsi Partiyasının şura rəhbəri doktor Sadiq Xərazinin Təbriz şəhəri haqqında xatirələri:
“Cənab Seyid Məhəmməd Hatəminin prezidentliyi dövründə mən (Sadiq Xərazi) və cənab Hatəmi Davos Sammitinə getmişdik. Bilirsiniz ki, Davos Sammiti dünyanın ən mühüm iqtisadi sammitidir və bu sammitdə dünya dövlətlərinin yüksək siyasi və iqtisadi xadimləri iştirak edirlər.
Bizi bu görüşün kənarında nahara dəvət etdilər. Mənim oturduğum masada İspaniyanın Baş naziri və Microsoft-un prezidenti Bill Qeyts də daxil olmaqla, tanınmış siyasi, iqtisadi və elm xadimləri vardılar. Bill Qeyts və mən yanaşı oturmuşduq. Söhbət zamanı Bill Qeyts məndən soruşdu ki, hansı ölkədənəm.
Mən də cavab verdim ki, İrandanam.

O, mənim hansı şəhərdən olduğumu da soruşdu və mən də cavab verdim.
Bill Qeyts dedi: İranın bir şəhərdən başqa heç bir şəhərini tanımıram!
Soruşdum: O hansı şəhərdir?

Cavab verdi: Təbriz!

Bill Qeyts dedi: Mən Təbrizi yaxşı tanıyıram!

Mən çox təəccübləndim və ondan soruşdum: Necə, niyə Təbriz??
O da sualıma sualla cavab verdi: Görəsən, bu kiçik şəhər necədir?
Məni daha çox maraq bürüdü və yenə soruşdum: Niyə məhz Təbriz?
“Mən çox təəccüblənirəm”, deyə Bill Qeyts sözünə davam etdi: Hazırda Microsoft şirkətində işləyən on yeddi, on səkkiz ən yaxşı dünya riyaziyyatçısı var ki, onların hamısı Təbrizdəndirlər! Bütün bu elm dahilərini yetişdirən bu şəhər görəsən, necə bir yerdir??!!

Bill Qeytsin bu maraqlı sözləri məni çox təəccübləndirdi!
Bəli, Təbriz torpağı dünya şöhrətli tarixçilər, alimlər və dahilər yetirib.
O gün gördüm ki, Bill Qeyts Təbriz qapısından İranı, hətta Yaxın Şərqi də tanıyır!

Mən də sizə təklif edirəm ki, bu qürurlu diyar üçün bir Təbrizşünaslıq mərkəzi yaradasınız və Təbriz ensiklopediyasını İslam dünyasına və İran sivilizasiyasına hədiyyə edəsiniz”.

Şərhlər bağlıdır.