HƏMZƏ FƏTHİ XOŞGINABI

BIZ MİLLİ BİR MAARİF YARATMALIYIQ

Bizim məmləkətimizdə kitabların çap olunmasının qabağını indiyə kimi alıblar. Fars dilində bizim azadlıqsevər yoldaşlarımız şəhrivər hadisəsindən sonra (25 avqust 1941-ci ildə sovet qoşunlarının İrana daxil olmasından sonrakı dövr nəzərdə tutulur – S.B.) bəzi ictimai kitabları nəşr etməyə müvəffəq olsalar da, amma biz yenə də etiraf etməliyik ki, faydalı kitablar bizim ölkəmizdə çox-çox azdır, məxsusən Tehran hökuməti çalışırdı ki, ən əvvəl və hələ də Azərbaycanda ictimai və siyasi kitabların nəşr olmasının qabağı alınsın. Hətta, əgər bəzi faydalı kitablar da indiyə kimi nəşr olunan kitabların arasında tapılırsa, fars dili ilə yazılıbdır. Budur ki, bizim xalqımız böyük bir siyasi və iqtisadi zülm qarşısında qərar tutmuşdur. Bizim ziyalı cavanlarımız, aydın fikirli firqə yoldaşlarımız xalqımızın biliyinin səviyyəsini yuxarı aparmaq üçün gərək indi böyük bir fədakarlıqlar etsinlər.

Bir çox sadə yollarla keçmiş ictimai fəsadlarımızı illər boyu iş başında oturan xainlərin təzyiqi altında yaşayıb və eyni halda öz bədbəxliklərinin əsil mənşəyini təyin edə bilməyən xalqımızın nəzərində canlandıra bilərik.

Azərbaycan nəslinin tərbiyəsini təmin etməyi öhdələrinə götürmüş cavan maarifçilər keçmiş mədəniyyətə aid kitabları mütaliə etməklə bizim mədəniyyət sistemində olan pis niyyətləri, millətimizə olan xəyanətləri və əsas ictimai nöqsanlarımızı düşünməyə imkan tapa bilərlər, mədəniyyətə aid kitablarda başdan ayağa millətimiz üçün faydalı bir söz yoxdur, mədəniyyətə aid kitabların mündəricatı bizi həmişə qənaətə, dözümlülüyə tərəf sövq edir. Minlərlə çap olunmuş romanların içində böyük bir dahinin, bəşəriyyətin səadəti uğrunda çalışan bir şəxsiyyətin bioqrafısini görə bilməzsiniz, ancaq yalnız eşq romanlarıdır ki, bütün kitabxanalarda satılır.

Bizim ölkəmizdə mövcud olan kitablar hamısı tiryək kimi bizim fikirlərimizi zəhərləyir, bizdə milli qurur, üsyan ruhunu tamamilə öldürür, ancaq çalışırlar ki, napoleonlar kimi cinayətkarları xalqın gözündə böyük bir dühaya malik olan adamlar kimi tanıtsinlar. Amma ictimai zülmlərin və pozuntuların qarşısında üsyan edən adamları, xalqın səadəti uğrunda çalışan adamları heç vəchlə tanıtmağa çalışmırlar. Onların adlarını unutqanlıq və anonimlik bucaqlarında dəfn etmək istəyirlər. Belə ki, bu daha asandır.

Bizim cavanlarımız təhsil illərində oxuduqları tarix kitablarında (əlbəttə bizim məmləkətimizdə yazılan tarix kitablarında) yalnız zor ilə hakimiyyətə və ya ayrı bir ictimai vəzifəyə qəsbkarlıqla malik olan adamların adlarını görürlər. Bütün yazıçılarımız isə böyük hakimlərə, şahlara sitayiş etməkdən başqa ayrı bir təşəbbüs göstərməyirlər.

Bu, istismarçılar üçün gizli bir yerlərdən tənzim olunan istismarçı bir təlim üsuludur.

Dünyada əgər 5 il bundan qabaq böyük bir hərəkatlar var imişsə, bizim xəbərimiz olmayıb, amma müharibədən sonra dünya səhnəsində əmələ gəlmiş şəraitin mövcudluğu ilə bəzi adamların bizi dünyadan xəbərsiz qoymaqları gülüncdür. Rza xan dövrundə onun məddahı olan böyük yazıçılarımız Rza xan gedəndən sonra da yenə öz işlərindən əl çəkmədilər. Çünki Rza xan xalqımızın xainləri tərəfindən yalnız bir nümayəndə idi. O gedəndən sonra bu xainlər öz missiyalarını davam etdirməlidirlər.

Hər surətdə İranda olan şərait istismarçı niyyətləri yerinə yetirmək üçün münasib bir zəmin yaratmışdır, məxsusən Tehran siyasəti məmləkətimizdə bu zəmini yaratmaq üçün ən təsirli bir amildir.

Gələcəkdə xalqımızın həqiqi istiqlalını ələ gətirmək üçün mədəniyyətimizi doğru-düzgün bir üsul ilə idarə etməliyik.

Tariximizdə həqiqətləri göstərməliyik. İndiyə kimi tədris olunan kitablar hamısı keçmiş diktatorluq sisteminin yadıgarıdır.

Cənab Rəşid Yasiminin şəhrivər hadisəsindən sonra 5-ci sinif üçün yazdığı kitabın təzədən çap olunmuş məcmuəsini oxuyun, Rza xana etdiyi sitayişləri, Allah tərəfindən onun qiyam etməyini onun həqiqi maskası yırtılandan sonra isə görün …

Bunlar bizə müəyyəndir ki, yenə də xalqın haqqını qəsb edən satqın ünsürlər, sitayiş etmək qaydası bizim ölkəmizdə aradan getməyibdir, indi maarif işçilərimiz bizim xalqımıza zərərli olan minlərlə mövzuları mədəniyyətə aid keçmiş kitabların içindən tapa bilərlər.

Biz gərək gələcəkdə öz ana dilimiz ilə yazılmış mədəniyytə aid kitablardan bu nöqsanları bütünlüklə çıxaraq

Daha anqlosakson maarifinin təlim üsullarının tərəfdarları bizim ölkəmizdə özlərinə yer tapa bilməyəcəklər, bizim mədəniyyətimiz gərək milli bir maarif olsun, tariximizdə həqiqi məsələlər yazılsın!..

Biz bu milli mədəniyyəti yaratmaq üçün bütün cavan və təcrübəli maarif işçilərimizdən kömək və yardım gözləyirik.

Müəllimlər bizim gələcəyimizi təmin etmək üçün böyük rolları yerinə yetirə bilərlər…

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, No 89, 30 dekabr 1945-ci il

Təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Şərhlər bağlıdır.