2500 İLLİK MƏDƏNİYYƏT İRSINİ TƏHLÜKƏ ALTINA ALAN 25 İLLİK İRAN-ÇİN MÜQAVİLƏSI

İran və Çin arasında 2021-ci ilin martında imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsi iranlılar arasında Pekinlə əlaqələrin dərinləşməsinin potensial təsirləri ilə bağlı müzakirələrə səbəb olmaq üzrədir. Artıq on ildən çoxdur ki, ucuz Çin malları İranın vitrinlərini dolduraraq yerli istehsalçıları və sənətkarları biznesdən kənarlaşdırır. Bu razılaşma sayəsində Çin indi İranda ən dərin dayağına sahibdir və bir çox iranlı “İranı Çinə satdığını” deyir.

İslam Respublikasının rəhbərliyi İranı dünyadan təcrid edib, iqtisadi çöküş həddinə çatdırıb. İran rəhbərliyinin diplomatik nəzakətsizliyi, nifrət dolu ritorikası, insan haqlarının pozulması və Yaxın Şərqdə özlərinin “etibarlı” şəxslərini maliyyələşdirilməsi ölkəni demək olar ki, strateji müttəfiqsiz qoyub. İranın hakim ruhaniləri iqtisadi, siyasi və texnoloji dəstək axtarmaq üçün gözlərini getdikcə daha çox Çinə çeviriblər. Pekin öz növbəsində Tehranın iqtisadi çarəsizliyini avtoritar rejimi gücləndirməklə yanaşı, İranın məhdud sövdələşmə gücündən yararlanmaq üçün bir fürsət olaraq görür.

İran öz növbəsində Çin üçün külli miqdarda ciddi endirimli qiymətlə neft təmin edir – təkcə 2021-ci ilin noyabrında 18 milyon barell xam neft satmışdır. Çin-İran ticarəti üzrə Tehranda yaşayan ekspert qeyd edib ki, “Çin nağd pul əvəzinə ucuz istehlak malları ilə İran neftini barter edir”. Çin İranda avtomobillərdən tutmuş ev əşyalarına qədər keyfiyyətsiz istehlak malları üçün bazar tapıb. Məsələn, Çin avtomobil istehsalçıları “Chery Motors” və “Geely” kimi daha yüksək keyfiyyətli Qərb istehsalı olan avtomobillərlə rəqabət aparmağı asanlaşdırır. Sanksiyalar nəticəsində Avropa avtomobilləri və hissələri artıq İranda asan əldə olunmur və onlar daha baha başa gəlir. Çin məişət məhsulları da əhəmiyyətli dərəcədə ucuzdur. Məsələn, fabrikdə istehsal olunan Çin plastik məmulatları onların İrandakı eynisi olan ənənəvi əl istehsalı mallarının qiymətinin beşdə biri qədər (20%) ucuzdur. Sanksiyalar, inflyasiya və yanlış iqtisadi idarəçilik, eləcə də Çinlə ticarət müqavilələrinin təsirləri nəticəsində çox əziyyət çəkən iranlılar tez-tez yerli istehsalçıların rəqabət apara bilmədiyi daha ucuz mallar almağa məcbur olurlar. Beləliklə də İranın 2500 illik mədəniyyət irsi cəmi 25 il ərzində yox olmaq təhlükəsi ilə üzləşmiş olur. Nəticədə, iranlılarda Çinə qarşı nifrət və öz liderləri tərəfindən onlara xəyanət edildiyi hissi yaranıb.

İslam Respublikasının rəhbərliyi Çin sərmayələrini hər iki xalq üçün əla fürsət kimi dəyərləndirir. Bununla belə, Çin layihələrinin böyük əksəriyyəti əsasən Çin şirkətlərinə, işçi qüvvəsinə və xammala əsaslanır. Beləliklə, İran deyil, Çin qazanır. Rəhbərlik tərəfindən İranın qələbəsi kimi qiymətləndirilən 25 illik razılaşma iqtisadi, hərbi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edir. O, həmçinin Çinin “Kəmər və Yol Təşəbbüsü”nü (BRI) özü ilə birlikdə gətirir. BRI inkişaf etməkdə olan ölkələri tələyə salmaq üçün “borc tələsi” diplomatiyasının təcrübəsi olan nəhəng, şübhəli və mübahisəli Pan-Avrasiya infrastruktur layihəsidir. Nəticədə, Çin İranın əsas ticarət tərəfdaşına çevrildi və onun rəhbərliyi üçün həyat xətti oldu və ona hakimiyyətdə qalmaq üçün lazım olan hər şeyi tətbiq etməyə kömək etdi.

Razılaşmaya əsasən, Çin İrana təzyiq və nəzarət etmək üçün istifadə edilə bilən yeni texnologiya verəcək. Dövlət nəzarəti şübhəsiz ki, genişlənəcək və heç bir iranlı onun imkanlarından kənarda qalmayacaq. 2010-cu ildən İran artan müxalif fikirlər və geniş yayılmış etirazlarla mübarizə aparmaq üçün təzyiq sistemlərini təkmilləşdirib. “Röyter” xəbər agentliyinin məlumatına görə, Çin telekommunikasiya şirkəti ZTE İranın dövlət nəzarətində olan telekommunikasiya agentliyinə “stasionar, mobil və internet rabitəsini izləyə bilən güclü müşahidə sistemi” satıb. Bundan əlavə, Çin İrana “ictimai rəyi manipulyasiya etmək” kimi mövzularda da təlimat verir.

Çin və İran hökumətləri vətəndaşları cinayət və terrorizmdən qorumaq adı altında nəzarəti zəruri hesab edirlər. Əslində isə çox vaxt iki ölkə bundan öz vətəndaşlarını terror etmək üçün istifadə edir. İranlılar narahatdırlar ki, Çinin onların ölkəsində artan iştirakı və təsiri insan hüquqlarının daha da pozulmasına səbəb ola bilər. Çinin sistematik təzyiq modeli, qanunvericiliyi texnologiya ilə birləşdirilərək ölkə daxilində interneti tənzimləmək sahəsində İran üçün bir yol xəritəsi rolunu oynadı.

Kibertəhlükəsizlik üzrə ekspert Robert Potterin fikrincə, Çin texno-nəzarət avtoritar dövlət qurur. Çin “Böyük Firewall” adlı bir məlumat inhisarı yaratmaqla öz vətəndaşlarının onlayn gördüklərinə tamamilə nəzarət edir. Çinin rəhbərliyindən sonra İran parlamenti də eyni məqsədlə “Kiberməkanda istifadəçilərinin hüquqlarının müdafiəsi və əsas onlayn xidmətlərin tənzimlənməsi haqqında” qanun layihəsini qəbul etməyə hazırlaşır. Əslində bu qanun layihəsi internetdən istifadəni məhdudlaşdırmaq və İslam Respublikası hakimiyyətinə vətəndaşların məlumatlarını toplamaq və saxlamağa icazə vermək üçün davam edən planın bir hissəsidir. Hakimiyyətin bu səyləri İranda xarici internet saytlarını bloklayan mövcud “Milli İnformasiya Şəbəkəsi”ndə genişlənir. Hər iki rejim vətəndaşları maliyyə, davranış və fəaliyyətlərinə görə cəzalandırmaq və ya mükafatlandırmaq üçün siyasi nəzarət sxemi olan “sosial kredit sistemini” qəbul etmişdir. Standart cəzalar siyahısına maddi cəhətdən zərər verən cərimələr, itirilmiş sağlamlıq və səyahət qadağaları da daxildir.

Çində insan haqlarının pozulması, onsuz da ən sadə azadlıqlar uğrunda mübarizə aparan bir çox iranlıları narahat edir. Anonim bir Çin rəsmisi tərəfindən sızdırılan sənədlər Çinin insanlığa qarşı cinayətlər törətmək üçün qanunvericiliklə birlikdə müşahidə texnologiyasından istifadə etdiyini göstərir. Çin milyonlarla müsəlman uyğuru 1000-dən çox düşərgədə saxlayır ki, bu da Holokostdan sonra dinə və ya irqə əsaslanan insanların ən böyük məcburi konsentrasiyasıdır. Uyğurların repressiyaları ilə əlaqəsi olan Çin texnoloji şirkəti “Tiandy” indi öz mallarını İran hökumətinə, ordusuna və kəşfiyyat orqanlarına satır. Şimali Koreyanın dövlət nəzarəti ilə əlaqəli Çinin “Huawei” şirkəti İranı 4G və 5G şəbəkələri ilə təmin edəcək. Pekin mütəmadi olaraq öz texnologiyasını həm hökumət, həm də özəl sektorda şəffaflığı aşağı olan müştərilərə təklif edir.

Çinin İranın kiber infrastrukturunda iştirakı İranın təhlükəsizliyini təhlükə altına qoyur, çünki Çin texnologiya şirkətləri Pekinin kəşfiyyat xidmətləri adından öz yurisdiksiyalarından kənarda milyonlarla insanın istifadəçi məlumatlarını toplayır. Çin texnoloji şirkətləri bütün iddiaları rədd etsələr də əslində onlar qanuni olaraq öz hökumətlərindən məlumatları gizlədə bilməzlər. Çinin Milli Kəşfiyyat Qanununun 7-ci maddəsi təşkilatlardan və vətəndaşlardan “dövlət kəşfiyyat işini dəstəkləmək, kömək etmək və əməkdaşlıq etməyi” tələb edir. Çin onlar tərəfindən qurulan kiber infrastruktur vasitəsilə İranın biznes, kəşfiyyat və hərbi kommunikasiyalarına daxil ola bilər.

İranda geniş yayılmış fikir ondan ibarətdir ki, Çinlə 25 illik strateji razılaşma İran rejiminə yeni təzyiq tədbirləri tətbiq etmək, məlumatlara nəzarət etmək, təbliğat yaymaq, müxaliflər və onların ailələrinə casusluq işində kömək etməklə yalnız onu gücləndirəcək. Üstəlik, bunun müqabilində Pekin ucuz mallar seli ilə İran sənətkarlığını öldürməyə və İrandan çox Çinə fayda verən “ağ fil” infrastruktur layihələri ilə ətraf mühiti məhv etməyə davam edəcək.

Qəzal Vaisi,

Çin üzrə İran əsilli beynəlxalq məsələlər üzrə analitik.

01 mart 2022-ci il.

 

İngilis dilindən çevirəni: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.