SON DƏQİQƏ: İMRAN XAN BAŞ NAZİRLİKDƏN İSTEFA VERDİ

Bu qərar parlament buraxılandan sonra verilib.

Lakin, müvəqqəti nazir təyin edilənə qədər İ.Xan vəzifəsini icra edəcək.

Qeyd edək ki, dünən Pakistanın Baş naziri İmran Xan ölkə prezidentini parlamenti buraxmağa və yeni seçkilər elan etməyə çağırmışdı.

İmran Xan bunu müxalifətin xarici maliyyənin dəstəyi ilə onu devirmək cəhdləri ilə əlaqələndirib.

İmran Xan xüsusilə də ABŞ-ı hazırkı proseslərin arxasında durmaqda ittiham edib.

O, iddia edib ki, ABŞ rəsmiləri Pakistanlı diplomatları xarici siyasətindəki bir sıra qərarlarına görə, eləcə də bu yaxınlarda Moskvaya səfər etdiyinə və Amerikanı tənqid etdiyinə görə hakimiyyətdən getməli olması barəsində xəbərdarlıq edib.

Müxalifət siyasətçiləri və ABŞ tərəfinin isə ittihamları rədd etdiyi bildirilib.

Qeyd edək ki, Pakistan parlamentində İmran Xan hökumətinə etimadsızlıq səsverməsi keçirilməli idi, lakin parlamentin vitse-spikerinin səsvermənin konstitusiyaya zidd olduğunu əsas gətirərək bloklaması nəticəsində bu baş tutmayıb.

Xatırladaq ki, martın 27-də Pakistan Baş naziri İmran Xanın rəhbərlik etdiyi Pakistan Təhriki-İnsaf partiyasının əsas müttəfiqi olan Müttahidə Qaumi Hərəkatı (MQM) müxalifətlə razılaşaraq hakim koalisiyadan ayrılıb. Nəticədə, hakim koalisiya parlament çoxluğu statusunu itirib.

Ümumilikdə 342 üzvü olan Pakistan parlamentində çoxluq statusu əldə edərək hökuməti formalaşdırmaq üçün minimum 172 səs tələb edilir. MQM partiyasının müxalifətlə razılaşaraq hakim koalisiyadan ayrılmasınadək İmran Xan hökumətinin parlamentdə 179 deputatı olub. MQM-in müxalifətə keçməsindən sonra parlamentdə İmran xanı dəstəkləyən 164 deputat qalıb, müxalifət koalisiyası isə deputat sayını 177-yə çatdıraraq parlament çoxluğu statusu qazanıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.