TARİX ELMİ GÖRKƏMLİ ŞƏRQŞÜNASI, FİRQƏMİZ BÜRO ÜZVÜNÜ İTİRDİ
ƏKRƏM BIJE RƏHIM OĞLU DÜNYASINI 90 YAŞINDA DƏYIŞDI
Azərbaycan siyasətinə və şərqşünaslıq elminə ağır itki üz verib. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin büro üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bije dünən axşam dünyasını dəyişib. Bu həm Cənubi Azərbaycanın mübariz övladları, həm də uzun illər Şərqşünaslıq İnstitutunda qüsursuz zəhməti ilə alim yoldaşlarının hörmətini qazanmış bir şəxsiyyətin itkisidir.
Əkrəm Rəhim oğlu Bije 1932-ci ilin sentyabrında Qazax rayonunda dünyaya gəlib. 1938-ci ilin aprelində bir vaxtlar şahın zülmündən baş götürüb qaçdığı Güney Azərbaycana – ata-baba yurduna köçməyə məcbur qaldı. Bu köç Bijelər ailəsini Cənubi Azərbaycanın Mərənd şəhərinin Dizə kəndində məskunlaşdırdı. Əkrəm Bije 9 il İranda yaşadı. O, ailəsi ilə 1946-cı il dekabrında Sovet Azərbaycanına döndü. Ailəsi bir neçə gün Naxçıvanda saxlandıqdan sonra 2-3 ay ərzində o vaxtkı Jdanov (indiki Beyləqan) rayonunun sovxozlarında yerləşdirildi. Sonra yenidən Qazax rayonuna qayıdıb burada orta məktəbin səkkizinci sinfini bitirdi. Sonra Kirovabad (indiki Gəncə) Pedaqoji məktəbinə daxil oldu.
Ə.Bije 1953-cü ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirdi. O zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil oldu. 1957-ci ildə tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət orta məktəbdə tarix fənnini tədris etməklə yanaşı, “Azərbaycan” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışdı. İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə (mətbuat və radio vasitəsi ilə) yaxından məşğul oldu, çoxsaylı tərcümə və məqalələri dövrü mətbuatda müntəzəm şəkildə çap olundu.
1959-cu ilin payızında Türkiyə iqtisadiyyatı üzrə aspiranturaya qəbul edildi. “Atatürk dövründə Türkiyənin SSRİ ilə iqtisadi əlaqələri” mövzusunda tədqiqatı başa çatdırdı. Onun Moskvadakı Şərqşünaslıq İnstitutunda müdafiəsi uğurla yekunlaşdı. Bu tədqiqat Elmi Şuranın təqdimatı ilə 1965-ci ildə kitab şəklində oxuculara təqdim edilib.
Sonrakı illərdə Əkrəm müəllimin “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)” adlı monoqrafiyası işıq üzü gördü. Müasir Türkiyənin xarici iqtisadi əlaqələrinə, ölkədəki duruma aid 10 elmi məqaləsi, bir neçə tezis və məruzəsi elmi dərgilərdə, müxtəlif jurnallarda dərc olunan Əkrəm müəllim Türkiyə tarixinə və iqtisadiyyatına dərindən bələd olan səriştəli bir tədqiqatçı kimi tanıtdı. Moskvada kollektiv müəlliflər tərəfindən oxuculara təqdim edilmiş “Türkiyənin ən yeni tarixi” kitabında geniş oçerki çap olunan Əkrəm müəllim uzun illər AMEA Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinə başçılıq etdi.
Türkiyə dost və qardaş ölkə olsa da, doğma Vətən – Cənubi Azərbaycanın tarixi, coğrafiyası, iqtisadi, siyasi və mədəni problemləri ilə məşğul olmaq, şəxsi saxlanğıcında toplanmış çoxsaylı materialları gündəmə gətirmək, tədqiqatın istiqamətini bu tərəfə çevirmək istəyi Əkrəm müəllimi rahat buraxmırdı. 2009-2014-cü illərdə İnstitutun Cənubi Azərbaycan şöbəsində şöbəsinə müdir təyin olunan 25 il ərzində Əkrəm müəllim Cənubi Azərbaycana aid onlarca elmi və publisistik məqalə yazdı, toplantılarda, dövlət radiosunda, ictimai televiziyada və başqa informasiya vasitələrində silsilə çıxışlar etdi.
Cənubi Azərbaycan şöbəsinə gələndən Əkrəm müəllimin “Güney Azərbaycan” ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” (Bu kitab Kanada və Tehranda da çap olunub) kitabları işıq üzü görüb. 2009-cu ildə Bakıda nəşr olunan “Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri” adlı kitabı daha sonra Türkiyə türkcəsində Trabzon şəhərində və 2013-cü ildə fars dilində İran İslam Respublikasının Məşhəd şəhərində “Əbədi məşəl. Seyid Cəfər Pişəvəri (həyatı, siyasi və ictimai fəaliyyəti)” adı ilə çap olunub.
Əkrəm müəllimin tərtibatında və elmi redaktorluğu ilə 2014-cü ildə işıq üzü görmüş “Zindan xatirələri” (Bakı) toplusu da S.C.Pişəvərinin 1930-1941-ci illərdə İranın Tehran şəhərindəki “Qəsri-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Bunlardan başqa, “Doktor Salamulla Cavid”, “Parçalanmış millətin harayı” kitablarının tərtibçisi və redaktoru olmuş Əkrəm müəllim, Səməd Bayramzadə ilə birgə “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” adlı kitabı hazırlayaraq çap etdirib. Eyni zamanda o, güneyli müəllif Səməd Sərdarniyanın “Arazın hər iki sahilində soyqırım” və “İrəvan müsəlman sakinli şəhər olmuşdur” kitablarının, “Məşrutə hərəkatı – 100”, “Ş. M. Xiyabani hərəkatı” məqalələr toplusunun da elmi redaktoru olub.
Ə.Rəhimlinin məqalə, müsahibə və rəylərindən seçmələri əhatə edən “Cənubi Azərbaycan: düşüncələr, problemlər” (Bakı, “Nurlar”, 2017) adlı son əsəri 2017-ci ilin yayında işıq üzü görüb.
Əkrəm müəllimin İran və Cənubi Azərbaycanın müasir durumumdakı problemlərə aid çox sayda elmi məqalələri İranda, Türkiyədə, Almaniyada, Kanadada və Bakıda (ingiliscə) nəşr olunan dərgilərdə çap olunub.
Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm müəllim 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Ə.Bije Azərbaycan Demokrat Firqəsinin sanballı fikirləri ilə sayılıb-seçilən üzvlərindən idi. 1945-ci ildə ADF-nin Təbrizdəki birinci qurultayından sonra mühacirətdə, Bakı şəhərində keçirilən ikinci ali məclisinə biro üzvü seçilmişdi. Onun dəyərli məsləhətlərindən bütün firqə üzvləri bəhrələnirdi.
Əkrəm müəllimin əziz xatirəsi bütün məsləkdaşlarının və şərqşünasların qəlbində daima yaşayacaq.
Azərbaycan Demokrat Firqəsi dəyərli ağsaqqalımız, mübarizə yoldaşımız, şərqşünas alim Əkrəm Rəhim oğlu Bijenin vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Azərbaycan Demokrat Firqəsi
Şərhlər bağlıdır.