VİDADİ MUSTAFAYEV YAZIR

"XOMEYNİNİN DAHA BİR YALANI"

Məlum olduğu kimi, Xomeyni Fransada olarkən ruhanilərin siyasi hakimiyyətdə iştirak etməyəcəklərini iddia edirdi. İrana gələndən sonra teokratik rejim quraraq, özü başda olmaqla ali hakimiyyəti ruhanilərin ixtiyarına verdi. Hakimiyyəti illərində İslam adı altında yeni hakimiyyəti qorumaq və İranın müsəlman dünyasında liderliyi ələ keçirmək üçün İslam birliyi ideyasından geniş istifadə etmişdir.

Onlardan biri də Ramazan ayının sonuncu cümə gününü Qüds günü elan etməsi idi. Bununla İran Fələstinlilərin azadlıq mübarizəsinə başçılq etmək iddialarını ortaya qoymuş olurdu. İran inqilabdan sonra ərəb və islam aləmində nüfuz qazanmaq və təsirini genişləndirmək üçün dərhal İsraillə bütün əlaqələri kəsib səfirliyinin binasını Fələstin Azadlıq Təşkilatına (FAT) verdi ki, orada öz nümayəndəliyini təşkil etsin. Elə həmin vaxt FAT sədri Yasir Ərəfatı təntənə ilə qəbul etdilər. Güman edirdilər ki, Yasir Ərəfat fələstinlilərin azadlıq hərəkatını İran rejiminin istəkləruinə tabe edərək İran nümunəsində islam dövləti quracaqdır. Başqa dünya görüşünə malik olan Y.Ərəfat İranın yardımının sətiraltını başa düşüb onlardan uzaqlaşmağa başladı. Belə olan halda dünən qardaş dedikləri Y.Ərəfatı mürtəce belə adlandırmaqdan çəkinmədilər. FAT-a hər cür yardımı dayandırıb, özlərinə başqa əlaltı axtardılar və tapdılar. İndi həmin qüvvələrə dəstək göstərirlər. Nəticədə Fələstin siyasi qüvvələri iki cəbhəyə ayrılaraq, öz aralarında da mübarizə apararaq ümumi işə ziyan vururlar.

İran İslam Respublikası İslam bayrağı altında öz ekspansionist hədəflərini həyata keçirmək siyasəti yeridərək, bir tərəfdən İslam dünyasını məzhəb əsasında parçalamaq, digər tərəfdən dünyəvi müsəlman ölkələrində dini ünsürləri təşkil etmək və gücləndirməklə, həmin ölkələri zəiflətməklə məşğuldur. Bu məsələ ilə bir başa İslam İnqilabı Mühafizlər Korpusunun tərkib hissəsi sayılan, lakin müstəqil hərəkət edən Qüds hərbi-siyasi birləşməsi məşğul olur. Həmin birləşmənin xarici idarələrindən biri Türkiyə və Azərbaycan idarəsidir. Onun Azərbaycanda fəaliyyətinin ən son nümunəsini bu gün İrna” saytında azərbaycanlı ekspert kimi təqdim olunan şəxslərlə müsahibələrində müşahidə etmək olar. İrna agentliyinə müsahibə verən üç “ekspert” adlandırılan şəxs Qüds günündən bir iranlı mühafizəkar kimi danışaraq İranın burada təsiri olduğunu nümayiş etdirmişlər.

Şərhlər bağlıdır.