İRAN SSRİ-NİN TALEYİNİ YAŞAYIR: “ACLAR ÜSYANI”NI KİM HAZIRLAYIB?

İrandakı etiraz aksiyaları ölkənin ən azı 40 şəhərində kütləvi hal alıb.

Polis qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusu əsgərlərinin dinc əhaliyə atəş açması nəticəsində ən azı 5 nəfər öldürülüb. Buna baxmayaraq, mitinqlər və nümayişlər davam edir. Ölkədə ərzaq qıtlığına və bahalaşmaya etiraz edən insanlar Ali rəhbər Ayətullah və Prezident İbrahim Rəisiyə“Ölüm!” şüarları səsələndiriblər. İranın Əsəluye şəhərində narazı kütlə İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin böyük banerini yandırıb. Əl-Əhvaz, Rəşt, Şiraz, İsfahan, Kuçan, İsfahan və digər şəhərlərdə, Sistan-Bəllucistan, Çahamahal, Bəxtiyari əlayələrində iğtişaşların miqyası getdikcə genişlənir. Təbriz şəhərində isə pensiya və sosail müavinət ala bilməyən təqaüdçülər küçələrə çıxıb.

Un məmulatlarının 300 faiz bahalaşması ilə bağlı İranda ciddi çörək qıtlığı yaranıb. 67 min tümənə satılan bir kisə unun qiyməti mayın 16-da 10 dəfə bahalaşaraq 640 min tümənə təklif olunub. Dükan və marketlərdə çörək, yağ kimi vacib qida məhsulları tapılmır. Çarəsiz qalan vətəndaşlar ərzaq mağazaları və anbarları qarət etməyə başlayıblar. Hökumətin ərzaq üçün ayırdığı subsidiyaların kəsilməsi və qiymətlərin kəskin artması ilə bağlı etirazlar insanları siyasi şüarlarla küçələrə axışmağa sövq edib. İranlılar hətta dini liderlərin portretlərini yandıraraq, onları istefaya çağırıblar.

Etirazçıların bəzi şəhərlərdə dükanları yandırdığı xəbər verilir. İbrahim Rəisi hökuməti isə iqtisadi böhranı aradan qaldırmaq üçün heç bir proqram təklif edə bilmir. İran rejimi vəziyyətdən çıxış yolunu aksiyaları güc və silah tətbiq etməkdə, həmçinin kütləvi həbslər aparmaqda görür. Ekspertlər bunun səbəbini Prezident Rəisinin savadsızlığı ilə izah edir.

Rəsmi məlumatlara görə, İranın 85 milyon əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayır. Bu arada, ABŞ İrandakı xalq etirazlarına dəstəyini ifadə edib. Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İranda bir neçə gündür ardı-arası kəsilməyən kütləvi xalq etirazları barədə twit paylaşıb. “Vaşinqton qəhrəman İran xalqının söz və sərbəst toplaşmaq azadlığı hüququnu dəstəkləyir”,-deyə xanım Prays qeyd edib. O bildirib ki, İran xalqının öz hökumətini cavabdeh etmək hüququ var.

Qeyd edək ki, beynəlxalq sanksiyalardan əziyyət çəkən İranda koronavirus pandemiyasından sonra iqtisadi böhran daha da dərinləşib. Lakin siyasi müşahidəçilər etirazların baş qaldırmasında xarici təsirlərin də olmasını istisna etmir.

“Oğuz” Müstəqil Araşdırmalar Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu iğtişaşların baş verməsində həm daxili, həm də kənar amillərin rol oynadığını qeyd edib.

“ABŞ İranın nüvə proqramına dair Vyana razılaşmasından çıxdıqdan sonra Qərbin, o cümlədən Vaşinqtonun yeni bir İran siyasətinin olacağı gözlənilirdi. Bu siyasət İrana təzyiq üçün dörd istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Birinci istiqamət iqtisadi təzyiqlərin və müxtəlif sərt sanksiyaların tətbiq edilməsindən ibarətdir. Burada məqsəd İran iqtisadiyyatını maksimum dərəcədə zəiflətməkdir. Bu, artıq öz nəticəsini verir. İkinci məqsəd İranın Yaxın Şərqdəki mövqelərindən sıxışdırıb çıxartmaq idi. İraqda, Suriyada, Livanda baş verən proseslərdə biz bunun şahidi oluruq. Başqa bir məqam İranın beynəlxalq proseslərdən təcrid edilməsinə start verilməsini nəzərdə tuturdu. Yəni bir sıra ölkələr İrana qarşı sanksiyalar paketinə qoşuldu. Hətta bu sanksiyaları əvvəlcə dəstəkləməyən ölkələr belə, sonradan ABŞ-ın çağırışlarına qoşulmaq məcburiyyətində qaldılar. Dördüncü istiqamət İranın öz daxilində mövcud olan etnik, məzhəbsəl və dini amillərdən istifadə etməklə müəyyən etiraz ocaqları yaratmaqdan ibarət idi. Əslində, biz İranda bununla bağlı proseslərin getdiyinin şahidi oluruq. Xuzistanda, Bəllucistanda, Əhvazda son zamanlar yaşananlar buna misal ola bilər. Son etirazlarda sosial-iqtisadi amillərlə yanaşı, milli faktorlar da mövcuddur. Bütün bunlar da nəticə etibarı ilə hazırkı böhrana gətirib çıxarıb”.

Xatırladaq ki, İranda sonuncu dəfə 2017-ci ilin sonu-2018-ci ilin yanvar ayı, eləcə də 2018-ci ilin noyabr ayında genişmiqyaslı etiraz aksiyaları keçirilib. Lakin İran hakimiyyəti mitinq və nümayişləri gülləbaran etməklə vəziyyətə nəzarəti bərpa edə bildi. Eyni zamanda həmin dövrdə iqtisadi problemlərin hazırkı səviyyədə ağır olmaması rejimə siyasi mövqelərini qoruyub saxlamağa kömək etdi. İlk növbədə, həmin dövrdə pandemiyanın mövcud olmaması İranda kiçik və orta biznesə, xarici ticarət dövriyyəsinə və milli valyutanın məzənnəsinə müsbət təsir göstərirdi. 2019-cu ildə İranda 1 ABŞ dolları 8200 tümənə konvertasiya olunurdusa, hazırda bu göstərici 30 min tümənə qalxıb. Ölkədə yoxsulluq sürətlə artaraq aclıq həddiniə çatıb. İnsanlar qida əldə etmək üçün zibil yeşiklərini axtarır. Buna baxmayaraq, hakimiyyətin qiymət artımına və ərzaq qıtlığına son qoymaq üçün heç bir təkliflər paketi mövcud deyil. Gücdən istifadə isə İranda Suriya ssenarisinin təkrarlanması ilə bağlı proqnozların meydana çıxmasına səbəb olub.

Vüqar Züfəroğlu İranda vətəndaş müharibəsinin baş verəcəyini inandırıcı hesab etmir. Bununla yanaşı, ekspert bildirib ki, İranda iqtisadi islahatlar aparaılmadan sabitlik yaranmayacaq:

“İqtisadi durum istənilən ölkənin daxilində baş verə biləcək sosial, siyasi proseslərdə mühüm rol oynayan vacib amildir. Bu mənada, İranda müəyyən iqtisadi islahatlara ehtiyac var. Xüsusilə də pandemiyadan sonra bütün dünyada iqtisadiyyatın zəiflədiyini nəzərə alsaq, İran hakimiyyəti daxili auditoriyanı sakitləşdirmək üçün müəyyən islahatlar həyata keçirməlidir. Amma düşünmürəm ki, İrandakı qarşıdurmalar Suriyadakı kimi genişmiqyaslı vətəndaş müharibəsinə çevrilsin. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti Ukraynadakı müharibəyə yönəlib. Ən azı bu səbəbdən İranın daxilindəki proseslərin hazırda Suriya ssenarisinə çevrilməsi regionda marağı olan digər güclərin istəklərinə cavab vermir. Lakin vurğulamaq da lazımdır ki, etiraz aksiyalarının meydana çıxmasında mövcud kənar təsirlər və ona radikal yanaşmalar gələcək üçün narazılıq ocaqlarının yaradılması prosesinə hazırlıq məqsədi də daşıya bilər”.

Qeyd edək ki, İranda baş qaldıran iqtisadi böhran fonunda kütləvi aksiyaların keçirilməsi sosial mediada SSRİ-nin dağılması ilə müqayisə edilir və rejimin süqutunun başlanğıcı kimi qiymətləndirilir. Lakin məsələyə fərqli yanaşan Vüqar Zifəroğlunun fikrincə, İranı SSRi ilə müqayisə etmək yanlışdır. Ekspert qeyd edib ki, İranda ideoloji təməl dini-məzhəbsəl amillərə əsaslanır. Eyni zamanda, İranın özünün idarəçilik sistemi fərqlidir. Buna baxmayaraq, Qərb İranla bağlı müxtəlif ssenarilər üzərində işləyir: “Burada hər zaman ön planda tutduqları iki istiqaməıtdən biri İranda sosial və etnik problemlərin qabardılmasına çalışmaq, gərginlik ocaqları yaratmaqdır. İran isə özü bir dövlət olaraq bu ocaqların olmamasına səy göstərməlidir”.

Onu da qeyd edək ki, Ukraynaya hərbi təcavüzünə görə, Rusiyanın Avropa bazarındakı fəaliyyətini bloklamağa çalışan ABŞ alternativ mənbələr axtarır. Bu baxımdan, ABŞ İran neftinin və qazının Avropa ölkələrinə satılmasını təklif edib. Əvəzində isə Vaşqton İranaın enerji sektoruna tətbiq etdiyi sanksiyaların xeyli hissisəsini ləğv etməyə razı olduğunu bildirib. Lakin İran hələ bununla razılaşmır. Etiraz aksiyalarından sonra İranın mövcud iqtisadi böhranı aradan qaldırmaq və maliyyə vəsaiti əldə etmək üçün ABŞ-ın təklifini qəbul edəcəyi ehtimal olunur.

Vüqar Zifəroğlunun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesi Avropanın enerji təhlükəsiliyi ilə əlaqəli şəkildə aparılır:

“Yəni bir proses getməlidir ki, ikincinə də start verilsin. İkinci proses bu gün Rusiya-Ukrayna müharibəsi kontekstində Qərb üçün çox aktualdır. Bu mənada, İranla danışıqlar prosesinin sürətlənməsinə cəhdlər edilir. İranın mövcud iqtisadi durumunu nəzərə alsaq, rəsmi Tehran da danışıqlardan nəticə əldə etmək məcburiyyətindədir. Sadəcə olaraq, tərəflər bir-birilərinin maraqlarına uyğun şərtlər altında bu razılaşmaya getmək istəyir. İran enerji “kartı”ndan məharətlə istifadə edir, Qərb isə iqtisadi sanksiyalar, onun yaratdığı böhran və İranın daxilindəki mövcud olan dini, məzhəbsəl, etnik amlillərlə bağlı narazılıqlardan ustalıqla öz xeyrinə yararlanmağa çalışır”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.