Gürcüstan mayın 26-da Zaqafqaziya Seymini tərk edib müstəqilliyini elan etdikdən sonra müsəlman fraksiyası Azərbaycan Milli Şurasını təşkil etdi. Azərbaycan Milli Şurası mövcud vəziyyəti dərindən təhlil və lazımi hazırlıq tədbirləri görərək 1918-ci il mayın 28-də qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığını elan etdi. Bundan sonra milli xartiya kimi qəbul edilən bəyannamədə aşağıdakılar qeyd olunurdu:
- Bu gündən etibarən Azərbaycan müstəqil dövlətdir, Azərbaycan xalqının iradəsini ifadə edir, Cənubi-Şərqi Zaqafqaziyadan ibarətdir.
- Müstəqil Azərbaycan dövlətinin siyasi idarəetmə forması xalq cümhuriyyətidir.
- AXC hamı ilə, xüsusən də qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq niyyətindədir.
- AXC öz hüdudları daxilində bütün vətəndaşlara milliyətindən, dinindən, cinsindən, ictimai mənsubiyyətindən asılı olmayaraq bütün mülki və siyasi hüquqların təmin edilməsinə təminat verir.
- AXC öz ərazisində yaşayan bütün xalqların azad tərəqqi və inkişafı üçün geniş meydan verəcəkdir.
- Məclisi-müəssisan (Parlament) çağırılana qədər Azərbaycan üzərində ali hakimiyyəti bütün xalqın seçdiyi Milli Şura və bu Şura qarşısında məsul olan Müvəqqəti hökumət həyata keçirir.
Bu Bəyannaməyə uyğun olaraq AXC-nin sonrakı daxili və xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyənləşdi.
AXC-nin daxili siyasəti barədə
Qeyd etməliyik ki, AXC radikal daxili siyasət yürüdürdü. Bu siyasətə a) demokratik hüquqların təmin edilməsi, b) aqrar məsələlərin həlli, c) yeni inzibati-ərazi bölgüsünün aparılması, yeni dövlət quruluşunun yaradılması və möhkəmləndirilməsi, d) Azərbaycan dilinin statusunun yüksəldilməsi məqsədilə təhsil sahəsində yeni tədbirlərin həyata keçirilməsi, e) milli nizami ordunun təşkili, f) bütövlükdə respublikanın iqtisadi vəziyyətinin yaxşılaşdırılması kimi istiqamətlər daxil idi.
Burada yuxarıda qeyd olunan məqamlarla bağlı ayrı-ayrılıqda qısaca danışmaq istərdim.
– AXC hökuməti 1917-ci il fevral demokratik inqilabının siyasi nailiyyətlərini qoruyub saxlamağa çağırırdı. Bu nailiyyətlərə söz, mətbuat və əməkdaşlıq azadlığı, milli azlıqların mədəni və siyasi hüquqlarının təmin edilməsi, fəhlə və kəndlilərin mənafeyinin müdafiəsi daxildir.
– Aqrar islahatlar mülkiyyətindən asılı olmayaraq, bütün torpaqların (istər ayrı-ayrı mülkiyyətçilərin, istərsə də Rusiya dövlətinin mülkiyyəti olsun) kəndlilərə təmənnasız verilməsini nəzərdə tuturdu; həmin torpaq sahələrində kəndli mülkiyyətinin yaradılması; torpağa məxsus xüsusi mülkiyyətin maksimum qanuniləşdirilməsi, torpaq mülkiyyətçilərinin və kirayəçilərin əmlaklarının bölüşdürülməsində itkilərinin ödənilməsi.
Müsavat partiyası daxilində aqrar məsələ ilə bağlı sağ və solçular arasında dərin fikir ayrılığı var idi. Buna görə də torpaq islahatları layihəsinin parlamentdə müzakirəsi tam bir il (1919-cu ilin dekabrına qədər) təxirə salındı.
Azərbaycanda demokratik hökumətin mövcudluğu dövründə də çarizm dövrünün torpaq mülkiyyətinin strukturu əsasən qorunub saxlanıldı (bütün əkin sahələrinin 30%-i dövlət xəzinəsinə, 50%-i kəndlilərə, 20%-i torpaq mülkiyyətçilərinə məxsus idi). Aqrar məsələnin zamanında həll olunmaması Azərbaycan hakimiyyətinin həm daxili, həm də xarici təhlükə qarşısında əsas zəifliyi oldu. Bəzi ərazilərdə, xüsusən də Gəncə quberniyasında rus inqilabının şüarlarından ruhlanan kəndlilər fəallaşdılar. Torpaqların özbaşına zəbt edilməsi halları baş verdi.
– Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü iki əyalətin[1] dörd quberniyaya – Bakı, Gəncə, Qarabağ və Zaqatalaya bölünməsi yolu ilə yenidən təşkil olundu. Bununla belə, mahallar eyni formada qaldı.
Köhnə məhkəmə sistemi, xəzinə və ticarət palataları, maliyyə müfəttişliyi fəaliyyətini davam etdirirdi. Yeni dövlət sisteminin qurulmasında əsas çətinlik inzibati institutların təşkilində deyil, onları idarə edə biləcək ixtisaslı kadrların yetişdirilməsində idi. Azərbaycan ziyalılarının nümayəndələri dövlət hakimiyyəti postlarının yalnız bir hissəsini tuturdular və buna görə də dəmiryolçulardan tutmuş teleqrafçıya qədər müxtəlif ixtisaslara malik kadrların hazırlanması üçün əsaslı proqram tərtib edilmişdi. Bundan əlavə, bir sıra xarici müşahidəçilərin fikrincə, yerli kadrların zəifliyi təkcə onların mütləq azlığı ilə deyil, həm də Rusiyanın orta və aşağı rütbəli mülki məmurlarının öz vəzifələrində qalmaları ilə izah olunurdu; bütün dövlət qulluqçularına 2 il müddətində Azərbaycan dilini öyrənmək imkanı verilməklə yanaşı, rəsmi dövlət işlərini rus dilində aparmağa müvəqqəti icazə də verilmişdi.
– Respublikanı ziyalılar idarə etməyə başlayan kimi ana dilində təhsil almaq imkanı yarandı. Yeni rejim bütün səylərini bu sahəyə yönəltdi və bu, ruslaşdırma siyasətinin əlamətlərinin aradan qaldırılmasına bir töhfə idi. Təhsilin səviyyəsindən asılı olmayaraq bütün məktəblərdə Azərbaycan dilinin öyrənilməsi məcburi idi və “Rusiya tarixi” əvəzinə “Türk xalqlarının tarixi”ni tədris etməyə başladılar. Bir çox məktəblərdə dərslər Azərbaycan dilində keçirilirdi, lakin pedaqoji kadr çatışmazlığı təhsil sisteminin azərbaycanlaşması prosesini ləngidirdi. İşçi qrupa dərsliklərin əsasən tərcümə yolu ilə hazırlanması tapşırılmışdı. Türkiyədən müəllimlərin dəvət olunması müəllim qıtlığını müəyyən qədər aradan qaldırdı. Eyni zamanda yeni açılan seminariyalarda azərbaycanlı müəllimlər hazırlanır, Türkiyə və Avropa universitetlərində təhsil alan 100-dən çox tələbənin xərclərini hökumət öz üzərinə götürürdü. Müstəqilliyin ikinci ilində, 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) açılması ilə Azərbaycanda ilk dəfə olaraq ali təhsil almaq imkanı yarandı. Təhsil sistemində gələcək islahatlar sırasında əlifbanın latın qrafikasına keçilməsi layihəsi də nəzərdə tutulmuşdu.
– Hərbi təlimlərin, keçmiş hərbi qulluqçuların və hərbi texnikanın olmaması Azərbaycan ordusunun təşkilatlanmasında əsas çətinlikləri təşkil edirdi. Cənubi Qafqazda yaranan təhlükəli vəziyyətə görə bu, təxirəsalınmaz iş idi. Bu missiyanı Osmanlılar öz üzərinə götürdü. Onlar təlimlərin təşkilində və keçirilməsində azərbaycanlı zabit və hərbi mütəxəssislərə ciddi-cəhdlə kömək edirdilər. AXC Hərbi Nazirliyinə rəhbərlik son dərəcə istedadlı sərkərdə, keçmiş rus ordusunun artilleriya generalı Səməd bəy Mehmandarova həvalə edilmişdi. Zabit korpusunun bir hissəsini 1918-ci ilin noyabrından sonra Azərbaycanda qalan və ya ruslara əsir düşən türklər təşkil edirdilər. Qalan zabitlər arasında çoxlu rus və bir neçə gürcü də var idi.
Keçmiş fədailərin, yeni çağırışçıların və çar rejimi dövründə hərbi xidmətdə olan azərbaycanlıların səfərbər olunması nəticəsində 40 minlik ordu yaratmaq mümkün oldu. Qarşıdakı planlar şəxsi heyətin sayının 50 min nəfərə qədər artırılmasını və İtaliyadan əlavə hərbi texnikanın alınmasını nəzərdə tuturdu. Gənc respublika hərbi işlərə çoxlu pul xərcləyirdi: 1919-cu ildə bu xərclər 140 milyon manat və ya büdcə ayırmalarının 13%-ni təşkil edirdi ki, bu da qeyri-mütəşəkkil durumda olan iqtisadiyyat üçün çox böyük məbləğ idi.
– Ümumiyyətlə, Azərbaycan qonşuları ilə müqayisədə yaxşı iqtisadi vəziyyətdə idi. Bununla belə, respublika bütövlükdə dərin böhran keçirirdi. Respublikanın iqtisadiyyatı Rusiya ilə təmasda inkişaf edirdi. Rusiyada gedən vətəndaş müharibəsi zamanı Azərbaycan ənənəvi bazarlarından məhrum olmuşdu, nəticədə yerli iqtisadiyyata böyük ziyan dəymişdi. 1919-cu ildə Şimali Qafqazı “ağların” ələ keçirməsi nəticəsində Azərbaycandan mal ixracı dayandı, pambıq, şirniyyat və tütün istehsalı kəskin şəkildə azaldı. Bu dövrdə neft sənayesinin fəlakətli vəziyyəti ən təhlükəli problemə çevrildi. Neft ixracı orta illik həcmin 30%-nə qədər azaldı. Hökumətin Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı dərc olunmuş rəsmi hesabatlarında Rusiyaya ixracın vacibliyindən bəhs edilirdi: “Avropanın bizdən aldığı neftin həcmindən asılı olmayaraq, Rusiya bazarları üzümüzə bağlandıqca Azərbaycanın maliyyə vəziyyəti normallaşmayacaqdır”.
Respublikada işsizliklə bağlı çətinliklərin qarşısını almaq üçün hökumət bir sıra tədbirlər həyata keçirdi: neft sənayesi sahiblərinə fəhlələrin maaşlarını və inzibati xərcləri ödəmək üçün subsidiya verilirdi. Nəticədə, bu subsidiyalar orduya, dövlət aparatına və təhsil sisteminə xərclərlə birlikdə ağır maliyyə böhranına səbəb oldu. 1919-cu ildə dövlət xərcləri 1085 milyon manata, mənfəəti isə 665 milyon manata çatdı. Büdcə kəsirinin bir hissəsi (250 milyon manat) dövriyyəyə yeni pul buraxılması hesabına ödənildi və nəticədə də inflyasiya yarandı. 1919-cu ilin mayına qədər təkcə Bakıda 10 minə yaxın işsiz var idi. Lakin çətinliklərə baxmayaraq, bir çox azərbaycanlı gələcəyə nikbinliklə baxırdı və bunun üçün kifayət qədər əsasları var idi. 1919-cu ilin ikinci yarısında Batumi neft kəməri yenidən istifadəyə veriləndə Qərbi Avropa ölkələrinin Bakı neftinə marağı artdı və kredit almağa şərait yarandı. Bu isə öz növbəsində respublikanı ilkin dövrdə yaranmış vəziyyətdən çıxara bilərdi və Rusiyada vətəndaş müharibəsi başa çatdıqdan sonra Azərbaycanın qarşısında yeni inkişaf perspektivlərinin açılacağına ümidlər verirdi. Lakin bu perspektivlər «Rusiyada vətəndaş müharibəsinin qalibinin Azərbaycan Respublikasına münasibəti necə olacaq?» sualına cavabdan asılı idi.
AXC-nin xarici siyasəti barədə
1919-cu ilin sonunda beynəlxalq aləmdə baş verən dəyişikliklər Azərbaycanın siyasi həyatına da təsir edirdi. Qızıl ordunun ilk ciddi uğurlarından sonra Antantanın Kalçaka, Denikinə və digər çar generallarına yardım siyasəti Sovet Rusiyası ilə münasibətləri nizamlamaq siyasəti ilə əvəz olundu. Əgər əvvəllər Antanta ölkələri “böyük, vahid Rusiyanın” bərpasına ümid edirdilərsə, artıq “ağ” generalların uğursuzluqlarını müşahidə edərək, onlara göstərilən hərbi və siyasi yardımı tədricən azaltdılar. 1919-cu ilin noyabrından etibarən isə Avropa mətbuatı Sovet Rusiyasının təklif etdiyi sülh şərtlərini müzakirə etməyə başladı.
Paris sülh konfransının (18.01.1919 – 21.01.1920) iştirakçıları olan Azərbaycan nümayəndələrinin bildirdiyinə görə, bolşeviklər (qeyd edək ki, bolşeviklər bu konfransın işində iştirak etməyə dəvət olunmamışdılar) keçmiş Rusiya imperiyasından qopan yeni dövlətlərin nümayəndələrinin iştirakı ilə xüsusi konfransın çağırılmasını təklif edirdilər. Digər tərəfdən, Paris Sülh Konfransının Ali Şurası bolşevik hökumətinin Qafqazda və başqa yerlərdə yeni yaradılmış dövlətlərin müstəqilliyinin tanınması haqqında bəyanat yayması şərti ilə Sovet Rusiyasının təkliflərini qəbul edəcəyini bəyan etdi.
1920-ci il yanvarın 2-də Rusiya Xalq Xarici İşlər Komissarı cənab Çiçerin Azərbaycan hökumətinə təqdim etdiyi notada “gec olmayaraq Denikinə qarşı birgə mübarizəyə başlamağı” təklif etdi. O, güman edirdi ki, Azərbaycanın və onun zəhmətkeş təbəqəsinin ictimai-siyasi maraqları AXC hökumətini Denikinə qarşı Rusiya ilə hərbi ittifaq yaratmaq üçün razılaşmaya məcbur edəcək. Çiçerinin bu notası Paris konfransının Azərbaycanın müstəqilliyi məsələsinə münasibətinin aydınlaşdırılmasını sürətləndirdi.
1920-ci il yanvarın 11-də, nəhayət, Paris Konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması haqqında yekdilliklə qərar verdi. 1920-ci il fevralın 7-də Denikin Azərbaycanın müstəqilliyini rəsmən tanıdı, Yaponiya isə diplomatik əlaqələr qurmağa hazır olduğunu bəyan etdi. Hətta, Papa Bakıya nümayəndə göndərdi.
Hökumətin 5 mart 1920-ci il tarixli qərarı ilə aprelin 1-dən Fransa, İngiltərə, İtaliya, ABŞ və Polşanın paytaxtlarında diplomatik nümayəndəliklərin yaradılması ilə bağlı layihə parlamentə təklif olundu. Diplomatik nümayəndəliklər eyni zamanda Litva, Latviya, Estoniya, Finlandiya və Ukrayna ilə rəsmi əlaqələr saxlamalı, bu ölkələrdə Azərbaycan hökumətini təmsil etməli idilər.
Hələ 1919-cu ilin sonlarından başlayaraq AXC Gürcüstan, Ermənistan, İran və Türkiyə ilə rəsmi diplomatik əlaqələr saxlayırdı. Bundan əlavə Təbriz, Xoy, Ənzəli, Rəşt, Əhər, Məşhəd, Batum, Kiyev, Krım, Aşqabad və başqa yerlərdə baş konsulluq və konsulluq idarələri fəaliyyət göstərirdi. Bakıda isə Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İsveç, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya kimi ölkələrin müxtəlif səviyyəli rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi.
Bir sıra sənədlər göstərir ki, Azərbaycan hökuməti Sovet Rusiyası ilə əlaqələrin qurulmasını zəruri hesab etmiş və bu məsələdə konkret təşəbbüs göstərmişdir. M.Ə.Rəsulzadə 1918-ci ilin yayında İstanbuldan AXC hökumətinin sədrinə və Xarici İşlər nazirinə göndərdiyi məktubunda “bolşeviklərlə bilavasitə əlaqə qurmağı” təkidlə qeyd edirdi. Sovet Rusiyası hökuməti, Xarici İşlər Komissarı cənab Çiçerin və həmin nazirliyin Müsəlman Yaxın və Orta Şərq şöbəsinin müdiri N. Nərimanov da öz növbəsində hələ 1919-cu ilin avqustunda Azərbaycan, Dağıstan və Gürcüstan fəhlə və kəndlilərinə müraciət edərək qeyd edirdilər ki, “Rusiya SSR heç vaxt özgə torpaqları ələ keçirmək, yad torpaqlarda sovet hakimiyyətini silah gücünə bərpa etmək üçün hərəkətə keçməmişdir. Sovet Rusiyasının sizin respublikalarınıza qarşı silah gücü ilə hücuma keçmək niyyəti yoxdur. O, öz müqəddəratını təyinetmə hüququnu qətiyyətlə dəstəkləyir. Əgər siz, qafqazlı müsəlmanlar və gürcülər, respublikanızdakı idarəçilik üsulundan razısınızsa, o zaman əmin-amanlıq içərisində yaşayın, öz həyatınızı qurun və bizimlə mehriban qonşuluq münasibətlərini bərpa edin”.
Denikin ordusunun şimal istiqamətində geri çəkilməsi ilə Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoydu. AXC hökumətinin başçısı F.Xoyski Çiçerinin birinci notasına cavab olaraq qeyd etdi ki, Azərbaycan xalqı başqa xalqların daxili işlərinə qarışmır. Ona görə də Azərbaycan hökuməti öz daxili həyatını qurmaqla məşğul olan rus xalqının mübarizəsinə qarışmağı yolverilməz hesab edir. Eyni zamanda, F.Xoyski “hər iki dövlətin – Azərbaycanın və Rusiyanın suveren prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətlərini bərpa etməyə hazır olduğunu” bəyan etdi.
Çiçerinin 23 yanvar 1920-ci il tarixli ikinci notası onun Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınmasına əhəmiyyət vermədiyini göstərirdi. 20 fevral 1920-ci ildə Qırmızı ordu hissələri artıq Dağıstan sərhədlərində olanda Çiçerin üçüncü notasını göndərdi. Bu nota da məzmununa görə əvvəlkindən çox da fərqlənmirdi.
F.Xoyski və onun həmfikirləri vəziyyətdən çıxış yolunu ölkədə güclü rejim yaratmaqda, müdaxiləyə silahlı müqavimət göstərməkdə görürdülər. Lakin 1920-ci ilin martında müxtəlif partiyaların nümayəndələrinin iştirak etdiyi konfransda Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmağın mümkünlüyünü düşünən M.Hacınskinin platforması qəbul edildi.
1920-ci il martın 6-da Azərbaycan nümayəndələri gürcü nümayəndələri ilə birlikdə Böyük Britaniyanın baş nazirinə (R.Corca) nota göndərmişdilər ki, “respublikalarımızın müstəqilliyinin tanınması və ərazilərimizin şimaldan gözlənilən hücumdan müdafiəsi xarici siyasətimizin əsas məqsədidir”. Bundan əlavə, onlar Böyük Britaniyanın baş nazirindən “Azərbaycan və Gürcüstanın tam müstəqilliyinin Moskva tərəfindən tanınmasına yardım etməyi, eyni zamanda da həm Azərbaycan və Gürcüstan, həm də Sovet Rusiyası tərəfindən danışıqlara başlamaq üçün təşəbbüs göstərməyi” xahiş etmişdilər.
Elə bu zamanlarda da Sovet Rusiyasında, əsasən Həştərxanda, Moskvada, Petroqradda, eləcə də Donbassda, Xarkovda və Şimali Qafqazda yaşayan Azərbaycan kommunistləri Şərqdə sosialist inqilabının yetkinləşməsi ilə bağlı mübahisə edirdilər. Nəticədə onlar AXCR-nin müstəqilliyinin tanınmasının qəti əleyhinə çıxdılar. N. Nərimanov yazırdı: “Petrovsk (Şimali Qafqaz – S.B.) alındıqdan sonra biz Dağıstan Sovet Respublikasını, Bakını alandan sonra isə Azərbaycan Sovet Respublikasını elan etməliyik… Biz rus yoldaşlardan kömək gözləyirik”.
1920-ci il fevralın əvvəllərində Rusiya Xarici İşlər Komissarlığı AXC-nin müstəqilliyinin tanınması məsələsində mövqeyi müəyyən etmək üçün RK(b)P-nin Qafqaz Vilayət və Bakı Komitələrinə sorğu göndərdi. Kirov 1920-ci il fevralın 11-də Çiçerinə göndərdiyi teleqramda yazırdı ki, “Qafqaz Vilayət Komitəsi Azərbaycanın müstəqilliyinin tanınmasını zəruri hesab edir”. Lakin AK(b)P Mərkəzi Komitəsi Çiçerinin 1920-ci il fevralın 17-də təkrar müraciətini müzakirə edərək, Moskvaya AXC-nin müstəqilliyinin tanınmasının əleyhinə olduğunu bildirdi. Bir qədər sonra bu mövqeyi Kirov və Stalin də müdafiə etdi. “AXC-nin tanınmaması haqqında” qərar qəbul edildi. 1920-ci il martın 17-də Rusiya neft qıtlığı üzündən iflic vəziyyətində olduğu bir zamanda Lenin Qafqaz Cəbhəsinin hərbi inqilab şurasına, Smilqaya və Orcenikidzeyə teleqram vuraraq yazırdı: “Bakının ələ keçirilməsinə olduqca və olduqca ehtiyacımız var. Bütün səylərinizi bu işə yönəldin” (V.İ.Lenin. Əsərlərinin tam külliyatı, 4-cü nəşr, Cild 35, s.430).
Belə bir vəziyyətdə Bakıda hökumət böhranı baş verdi. Bolşeviklərlə danışıqlara girən Hacınski onları yeni hökumətdə iştirak etməyə dəvət etdi, lakin bolşeviklər iştirakdan imtina etdikdə, Hacınski özü Kommunist Partiyasının üzvlüyünü qəbul etdi.
Sovet Rusiyasının Ermənistanın Azərbaycana qarşı düşmən münasibətindən istifadə etməsi onun böyük uğur qazanmasında əsas amillərdən biri və başlıcası oldu. Qızıl ordunun 72 minlik əsgərdən ibarət hərbi hissələrinin Samur çayı sahilində cəmləşdiyi bir zamanda, Novruz bayramı günlərində ermənilər Qarabağda azərbaycanlıları qırmağa başladılar. Azərbaycanın bütün 40 minlik ordusu respublikanın qərbinə doğru hərəkət etdi və aprelin 26-da daşnak hökuməti sülh sazişi bağlanmasını istədi.
Belə bir şəraitdə Sovet Rusiyası ilə ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı danışıqlar davam etdirilirdi (neft ətrafında danışıqlar 1920-ci il aprelin 27-dək davam etdi). F.Xoyski növbəti bir nota ilə Çiçerinə müraciət etdi. Həmin notada F.Xoyski çoxsaylı hərbi hissələrin Dərbənd bölgəsində cəmləşməsinin səbəbini soruşaraq “rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılması haqqında” danışıqlar aparılmasına təkid edirdi. Lakin bu nota cavabsız qaldı.
1920-ci il aprelin 27-də Qızıl ordunun hərbi hissələri AXC-nin şimal sərhədini keçdi. Azərbaycan kommunistləri də həmin gün AKP MK-nın konfransı, Vilayət Komitəsinin Bakı Bürosu və fəhlələr adından Azərbaycan parlamentinə ultimatum təqdim edərək şəhərin ən mühüm məntəqələrini zəbt etdilər.
1920-ci il aprelin 27-də saat 23.00-da Azərbaycan parlamenti hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi və bu qərar “Kommunist” qəzetinin 6 may 1920-ci il tarixli sayında dərc olundu (bax: “Azərbaycan arxivi” jurnalı 1-2, 1988-ci il № 1-2 , səh. 193).
Ertəsi gün Orcenikidze Xalq Komissarları Sovetinə Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi haqqında teleqram göndərdi və orada deyilirdi: “Aprelin 27-dən 28-nə keçən gecə saat ikidə Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi və Azərbaycanda Sovet Respublikası quruldu” (yeni orada).
Nəticə əvəzi: AXC-nin fəaliyyət göstərdiyi 23 ay ərzində (28.05.1918-28.04.1920) 5 nazirlər kabineti fəaliyyət göstərdi. Sonuncu kabinet istisna olmaqla, müxalifət statusunu saxlayan “İttihad” partiyası hər bir kabinetin təşkilində iştirak etmişdir. İlk üç kabineti (28 may 1918, 17 iyun 1918, 26 dekabr 1918) Xan Xoyski, qalan iki kabineti (5 aprel 1919, 29 dekabr 1919) Usubbəyli təşkil etmişdir. AXC-nin fəaliyyəti dövründə parlamentin 105 plenar iclas keçirilib, 203 qanunvericilik təklifi daxil olub ki, bu da Azərbaycan parlamentinin operativ fəaliyyəti haqqında təsəvvür yaradır.
Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
[1] 1840-cı il islahatlarına görə Zaqafqaziya Gürcüstan-İmeretiya (mərkəz, Tiflis) və Xəzər (Şamaxı) əyalətlərinə bölünmüşdü. Azərbaycan torpaqlarının bir hissəsi birinci, əsas hissəsi isə Şamaxı, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalarından ibarət ikinci əyalətə daxil idi. 1859-cu ildə Şamaxıda baş vermiş güclü zəlzələ ilə əlaqədar quberniya mərkəzi Bakıya köçürüldü və bundan sonra o, Bakı quberniyası adlandı. 1861-ci ildə isə 2-ci Yelizavetpol quberniyası yaradıldı.
Şərhlər bağlıdır.