NƏSİR ƏHMƏDLİNİN SON ŞEİRİ 

SALAMAT QAL, GÖZƏL DÜNYAM

Herbiand.az haqq dünyasına qovuşan Azərbaycan jurnalistlərinin gur səslə USTAD adlandırdıqları Nəsir Əhmədlinin öz səksən illiyində qələmə aldığı şeri təqdim edir:

SALAMAT QAL, GÖZƏL DÜNYAM

Səksən illik bir yol gəldim,
Usanmadım, yorulmadım.
Gen günümə şükür etdim,
Dar günümə darılmadım.
Söz mülkünü hədəf seçdim,
Müqəddəs sözə and içdim,
Seçdiyim yolu düz keçdim,
Sağa, sola burulmadım.
Simsar oldum qananlara,
Millət üçün yananlara,
Sinə gərdim tufanlara,
Əyilmədim, qırılmadım.
Gənclər ilə ülfət qıldım,
Elm öyrətdim, əleyk aldım,
Saf yaşadım, saf qocaldım,
Var-dövlətə yar olmadım.
Sona çatdı əzəl dünyam,
Özəl ömrüm, özəl dünyam.
Salamat qal, gözəl dünyam,
Bəlkə bir də var olmadım.

Şərhlər bağlıdır.