Şeir 2013-cü ilin iyun ayının 5-də Səməd Bayramzadənin Fasebook səhifəsində paylaşılıb.
“Qərib duyğular”
Yenə yuxularım sənli olubdu.
Yenə də izinə düşmüşəm bu gün.
Yenə səni deyib, səni gəzirəm
Sərhəddən gizlicə keçmişəm bu gün.
Yenə yollarına yol eyləmişəm.
Könlümdən keçənlər mənə tuş gəlib.
Yenə sən olmusan söhbətim, sözüm,
Söhbətin xoş gəlib, sözün xoş gəlib.
Aşıb dağlarından, dərələrindən,
Bu gün yurd yerinə səfərim olub.
Başın cəkənləri görməsəm də mən,
Olub keçənlərdən xəbərim olub.
Səndən ayrı düşüb qalsam da burda,
Orda, yurd yerində ana qoymuşam.
Arxamda dağ kimi dağ olub duran,
Bir el ağsaqqalı ata qoymuşam…
Sevmişəm ən adi daşını belə
Yuxuma xoş gəlib səfa gətirdin.
Sıxılıb, darıxıb qalmışdım bu gün
Sən mənə ruh verən səfa gətirdin…
Hara tələsirəm, hara mən belə!?
Kaş qalan ömrümü yata biləydim.
Həyatda əllərim çatmır ki, sənə,
Kaş sənə yuxuda çata biləydim.
Yenə yuxularım sənli olubdu.
Yenə də izinə düşmüşəm bu gün.
Budur səni deyib, səni gəzirəm
Sərhəddən gizlicə keçmişəm bu gün.
Ədəbiyyatşünas alim,
Səməd Bayramzadəyə ithaf.
Şərhlər bağlıdır.