İRAN KİMİN DOSTUDUR: BİZİM, YOXSA ERMƏNİLƏRİN?

İran və Ermənistan rəsmiləri iki ölkə arasında dostluq əlaqələrinin “tarixi” köklərə bağlı olduğunu hesab edirlər. Nə qədər təzadlı olsa da, qardaşlıq münasibətlərindən dəm vuran bu ölkələrdən biri – Ermənistan müsəlmanlara qatı düşmən mövqeyi bəsləyir, digər tərəf – İran isə özünü İslam ənənələrinin “davamçısı” kimi qələmə verir.

Ermənilərlə farsların “dostluğu” ağıllara bəzi sualları gətirir. İki əks istiqamətdə yer alan İranla Ermənistanı nələr birləşdirir? İran rəsmiləri onların mənsub olduğu dini təhqir edənləri hansı məntiqlə “qardaş” hesab edirlər?

“İran heç vaxt Azərbaycanla səmimi münasibətdə olmayıb”

Bu barədə Modern.az-a danışan Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikirlərini Azerbaycan-ruznamesi.org təqdim edir. O, hazırda İran və Ermənistan əlaqələrinin güclü olduğunu söyləyib. Onun sözlərinə görə, qonşu İranın rəhbərliyi Azərbaycanla bağlı səmimiyyət nümayiş etdirmir:

“İki ölkənin əlaqələri heç vaxt pis olmayıb, əksinə indi daha da inkşaf edir. Bu ölkələrin rəhbərləri rəsmi səfərlərini bir-birilərinə etmək ənənələrini davam etdirirlər. 44 günlük Vətən müharibəsi zamanı, eləcə də işğal dövründə İran və Ermənistan əlaqələrinin canlı şahidi olmuşuq. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan İranda səfərdə olub, görüşdə Ermənistanın inkşaf etməsində İranın rolunu vurğulayıb. Bundan başqa, İran parlamentinin bir qrup nümayəndəsi öz növbəsində Ermənistanda səfərdə olub. Ermənistan və İran tərəfi birgə kulinariya festivalı keçirmək istədiklərini bildiriblər. Bu da iki ölkə arasında əlaqələrin nə səviyyədə olduğundan xəbər verir. İran heç vaxt Azərbaycan ilə səmimi münasibətdə olmayıb. Son vaxtlar İranda Azərbaycan səfirliyinin qarşısında keçirilən aksiyalar da buna nümunədir”.

Politoloqun fikrincə, İran hakimiyyəti əvvəlki kimi yenə də Azərbaycana “böyük qardaşlıq” etmək və daxili prosesləri qarışdırmaq niyyətindədir.

“İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edir. Eyni zamanda, Azərbaycanın İrana qarşı  tutduğu mövqe necə idisə, indi də dəyişməyib. Bu baxımdan İran hakimiyyətinin Azərbaycanla bağlı qulağa xoş  gələn sözlərinə güvənmək olmaz. Əsas görülən iş və əməldir. İran hakimiyyəti əməldə Azərbaycana dost olduğunu sübut edə bilməyib”, – deyə S.Soltan qeyd edib.

Aysel Məhərrəm

Şərhlər bağlıdır.