İRANIN YENİ ALİ RƏHBƏRİ KİM OLACAQ?  

İran mətbuatının yazdığına görə, bu ölkədə əhalinin 60 faizi yoxsulluq səviyyəsində yaşayır. Bu isə İslam inqilabı dövründə olan səviyyədən 3 dəfə çoxdur.

Digər tərəfdən, İranın hakim dairələri deyəsən Ali Rəhbərin varis yolu ilə seçilməsi planı barədə düşünür. Bu günlərdə on ildən artıqdır ev dustağı olan islahatçı siyasətçi Mirhüseyn Musəvinin tərəfdarlarına aid olan “Kələmə” saytı onun İranda “Rəhbərliyin irsi varisliyi haqqında” adlı məqaləsini dərc edib. O, məqaləsində Müctəba Xamneinin atası Əli Xamneinin ölümündən sonra onun yerinə keçəcəyilə bağlı xəbərdarlıq edib.

İran uzun illərdir sanksiyalarla üz-üzədir. Sanksiyalar səbəbindən İran özünün əsas istehsal sahəsi olan neft və qazını sata bilmir. Bu fonda ölkənin iqtisadiyyatı böyük həcmdə çöküb. Əhalinin mütləq əksəriyyəti yoxsulluq səviyyəsində yaşayır. Onun nəticəsidir ki, son zamanlar cənub ölkəsini ciddi etiraz aksiyaları bürüyür.

Müxtəlif peşə sahibləri tez-tez mövcud duruma etiraz olaraq aksiyalar keçirirlər. İranın Ali Rəhbərinin atadan oğula keçməsinə gəlincə, bu barədə məsələlər uzun müddətdir ki, müzakirə mövzusudur. Bu mövzunun müzakirə predmeti olmasının özü göstərir ki, hazırkı dini lider Əli Xamnei artıq özünə yerinə gələcək şəxs barədə ciddi düşünür və bu müstəvidə oğlunun üzərində dayanır. Görünən odur ki, inqilabın könnə qvardiyası xeyli yaşlaşdığından onlardan hər hansı birinin dini lider vəzifəsinə gətirilməsi mümkünsüzdür. Ona görə də bu vəzifəni inqilabdan sonrakı daha gənc nəslə örütməyi düşünürlər. Bu adla da oğlu Müctəba Xamneini önə çəkməyə çalışırlar.

Mövzu ilə bağlı “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan bildirir ki, İranda yoxsulluq səviyyəsi yüksəlsə, etirazlar artsa da, güc strukturlarının güclü olması fonunda cəmiyyətin istədiyi böyük hadisələr hələlik baş vermir:

“Nüvə məsələsilə bağlı İrana tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurub. Nəticədə yaranmış vəziyyət bu ölkə üçün böyük problemlər yaradıb. Sanksiyalar İran iqtisadiyyatını çökdürür və bu proses davam etməkdədir. Yəni İranda yoxsulluq səviyyəsinin həddən artıq yüksəlməsi ilk növbədə sanksiyalardan irəli gəlir. Digər tərəfdən, uzun müddətdir İran iqtisadiyyatında islahatlar aparılmır. Məhəmməd Hatəminin hakimiyyəti dövründə özəlləşdirilməyə cəhd edilsə də, sonradan bu proses də dayandı. Bank sektorunun formalaşmasında da problemlər mövcuddur. Dövlət büdcəsinin bir hissəsinin xaricdə İslam inqilabı doktrinasına xərclənməsi fonunda sərf edilən yersiz xərclər də ölkənin çöküşünə rəvac verir. Bütün bu amillər nəticə etibarı ilə ölkədə ciddi sosial problemlərə stimul yaradır. Koronavirusa baxmayaraq, son 3 ildə İranda sosial tələblərlə bağlı böyük etiraz aksiyaları baş tutub. Bu aksiyalar davamlı olacaq. Əvvəlki dövrdə Tehran rejimi etirazları bir sıra güzəştli sosial proqramlarla sakitləşdirsə də, son bir neçə ildə bu layihələrə də son qoyulub. Bunun özü də etirazlara səbəb olur. Amma İranda İnqilab Keşikçiləri Qvardiyası – SEPAH zor aparatı olaraq hələ də güclüdür. Ölkədə ciddi hərbi-polis rejimi var. Bu amillər isə hələlik etirazların böyüməsi və rejimin dəyişilməsinə gətirib çıxarmır. Amma bu da uzun müddət belə davam etməyəcək. Son aylar SEPAH daxilində baş verən bir sıra müəmmalı ölümlər deməyə əsas verir ki, güc strukturları daxilində də müəyyən ziddiyyətlər var və zaman ötdükcə bu ziddiyyətlər daha da qabaracaq”.

Ekspertə görə, Müctəba Xamnei atasının yerinə gətirilməsi məsələsinin gündəmə atılması sadəcə reaksiyanı yoxlamağa hesablanmış addımdır:

“İranda Ali Rəhbər dini ekspertlər Şurası tərəfindən seçilir. Bu Şura da seçkili orqandır. Müctəba Xamneinin atasının yerinə gəlməsi şansı heç də təkcə Əli Xamneinin oğlu olması, daxili və xaricdəki bəzi qüvvələrin onu dəstəkləməsindən asılı deyil. Onun özünün də bu postu tutmaq üçün bir sıra keyfiyyətləri olmalıdır. Müctəba Ayətullah deyil, yəni dini titul səviyyəsində o yüksəkliyə qalxmayıb. Digər tərəfdən, cəmiyyətin bütün təbəqələri tərəfidən birmənalı şəkildə qəbul olunmur. Atası isə indi tutduğu vəzifəyə qədər həm ölkənin prezidenti olub, həm də hakimiyyət daxilində böyük nüfuza sahib idi. Müctəba isə bu keyfiyyətlərə malik deyil. Bəziləri iddia edir, İranı ata Xamnei deyil, daha çox oğlu idarə edir. Ola bilər kölgə kabinetində onun hansısa nüfuzu olsun. Bu müstəvidə onun adının hallanması ola bilər sadəcə reaksiyanı yoxlamaq üçün ortaya atılıb”.

Hər halda Sədrəddin Soltanın fikrincə, proses İranın alternativ axtarışına çıxdığından xəbər verir:

“Xamneinin yerini inqilab dövrünün ayətullahlarına verməsi mümkünsüzdür. İnqilab zamanından gələn ayətullahlar olduqca yaşlıdır. Onların perspektivdə dövləti idarə etməsi problemlidir. Müctəba hakimiyyətə gətirilə bilər. Amma bu baş versə də, müvəqqəti olacaq”.

Politoloq hesab edir ki, İran üçün daha düzgün yol ali dini rəhbərlik institutunun ləğvini nəzərdə tutan Konstitusiya islahatıdır:

“İranın növbəti inqilabdan qaçması üçün ən doğru yol Konstitusiya islahatıdır”.

Rüfət Sultan

Şərhlər bağlıdır.