İRAN HAKİMİYYƏTİ “HÜSEYNIYYUN” HƏRƏKATININ FƏALLARINI BAKIYA VERMƏK NİYYƏTİNDƏ DEYİL

Onlar 41 nəfərdir. Və Bakida törətdikləri əməllərə görə nə varsa cavab verməli olacaqlar. İran hakimiyyəti isə “Hüseyniyyun”çuları geri qaytarmaq niyyətində deyil.

SEPAH-a bağlı media orqanları Azərbaycanın baş prokuroru Kamran Əliyevin İrana səfəri və bu ölkəyə sığınan, axtarışda olan Azərbaycan vətəndaşlarını geri qaytarmaq tələbi ilə bağlı materiallar yayıb.

İranın Gənc Jurnalistlər Klubu (Cavan) məsələ ilə bağlı çap etdiyi geniş məqalədə Azərbaycan Respublikasına qarşı ittihamlar səsləndirib.

Qurum İran rəsmilərinin “şiələrə qarşı təzyiq”lər barədə iddialarını təkrar edib.

Yazıda bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin 20 nəfərin siyahısını təqdim etdiyi, bu cavabsız qaldıqdan bir müddət sonra Kamran Əliyevin siyahıya daha 21 nəfər artıraraq sayı 41 çatdırdığı bildirilir, bunun da cavabsız qalacağı qeyd olunur.

Media orqanı “Hüseyyun” qrupunun yaranma ideyasının 2013-cü ildə ortaya atıldığını yazıb.

Qrupun 2017-ci ildə rəsmi olaraq təsis edildiyi bildirilir. Qeyd olunur ki, qrup Suriyada İrana bağlı “Hərəm müdafiəçiləri” qrupuna aiddir.

Gənc Jurnalistlər Klubu (Cavan) Azərbaycanda ağır cinayətlər törətdiklərinə görə həbs edilən bir neçə şəxsin, o cümlədən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətdiyinə görə saxlanılan Yunis Səfərovu “əqidə məhbusu” kimi qələmə verib.

Agentlik İranda fəaliyyət göstərən “Hüseyniyyun” qrupunun məsələ ilə bağlı bəyanatını dərc edib.

Media orqanı Azərbaycan hökumətinin 41 nəfəri İrandan geri tələb etməsinin qorxudan irəli gəldiyini, İranın isə bundan öncə olduğu kimi bu tələbə əhəmiyyət verməyəcəyini bildirib.

Faktlardan göründüyü kimi, bu hərəkətin arxasında qanun yox, İran dövlətinin şəxsi maraqları dayanır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.