Bir neçə gün öncə Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib. Bununla da iki ölkə arasında diplomatik əlaqələr kəsilib, böyük qalmaqalın əsası qoyulub. İran səfirinin Kiyevdən qovulması təsadüfi deyil. Buna səbəb İranın Ukraynaya qarşı müharibədə istifadəsi üçün Rusiyaya kamikadze dronlarını verməsi olub.
İki ölkəni üz-üzə qoyan dron qalmaqalı barədə Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranın Rusiyaya PUA-lar verməsi Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı müharibəyə müdaxilədir. Bunu İranın Kiyevə zərbəsi kimi qiymətləndirmək olar. Həmin söhbəti Azerbaycan-ruznamesi.org-da dərc edirik.
Politoloqun sözlərinə görə, İrandan Ukraynaya birinci zərbəni ali dini lider Ayətullah Xamenei vurub. Belə ki, o, prezident Vladimir Putinlə görüşdə Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verdiyini bəyan edib.
S.Soltan vurğulayıb ki, İran lap əvvəldən Rusiyaya həm siyasi, həm də hərbi dəstək verir:
“İran tərəfi bu dəstəyin adını ABŞ-a qarşı mübarizə adlandırır. İran bildirir ki, müharibənin başlamasının əsas səbəbi ABŞ və NATO-dur. Bunu özünə bəraət qazandımaq üçün edir. Buna görə də, Ukrayna İranla diplomatik əlaqələri kəsməyə məcbur olub. Ukrayna başqa cür etirazını bildirə bilməzdi”.
Politoloq, həmçinin vurğulayıb ki, bu dəstəyə görə İran ABŞ tərəfindən cəzalandırılıb:
“ABŞ Rusiyaya dəstək verdiyinə görə İrana açıq müdaxilə edə bilməz. Sadəcə olaraq ABŞ İran şirkətlərinə sanksiya tətbiq edə bilir. Rusiya ilə əməkdaşlıq edən İran şirkətlərinə, o cümlədən Rusiyaya hərbi yardım daşıyan İran aviaşirkətinə artıq sankisya tətbiq edilib. Bir sözlə, deyə bilərik ki, ABŞ tərəfindən İran cəzalandırılıb. İran bu əməlinə görə, beynəlxalq ictimaiyyətdə işğalçını, təcavüzkarı müdafiə edən, ona yardım göstərən ölkə kimi tanınır. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən yeni sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər”.
Turqay MUSAYEV
Şərhlər bağlıdır.