İRANDA TÜRKLƏRİN ANA DİLİNDƏ OXUYUB

- YAZMALARINA NİYƏ İMKAN VERİLMİR?

XX əsrin əvvəllərində, Qacarlar hakimiyyətinin son illərində İran hakim dairələrində üstün düşüncəyə çevrilmiş millətçilik Rza Pəhləvinin hakimiyyətə gəlişindən sonra dövlət ideologiyasına çevrilmiş və ölkədə farsdilli milli  dövlətin qurulmasında əsas rol oynamışdır. Nəticədə, İran əhalisinin yarısından çoxunu təşkil edən türklərin milli hüquqları ardıcıl olaraq tapdanmışdır. Azərbaycan vilayətləri zaman keçdikcə ikinci dərəcəli ərazilər kimi ayrı-seçkiliyə məruz qalmış, soydaşlarımızın milli varlığı  tarixi geriliyə məhkum edilmişdir. İnsan hüquq və azadlıqlarının dünyada qlobal trendə çevrildiyi, BMT İnsan Haqları Bəyannaməsinin bütün xalqlara milli və bəşəri hüquqlardan istifadə bərabərliyi elan etdiyi bir dövrdə İranda belə bir cəhalət siyasi düşüncəyə necə hakim kəsilmiş, gerizəkalılığa söykənən kütləvi ədalətsizlik necə bərqərar olmuşdur?.

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bu suallarımızı belə cavablandırdı:

– Bütün dünyada türk soyuna qarşı düşmən münasibət bəsləyən imperialist dairələrin təhriki və himayəsi ilə İranda dövlət siyasəti səviyyəsinə yüksəldilmiş antitürk ideologiya XX əsr boyunca tədricən və zorakı üsullarla gerçəkləşdirilmişdir. Eyni zamanda, antibəşəri mahiyyət daşıyan bu ideologiyanı ərsəyə gətirənlər – hakimiyyət və ətrafındakı irticaçı qüvvələr İranın tərəqqisinin milli birlikdən keçdiyini bəhanə kimi əsaslandırmağa çalışmış, bunun üçün vahid dil, əxlaq, ənənə, hətta  geyim eyniliyinin zəruriliyini ortaya atmışlar.

Bu məsələdə  fars dili inteqrativ, bütünləşdirici funksiyanı yerinə yetirməli, ölkə daxilində yayılmalı və türk dili də daxil olmaqla, bütün fərqli dilləri aradan qaldırmalı idi. Pəhləvi şahlığının qurulması ilə tarixdə və  gerçəkdə var olan İran tamamilə kənara atılmış, əvəzində ari irqinin əzəli, əbədi və əsl dövləti kimi irəli sürülən İran ortaya atılmış və bu baxış dövlətin rəsmi ideologiyasına çevrilmişdir.

– Pəhləvilərin hakimiyyətinin ilk illərində müəyyən irticaçı dairələr hökuməti İran Azərbaycanında assimilyasiya və fars dilinin təbliği siyasəti yeritməyə təşviq etməklə yanaşı, hətta onun türklərdən ibarət əhalisinin Mərkəzi İrana zorla köçürülməsi və farsdilli əhali ilə birgə yerləşdirilməsi kimi insanlığa zidd ideyalar da  irəli sürmüşdülər.

– Bütün bunlar İranda Azərbaycan adlı bir məmləkətin xəritədən silinməsi, onun min illərdən bəri burada sakin olmuş türk əhalisinin etnik cəhətdən yox edilməsi siyasətinin məsuliyyətsizcəsinə körüklənməsi demək idi. Lakin şah rejimi buna ehtiyac duymayaraq bütün ölkənin farslaşdırılması üçün daha incə üsullara rəvac verdi. Bu, ölkədə başdan-başa təhsilin farslaşdırılması yolu ilə əhalinin etnik tərkibinin dəyişdirilməsi siyasəti idi.

Belə bir ideoloji zəmində yeni monarx çox sayda ziyalının da dəstəyi ilə bütün sahələrdə, o cümlədən, təhsildə mərkəzləşmə siyasəti həyata keçirməyə başladı. Bütün ölkə üzrə dərsliklərin məzmunu ümumiləşdirildi və digər kitablardan  dərslik kimi istifadə edilməsi qadağan olundu. Ölkə ərazisindəki bütün məktəblərdə, o cümlədən, xarici məktəblərdə fars dilinin tədrisi icbari elan edildi.

İranın təhsil sistemi fars millətçiliyinə və fars dili əsasında vahid İran milli kimliyinin formalaşmasına əsaslanan hakim ideologiyanın təbliği üçün bir vasitəyə çevrildi. Bu dövrdə hökumət və onun ideoloqları qeyri farslara, xüsusilə türklərə qarşı yürütdükləri assimilyasiya siyasətini əsasən təhsil vasitəsilə həyata keçirməyə çalışmışlar. Onlar belə hesab edirdilər ki, vahid dil – fars dili əsasında təhsil sistemi coxmillətli ölkə olan İranda “vahid İran milləti”nin yaranmasına yardımçı olacaq və fars təfəkkürlü yeni nəsil yetişdirəcəkdir.

İran hökuməti təhsil sistemində tətbiq olunan məhdudiyyətlərlə yanaşı, Azərbaycan və digər qeyri-fars dillərində kitablar və jurnalların nəşrinə də qadağa qoydu.

– Tarixdən bilirik ki, II Dünya müharibəsindən əvvəlki illərdə, Rza şah diktaturası dövründə (1925–1941) ümumiran millətçiliyi (paniranizm) artıq bitkin ideoloji forma alaraq  dövlət siyasətinin ana prinsipinə çevrilmişdi…

– Məsələ burasındadır ki, XX yüzilliyin əvvəllərində ümumiran millətçiliyi kimi formalaşmağa başlayan ideologiya 20-ci illərdən fars şovinizmi kimi irticaçı bir şəkil almış, Rza şah diktaturası dövründə dövlətin daxili siyasətinin ideoloji əsasını təşkil etmiş və milli azlıqları farslaşdırmağı tələb etmişdir. Azərbaycan vilayətlərini farslaşdırma siyasəti istiqamətindəki əməli addımlar isə əsasən 1923-cü ildən başlayır.

İran dövlət arxivlərində saxlanılan həmin dövrə aid sənədlərə əsasən, bu tədbirləri belə sıralamaq olar: Azərbaycanda fars dilinin yayılması və türk dilinin yox edilməsi üçün farsdilli məktəblərin açılması və farsdilli müəllimlərin işə cəlb olunması; dövlət dairələrindəki azərbaycanlı işçilərin farslarla əvəz edilməsi; Azərbaycanın müxtəlif bölgələrində ibtidai məktəblərin yaradılması üçün xüsusi büdcənin ayrılması; məktəblərdə müəllimlərin dərsi türk dilində başa salmasına qadağa qoyulması; türk dilində kitab və dərgilərin nəşrinin və Türkiyədən bölgəyə materialların gəlməsinin qadağan olunması; farsca konsertlərin təşkil olunması; kitabxanaların yaradılması; farsdilli bölgələrdən gətirilmiş müəllimələrin nəzarəti altında fəaliyyət göstərən nümunəvi bağçaların yaradılması və uşaqların 3–4 yaşdan etibarən bu bağçalara cəlb edilməsi və s.

Həmin sənədlərdə həmçinin Türkiyənin Azərbaycanda türk dili, ədəbiyyatı və mədəniyyətini yayması və öz nüfuzunu burada artırmasına təşəbbüs göstərməsi vurğulanır, pantürkizm cərəyanının Azərbaycanda yayılması təhlükəsinin qarşısının alınması tələb olunurdu. İranda ziyalıların əksər hissəsi və təhsil nazirliyinə görə, “türk dili müxtəlif dövrlərdə İranda xarici ağalıqdan qalma uğursuz bir miras” olub, ləğv və məhv edilməli idi. Diqqət çəkən məqamlardan biri odur ki, 1926-cı ildə Təhsil Nazirliyi ölkədə ibtidai məktəblərin yaradılması üçün ayrılan büdcəni ancaq 5 sərhəd əyalətinə ayırmışdı, fars dili və ədəbiyyatının yayılması üçün məktəblərin açılmasına xüsusi diqqət ayrılırdı.

– Niyə məhz sərhəd əyalətləri? Niyə məhz fars dili və ədəbiyyatına xüsusi diqqət?

– Şübhəsiz ki, bu illərdə millətçi ziyalıların Pəhləvi hökumətinin diqqətinin bu məntəqələrə yönəltməsi həmin yerlərin əhalisininTürkiyə və sovet Azərbaycanı ilə həmsərhəd olması ilə bağlı idi. Şah rejiminin 3 ölkənin qonşuluqda yaşayan əhalisinin ortaq dili olmasını ciddi təhlükə   hesab etməsi həmin təhsil büdcəsinin bu bölgələrdə fars dilinin yayılması üçün ayrılmasının əsas səbəbi idi. Rəqəmlərə diqqət yetirdikdə görürük ki, ən çox diqqət Cənubi Azərbaycana yönəldilmişdir. Çünki ərazisinin genişliyi  vəTürkiyə ilə həmsərhəd olması farscanın orada məktəblərdə təhsil vasitəsilə yayılmasını daha çox tələb edirdi. İlk addımda mədrəsələrin açılması, 2-ci addımda farsdilli müəllimlərin göndərilməsi ilə fars dili geniş öyrədilməli idi.

Rza şahın baş naziri, müəllimi və İranda modern panfarsizmin yaradıcılarından olan M.Əli Furuği Ankarada səfir olduğu dövrdə şaha və İran Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda İranda əlifbanın dəyişdirilməsinin səhv addım olduğunu göstərmişdi: “İranda yəhudi, erməni və assur kimi azsaylı və təklükəli olmayan azlıqlar vardır. Ancaq türklər, kürdlər və ərəblər çoxsaylı əhali olan təhlükəli azlıqlardır. Ən təhlükəlisi isə türklərdir və dövlət bu məqamı hər vaxt diqqətdə saxlamalıdır”. 1930-cu illərdə fars millətçiliyi Azərbaycan və türk dillilər başda olmaqla, qeyri fars əhalinin  maddi və mədəni varlıqlarına qarşı fəaliyyətini davam etdirmişdir.

– Beləliklə, Pəhləvilər dövründən başlanan türk dilinə münasibətdə siyasiləşmiş nöqteyi-nəzər və  fars dilindən yeganə təlim-təhsil dili kimi istifadəyə əsaslanan, türk-Azərbaycan dilində nəşrlərə və təhsilə qoyulan qadağalar İranda soydaşlarımızın dilinin funksionallığını azaltmış və onun ədəbi dil kimi inkişafının qarşısını almışdır.

– Bu siyasətin ən ağır və ağrılı nəticəsi isə o oldu ki, İranda türk dilinin yazı imkanları inkişafdan qaldı və on milyonlrla insanın danışdığı bu dil yalnız danışıq vasitəsi səviyyəsində mövcudluğunu davam etdirdi. İranda türk dilinin üstünlüyü, statusu barədə hər hansı bir söhbət zərərli pantürkizm kimi dəyərləndirildi.

Azərbaycan ostanının (əyalətinin)  Maarif və Mədəniyyət İdarəsinin 1952-ci  ildə məktəblərə göndərdiyi məxfi sərəncamda deyilirdi: “Möhtərəm orta məktəb müdiri! Əldə edilən məlumata görə, bir müddətdir ki, Türkiyədə müxtəlif türk irqləri haqqında kitablar nəşr olunur və bu kitablarda əsası olmayan sənədlərlə azərbaycanlıların türk olduğu iddia edilir. Onlar bu bölgənin  xalqının tərz və təfəkkürünə nüfuz etməklə, pantürkizmi yaymaqla öz məqsədlərinə nail olmaq istəyirlər”.

Məhəmmədrza şahın (1941–1979) həyata keçirdiyi “Ağ inqilab” da cənubi azərbaycanlıların dilinə, maarif və mədəniyyətinə böyük zərbə vurulmuşdur. Azərbaycan dilinin və milli kimliyinin varlığı rejim üçün ən təhlükəli işlərdən biri olmuşdur. Mühitdəki ağır şərtlərə, qadağalara baxmayaraq, o dövrdə də Cənubi Azərbaycanda ana dili və milli kimlik uğrunda mübarizə milli azadlığın əsas hədəflərindən biri kimi davam etmişdir. 70-ci illərin sonuna doğru cənubi azərbaycanlılar bütün İran xalqları kimi ümumiran daxilində şahlıq rejiminə və bu rejimin səbəb olduğu iqtisadi, siyasi, mədəni və mənəvi böhrana qarşı mübarizəyə qalxdılar.

– Lakin azərbaycanlılar 1978–1979-cu illər İran İslam inqilabından sonra ölkədə yeni bir demokratik quruluşun yaranması ilə sosial-iqtisadi tələblərlə yanaşı, milli tələblərin həllini tapmasını gözləsələr də, inqilabın nəticələri onların xeyrinə ciddi istiqamətdə bir dəyişiklik yaratmadı.

– Milli istəklər içərisində, xüsusilə ana dilində təhsil məsələsi öndə gəlirdi. İnqilabdan dərhal sonra azərbaycanlılar digər qeyrifars xalqların nümayəndələri ilə birlikdə bu istiqamətdə fəaliyyətə başladılar. Təəssüf ki, İranda yaşayan qeyri fars xalqlar tərəfindən irəli sürülən yarımçıq milli tələblər belə konstitutisiyada əksini tapmadı və

1979-cu ilin dekabr ayında qəbul edilən İran İslam Respublikası konstitusiyasına görə, fars dili ölkənin rəsmi dövlət dili sayılmaqla, təhsil, kitablar, qəzet və dərgilər, rəsmi yazışmalar bu dildə olmalıdır.

İİR konstitusiyasının 15-ci maddəsində milli dillərdən danışıldıqda qeyd olunur ki, məktəblərdə fars dili ilə yanaşı, milli ədəbiyyatların tədrisi azaddır.  Aydındır ki, bu məhdud hüquq milli məktəblərdə,  o cümlədən, Azərbaycan  məktəblərində yalnız ana dili və ədəbiyyatının tədrisinə aiddir, tədrisin, ümumiyyətlə, ana dilində aparılmasına  isə imkan vermir.

Pəhləvilər dövründə qeyri-fars xalqların dillərinə qoyulan yasaq və assimilyasiya siyasəti İslam inqilabından sonra da  davam etdirildi. Pəhləvilər dövründə olduğu kimi, islami hakimiyyət dövründə də hakim rejim və onun ideoloqlarının fikrincə, təhsilin farsca aparılması qeyri-fars xalqlara, o cümlədən, azərbaycanlılara etnik mənsubiyyətlərini, dillərini və milli mədəniyyətlərini unutmaqda kömək etməli idi. Əks halda, bu, İranın bütövlüyü və gələcəyi üçün təhdid sayılır.

Son illərdə İran rəsmilərinin azərbaycanlıların ana dilində təhsil kimi milli tələblərini dilə gətirib, bu istiqamətdə vədlər verməsi hazırda ölkədəki azərbaycanlıların ən önəmli tələbinin bu məsələ  olması ilə əlaqədər qarşılayıcı tədbir kimi qəbul edilə bilər. Belə ki, hökumət ana dilində təhsil tələbi ilə bağlı gözləmə siyasətini təqib edir, azərbaycanlı kütləni verdiyi vədlərlə razı salmağa çalışır, lakin heç bir əməli addım atmır.

Min illərdir ki, bugünkü İran əhalisinin xeyli hissəsini təşkil edən azərbaycanlılar inkişafın bütün sahələrində əldə etdikləri uğurlarla bu ölkənin milli-mədəni, iqtisadi və siyasi zənginliyini daha da artırmış, dövlətçiliyini qoruyub saxlamışlar. Lakin özlərinin də etiraf etdiyi kimi, onlar İran konstitusiyasında göstərildiyi qədər də milli və mədəni haqlarını almamışlar.

“Xalq qəzeti”

Şərhlər bağlıdır.