ŞƏRQŞÜNAS ALİM AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ DÜNYAYA ÇATDIRIR

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mütəmadi olaraq xarici KIV-lər vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

2022-ci ilin ilk ayında Türkiyənin bir neçə saytında alimin 20 Yanvar faciəsi ilə bağlı məqalələri yayımlanıb. kafkassam.com, tarihistan.orgkiriminsesigazetesi.com saytlarında dərc olunan məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, hadisələrin səbəbləri, baş verdiyi şərait və nəticələri açıqlanıb. Müəllif Bakıda baş vermiş faciə ilə yanaşı, bölgələrdə, o cümlədən Neftçalada və Lənkəranda sovet ordusu tərəfindən törədilən cinayətlərdən də yazıb.

Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı daha bir məqaləsi Özbəkistanın interpress.uz saytında yer alıb. Rus dilində dərc olunan “Трагедия «20 Января» 1990-го года: путь к независимости азербайджанского народа” (“1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu”) məqaləsində faciəvi hadisələr barədə ətraflı məlumat verilib və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilib.

Fevral ayının sonlarında Özbəkistanın başqa bir saytında – fikr.uz-da  S.Talıblının Xocalı soyqırımı ilə bağlı yazısı dərc edilib. Rus dilində olan “Xocalı soyqırımı: bəşəriyyətin ən qanlı faciələrindən biri” adlı məqalədə 20-ci əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən ətraflı bəhs edib. Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S. Talıblı, soyqırımın acı nəticələri barədə məlumat verib. Soyqırımı törədən cinayətkarlardan bir qisminin bu qansız əməlləri etirafları qeyd olunan yazıda Xocalı soyqırımının dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılması, bu soyqırımı tanıyan ölkələr barədə də məlumat verilib.

S.Talıblının “Qaradağlı soyqırımı” adlı məqaləsi İranın “Xudafərin” jurnalında nəşr olunub. Qaradağlı faciəsinin həm yerli ictimaiyyətə, həm də dünya ictimaiyyətinə çatdırılması Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin, Azərbaycan xalqının və dövlətinin təcavüzə, terrora və işğala məruz qalmasının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Məqalədə Qaradağlının tarixi, təbii-coğrafi mövqeyi, Qaradağlıya hücumun təşkili, Qaradağlının işğalı, soyqırımının qurbanları, erməni əsirliyində olarkən qətlə yetirilən azərbaycanlılar, Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri, Qaradağlı faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının hüquqi addımları, beynəlxalq və regional təşkilatların mövqeyi və s. məsələlər araşdırılıb.

Məqalədə qeyd olunur ki, terrorçu erməni quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı Qaradağlı kəndində  91 nəfər qətlə yetirilib. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Qətlə yetirilənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb.

“Xudafərin” jurnalında şərqşünas alimin il ərzində daha iki məqaləsi dərc olunub.  “Azərbaycanın tarixi-maddi mənəvi abidələri erməni işğalı altında” adlı məqalədə müəllif qeyd edib ki, “Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim Azərbaycan torpaqlarında, o cümlədən Qarabağ və ətraf rayonlarda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib, erməni işğalı altında qalan 27 muzey və şəkil qalereyasından qarət olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib. 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri – xalçalar, tikmə naxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə “erməni mədəniyyətinin nümunələri” adı altında satılıb”.

Tarixçi-alim qeyd edib ki, “Azərbaycan dövləti və xalqı öz tarixi, əzəli torpaqlarında haqlı və beynəlxalq hüquqa söykənən mübarizəsini davam etdirərək 30 ilə yaxındır işğal olunmuş Azərbaycan torpaqlarında anti-terror əməliyyatı həyata keçirdi. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik etdiyi ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, təcavüzkar Ermənistan dövlətinin beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə xalqımıza qarşı etdiyi etnik təmizləmə, köçürülmə, soyqırımı və vandalizmin qısasını aldı”.

Bundan başqa məqalədə Qarabağda dağıdılmış və təcavüzə məruz qalmış Alban abidələri, Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Erməni təcavüzü nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər öz əksini tapıb.

“Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqalədə isə I və II Qarabağ müharibəsi zamanı mülki və hərbi əsirlərlə rəftara əsasən Ermənistan dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğu tarixi fakt və sənədlərə istinad edilərək elmi cəhətdən sübut edilir. Müəllif məqalədə qeyd edib ki, tarixdən bugünə kimi istər hərbçi, istərsə də mülki əsirlərlə rəftar ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən birdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridir. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş – onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Bundan başqa məqalədə əsirlərlə rəftar və işgəncələr haqqında erməni vandalizmi faktları, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi, təcavüzkar Ermənistanın işğal zamanı əsir götürülmüş mülki əhaliyə qarşı terrorları, Azərbaycan Respublikasının əsir və girovlarla bağlı gördüyü tədbirlər, I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri, girov saxlanılanlara münasibət və beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapması və s. məsələlər nəzərdən keçirilib.

“Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” məqaləsi həmçinin Türkiyənin 80-dən çox sayt və qəzetində dərc olunub.  Bu sırada gazetesanliurfa.com, gazetegaziantep.com, agrigazetesi.com, gazetemardin.com, gazeteedirne.com, bursagunesgazetesi.com, eskisehirsesgazetesi.com, samsunekspress.com, turknewsgazetesi.com və s.-ni qeyd etmək olar.

Şərqşünas alimin 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə yazdığı “Azerbaycan ordusunun tarihinə bir bakış” adlı məqaləsi də Türkiyədə geniş yayımlanıb. Türkiyənin 70-dən artıq sayt, qəzet və informasiya agentliklərində, o cümlədən turknewsgazetesi.com, 1453kralmedya.com, ekonomikgazete.com, efsanegazete.com, yeniekipgazetesi.com, sunucugazetesi.com, globalgazetesi.com, gorevgazetesi.com, orduhakimiyet.com və s. informasiya mənbələrində dərc olunan məqalədə S.Talıblı Azərbaycan Ordusunun qəhrəmanlıq, mübarizlik və döyüş təcrübəsi ənənələrinin çox qədim və zəngin bir tarixinə nəzər salaraq Azərbaycan tarixində Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinin ordu quruculuğu və apardıqları döyüş tarixlərinin  hərb tariximizin şanlı səhifələri olduğunu bildirib. Bundan başqa S.Talıblı Azərbaycan ordusunun AXC, II Dünya müharibəsi, Sovet, I Qarabağ müharibəsi (1988-1994) və müstəqillik dövründəki fəaliyyəti haqda ətraflı məlumat verib.  Məqalədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilən Azərbaycan ordusunun strukturu, hərbi təhsil, ordumuzun beynəlxalq əlaqələri, ordumuzun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycan Ordusunun bu gün həm bölgədə, həm də dünyada inkişaf etmiş ordular sırasında özünə layiqli yer tutması və s. məsələlər haqda məlumatlar öz əksini tapıb.

Vüqar Məmmədov,
Filologiya üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.