AP-DƏ NÖVBƏTİ KORRUPSİYA QALMAQALI

Sivil, demokratik dəyərlərə sahib olduğunu iddia edən Avropa ölkələrinin yüksək idarəetmə, qanunverici və hüquq-mühafizə orqanlarında ciddi korrupsiya əməlləri ilə bağlı ifşalar adi hala çevrilir. Bu barədə qitə mətbuatı, demək olar ki, hər gün bir-birindən sensasiyalı xəbərlər yayır.

İş o yerə çatıb ki, Avropa İttifaqının (Aİ) ali qanunverici orqanı olan Avropa Parlamenti (AP) də korrupsiya burulğanının mərkəzinə düşüb. Dünən yayımlanan rəsmi xəbərlərə görə, AP-nin Brüsseldə keçirilən plenar iclasında bu qurumun keçmiş vitse-prezidenti, Yunanıstandan olan sosialist deputat Eva Kailinin korrupsiya işi ilə əlaqədar Avropa Parlamentinin Belçikadan olan deputatları Mark Tarabellanın və onun italiyalı həmkarı Andrea Kozzolinonun toxunulmazlığı ləğv edilib.

Qeyd edək ki, adları çəkilən deputatlar barədə müzakirələr Belçikanın hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən faktlar əsasında başlanılıb. Əvvəlcə AP-nin Hüquq məsələləri komitəsində məsələ geniş müzakirə olunub. Sonra isə AP-nin plenar iclasına çıxarılıb. Yuxarıda qeyd etdiyimiz kimi, AP-nin plenar iclasında  komitənin deputatlarla bağlı təklifi yekdil surətdə dəstəklənib.

Avropanın bir çox media orqanları acı sarkazmla bildirirlər ki, AP-nin deputatlarının toxunulmazlığı bir-birinin ardınca ləğv edilməsi sonda bu qurumun fəaliyyətini dayandırmasına gətirib çıxara bilər. Məsələ burasındadır ki, ötən il dekabrın 15-də AP-nin plenar iclasında  Eva Kaili ilə bərabər Yunanıstan Xalq Partiyasından olan Mariya Spuraki də deputat  toxunulmazlığından məhrum edib. Beləliklə, son ay yarımda AP artıq dörd korrupsioner deputatı ilə “vidalaşmalı” olub.

Taleyin acı istehzasına bax ki, hər iki yunanıstanlı deputat AP-nin komitə və plenar iclaslarında keçirilən müzakirələrdə dəfələrlə Türkiyədə “korrupsiyanın tüğyan etməsi” barədə əsassız ittihamlar səsləndiriblər. Yəqin ki, onlar Yer üzündə güclülərin saxta, yalançı həqiqətlərindən savayı, gözəgörünməz ilahi bir həqiqətin mövcud olduğunu bilmirdilər. Bundan sonra biləcəklər!

Məlum olduğu kimi, Eva Kaili və onunla cinayət əlaqəli daha üç nəfər bu il dekabrın 9-da Belçikanın hüquq-mühafizə orqanları tərəfindən korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Polisin məlumatına görə, iş üzrə aparılan axtarışlar zamanı Brüssel bölgəsində şübhəlilərdən 1,5 milyon avroya yaxın pul müsadirə edilib. Onlar çirkli pulların yuyulması və Qətərin xeyrinə korrupsiyada ittiham olunurlar.

Eva Kailinin “istintaqdan” quru çıxmaq cəhdləri baş tutmayıb. Belə ki, 2022-ci il dekabrın 22-də Belçika məhkəməsi Eva Kailinin həbs müddətini uzadıb. Dekabrın 14-də isə məhkəmə onun işi üzrə saxlanılan 3 nəfərin həbs müddətinin uzadılması barədə qərar çıxarıb.

Təkcə Eva Kaili deyil, digər yüksək çinli qanunvericilər tamahlarının qurbanına çevrilirlər. Bir müddət əvvəl isə AP-nin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri Mariya Arenanın Belçikada korrupsiya ilə bağlı başlanmış istintaqla əlaqədar vəzifəsini tərk etdiyi yayılıb. M.Arenanın da adı Qətər və Mərakeşin xeyrinə korrupsiyada hallanır.

Lakin M.Arena vəzifəsini tərk etmək barədə qərarını sərbəst şəkildə verdiyini deyib: “Belçika hakimiyyəti məni deputat toxunulmazlığımdan məhrum etməyib. Nə ofisimdə, nə də evimdə axtarış aparılıb”. Mətbuata sızan məlumatlara görə, Belçika polisi M.Arena ilə bağlı araşdırmalarını davam etdirir.

Yunanıstan hökuməti isə ölkə parlamentinin deputatı, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri Eva Kailinin aktivlərini dondurub. Yerli mətbuat yazır ki, Yunanıstan hökuməti müvafiq qərarı vitse-prezident Kaili korrupsiya ittihamı ilə saxlanıldıqdan sonra verib.

Yunanıstanın çirkli pulların yuyulması ilə mübarizə orqanının prezidenti Haralambos Vourliotis qərarın Eva Kailinin qohumlarına da şamil edildiyini deyib və bildirib ki, dondurulan aktivlər sırasına bank hesabları, seyflər, şirkətlər və digər maliyyə aktivlər daxildir. Qurumdan həmçinin bildirilib ki, artıq Yunanıstan bankları və dövlət xidmətləri qərarla bağlı məlumatlandırılıb.

M.HACIXANLI

Şərhlər bağlıdır.