Xalqımızın bütövlüyünü qoruyan və yaşadan bayram

Abdulla Əmir Haşimi Cavanşir: Otay-butayın kökü minilliklərdən gələn, daim yaşadılan, ortaq təntənə ilə qeyd edilən Novruz bayramı ilə yenidən qol-boyunuq.

post-img

Sorağı minilliklərdən gələn Novruz törəni Azərbaycan xalqının ən əziz milli bayramı olduğuna görə varlığımıza qənim kəsilən hakim dairələr zaman-zaman onu həyatımızdan çıxarmağa, unutdurmağa çalışıblar. Bu bayram Vətənimizin hər iki tayında eyni duyğu-düşüncələrlə qeyd edildiyinə görə xalqımızın bütövlüyünü, milli varlığına bağlılığını təcəssüm etdirmiş, buna görə də düşmən dairələrin ciddi təhdidinə səbəb olmuşdur. 

Sovet dövründə kommunist haki­miyyəti yurdumuzun quzeyində bu bay­ramı qadağan etmiş, onun gizlin keçi­rilməsini bacardığı qədər əngəlləmişdi. Azərbaycan müstəqillik qazanandan sonra Novruz milli bayram kimi dövlət səviyyəsində qeyd edilir. Bu, xalqımızın tarixi nailiyyətləri sırasında öyünclü bir hadisədir.

İranda isə İslam Respublikası quru­landan sonra molla rejimi islamaqədərki digər ayin və mərasimlər kimi Novruz bayramına da xor baxmış, qadağa­lar qoymuşdur. Lakin quzeydə olduğu kimi, güneydə də xalqımız öz sevimli bayramını qoruyub yaşadır. Güneylilər Novruz bayramını və çərşənbələri qeyd etməyi mübarizə bayrağına çevirmişlər.

Molla rejimi Pəhləvi şahlığının si­yasətinin davamçısı olaraq, Novruz bayramının qeyd olunmasının qarşısı­nı ala bilməmişdir. Bu halda fars rejimi Novruz bayramını mənimsəmək yolu ilə özününküləşdirməyə çalışmışdır. Guya, bu bayram binadan farslarındır və indi də onlara məxsusdur. Bu saxtakarlıq­dan istifadə edib, Azərbaycan türklərini öz adət-ənənəsindən qoparmağa səy göstərmişlər. Həqiqətdə isə Novruz bayramı Azərbaycan xalqının mədə­niyyətinin bir parçası olaraq, min illərlə onun yaşadığı coğrafiyada yaranmış və inkişaf edib bu günə çatmışdır.

Novruz bayramını qadağalarla, mə­nimsəmələrlə əlimizdən almaq olmaz. Lakin onun bəşəri xüsusiyyətləri başqa xalqlar üçün də maraqlı ola bilər. Bu bayramın sivil, humanist dəyərləri onun UNESCO-nun bəşəri irs siyahısında yer alması üçün əsas olmuşdur. Lakin molla rejimi Novruz bayramına, çərşənbələrə qadağa qoyur, farsların adət-ənənələ­rinin geniş yayılmasına şərait yaradır. Hakim fars ideoloqları çalışırlar ki, qon­darma mədəniyyət yaratsın, onun va­sitəsilə digər xalqları əridib yox etsin.

Niyə Novruz bayramı fars mənşə­li ola bilməz? Bu bayram əski türklərin həyatında yaranıb-formalaşıb, sonrakı dövrlərdə farsların da arasında yayı­lıbdı. Novruz bayramı bir ay öncədən çərşənbələrdən başlanır. Bu isə qışı ağır keçən bir xalqın həyat fəlsəfəsini ifadə edir. Novruz, farsların iddia etdiyi kimi, yeni il, təqvim bayramı deyil, əslin­də, türklərin yaşadığı coğrafiyada qışın yaza çevrilməsi prosesini əks etdirən təbiət bayramıdır.

Bundan əlavə, Novruzu qoruyub yaşadan da farslar deyil, türklər olmuş­lar. Şəhriyarın “Heydərbaba”sı məhz Pəhləvi rejiminin türkləri assimilyasiya siyasətinə qarşı milli mübarizə əhval-ru­hiyyəsini əks etdirirdi. Poemada Novruz bayramının sevgi ilə tərənnüm edilməsi də Azərbaycanın adət-ənənələrinə şah rejiminin basqısına qarşı bədii etiraz idi. Ona görə də həmin dövrdə “Heydərba­baya salam” mənzuməsi güney azər­baycanlılarının fars şovinizminə qarşı mübarizə dastanına çevrildi.

Türklərin inanclarına əsasən, yara­nış 4 ünsürdən ibarətdir: su, od, hava və torpaq. Qışın sonunda təbiətin tədri­cən qış yuxusundan oyanması bu dörd ünsürlə bağlıdır. Su çərşənbəsi, od çər­şənbəsi, yel çərşənbəsi və torpaq çər­şənbəsi də bu oyanışı göstərir. Çərşən­bə günü türklərdə uğurlu sayılır. Novruz çərşənbələrinin hər birində icra olunan ayrı-ayrı mərasimlər yüz illərlə yaranıb, bu günə çatmışdır. Farsların həyatında isə bu çərşənbələrdəki iqlimə və onunla bağlı mərasimlərə rast gəlmək mümkün deyil.

Beləliklə, Novruz bayramının yaran­ması, təkamülü və yayılması, əski türk xalqlarına məxsus tarixdir. Türk ellərin­də iki böyük bayram – Novruz yazda, Şualan isə payızda, məhsul yığılandan sonra qeyd olunurdu. Bu bayramlar qon­şu xalqlar arasında da geniş yayılmışdı. Farslar da həm Novruz, həm də bizim Şualan bayramını türklərdən götürüb mənimsəməyə başlamışlar. Halbuki, həm Novruz, həm də Şualan bayramı, əslində, yaranışından biz azərbaycan­lılara aiddir. Azərbaycan xalqının fars şovinizmindən istəyi ondan ibarətdir ki, bu mədəniyyət oğurluğundan əl çəksin. Azərbaycanlıların adət-ənənələrinə, dilinə, torpağına, mədəniyyətinə təca­vüzə və müsadirəsinə son qoysun.

Min illərdir ki, xalqımız 4 çərşənbə­ni qeyd edir, sonra Novruz bayramının ölkəyə gəlməsini şənliklə qarşılayır. İn­sanlar təzə paltarlar geyirlər. Rəqslər, musiqilər, şənliklər bayramı təravətlən­dirir. Bu bayramda küsülülər barışır. Təbiət kimi cəmiyyətdə də soyuqluq is­tiliyə çevrilir. Doğmalar görüşə can atır­lar, bir-birinə hədiyyə verirlər. Novruz ümumxalq şənlik törəni kimi xalqımızı yaşamağa, çalışmağa ruhlandırır. Bü­tün bunlar xalqı bir daha yaxınlaşdırıb bütövləşdirir.

Otay-butayın kökü minilliklərdən gələn, daim yaşadılan, ortaq təntənə ilə qeyd edilən Novruz bayramı ilə yenidən qol-boyunuq. Bu əziz bayram münasi­bətilə Azərbaycanın quzeyində, güne­yində yaşayan, sorağı dünyanın hər yerindən gələn xalqımızı ürəkdən təbrik edirik, onlara cansağlığı, uzun ömür, sülh, əmin-amanlıq, bərəkət arzulayırıq.

 

Abdulla Əmir Haşımi CAVANŞİR,
Güney fəalı

İsveç

https://xalqqazeti.az/sosial-heyat/123690-xalqimizin-butovluyunu-qoruyan-ve-yasadan-bayram

ms152.jpg

Şərhlər bağlıdır.