Ölkədə davam edən ciddi inqilabi durumda hakim molla rejimi başlıca olaraq nədən qorxur? Bu sualı verdiyimiz məmurlar, siyasətçilər, ilk növbədə, iqtisadi böhran amilini önə çəkirlər. Ölkəni davamlı tətillərin bürüdüyü bir vəziyyətdə onlar “etirazlar” kəlməsini də tez-tez dilə gətirirlər.
Göründüyü kimi, artıq İranda məmurlar və siyası dairələr də dərin iqtisadi və siyasi böhranın olmasını etiraf etməyə başlayıblar. Təbii ki, bunun səbəbi son 8 ayda ölkədə davam edən kütləvi etirazlardır. Çarə axtarışında olan rəsmilər 2 cəbhəyə bölünüblər: keçmişdəki kimi dar ağaclarını çoxaltmağı təklif edənlər və islahatların vacibliyini vurğulayanlar. İkincilərin sayı o qədər də çox deyil.
Əvvəlki seçkilərdə İran prezedentliyinə namizədlərdən biri olmuş doktor Həddad Adil kimi adamlar qütbləşmənin qarşısını almağı tövsiyə edirlər. Qalibaf kimi parlament təmsilçiləri iqtisadiyyatı inkişaf etdirmək üçün yollar axtarırlar. Lakin hər iki qanad bu mövqeyi ilə keçmişdəki kimi xalqı aldadır. Yəni rejimin 43 illik mövcudluğu ərzində müxtəlifçi sayılan islahatçılar və başqaları irəli sürdükləri təkliflərə əməl etməyiblər.
Belələri xalqın həyatını yaxşılaşdırmaq əvəzinə, ölkəni şah rejimindən də bərbad bir vəziyyətə gətirib çıxarıblar. İnqilabdan sonra hakimiyətə gəlmiş dövlət rəhbərlərindən heç biri real plan ortaya qoymayıb. Nəticədə, iqtisadi vəziyyət gündən-günə pisləşməkdədir. Ötən illərlə müqayisədə milli valyutanın dəyəri xeyli aşağı düşüb. İnqilab vaxtı bir dolların qiyməti 6 tümən idisə, indi 55 min tüməndir.
İran iqtisadiyyatı Qacarlar dövründən bugünkü rejimədək enişli yol keçib. Hazırkı durumu Qacarlar dövrü ilə müqayisə edəndə onun necə gerilədiyini aydın görmək olar. 1925-ci ilə qədər İran iqtisadiyyatı təbii yüksəlişlə irəli gedirdi. Ölkə feodalizmdən sərmayədar dövrünə qədəm qoymuşdu. Bu dövrdə istehsalat və banklar öz təbii axarında irəliləyirdi. Bu inkişafın nəticəsində Məşrutə inqilabı qanun və ədalətin gücü ilə dövlətin, səltənətin qüdrətini azaldaraq xalqın hüququnu yüksəltmişdi.
Məşrutə qanunu, demək olar ki, Orta Şərqdə, xüsusən, az sonra İran adlandırılan ölkədə – Qacar imperiyasında normal qayda-qanun yaratmışdı. Lakin 1925-ci ildə çevriliş vasitəsilə hakimiyyətə gətirilmiş, fars şovinizminə, panfarsizmə, irqçiliyə yoluxmuş Pəhləvi tayfası təbii inkişaf prosesini dayandırdı. Bundan sonra Məşrutə dövründə cəmiyyətdə yaradılmış ictimailəşmə və sosial həyatdan heç nə qalmadı. Ədalət, azadlıq, partiyaların formalaşması, məclisin rolu, seçib-seçilmə, insanlar arasında bərabərlik, qanunun aliliyi kimi yaxşı nə var idisə, sona çatdı.
Bütün məsələləri diktatorluqla həll etməyə başladılar. Bu müddət 57 il davam etdi. 1979-cu isə ildə İslam inqilabı baş verdi. Molla rejimi xalqa nefti, qazı milliləşdirmək kimi vədlər verdi. Lakin bu vədlərə əməl olunmadı. Mollalar iqtisadiyyatı özlərinin dar və mühafizəkar düşüncələri əsasında idarə etməyə başladılar. Bununla da ölkəni daha da geri saldılar.
İqtisadi durumun pisləşməsinə, bir tərəfdən, sanksiyalar təsir göstərdi, digər tərəfdən, molla rejiminin siyasi iddiaları geriliyə səbəb oldu.
Rejimin İslam inqilabını başqa ölkələrə və dünyaya yaymaqla bağlı iddiaları məmləkəti sanksiyalara məruz qoydu. Şah zamanında qurulan zavodların vəsaitləri xaricdən gəlirdi. Qərblə münasibətlər pisləşdiyi üçün sərmayələr göndərilmədi. Metallurgiya və maşınqayırma sənayesi zavodları bir-birinin ardınca sıradan çıxdı. Eyni zamanda, savadsız idarəetmə kənd təsərrüfatına böyük ziyan vurdu, İranda ekosistemi dəyişdirdi. Çaylar, göllər quruduldu,ekoloji böhran yarandı. Əsasən, farslar yaşayan yerlərə diqqət yetirildi. Azərbaycanı, Kürdüstanı, İran Ərəbistanı və Türkmənistanı, Bəlucistanı tamamilə inkişafdan geri qoydular.
Gəlin, İranın 35 il öncəki bugünkü gəlirlərini müqayisə edək. 35 il bundan əvvəl ölkənin 7 milyard dollar xalis gəliri var idi. Bunun 3 milyardı müharibəyə gedirdi. 4 milyardı da ərzaq, talon xərclərinə sərf olunurdu. Ancaq bu gün İranın 80 milyard dollar gəliri olsa da, ölkənin gələcəyi qaranlıq uçurum vəziyyətindədir. Əhmədinejad hakimiyyətə gələn zaman bankların borcu 12 trilyon tümən idi. 8 il sonra isə 260 trilyon tümənə çatdı.
Bu pul hara getdi? Bu vəsaiti Əhmədinejad öz ətrafındakılara və fars mühitinə xərclədi, məmləkəti iflasa uğratdı. Nəticədə, əmələ gəlmiş böhrandan çıxmaq üçün xalqa mənsub olan 76 ton qızılı əridib banklara verdilər. Banklar da bunları baha qiymətə satmaqla pul qazandılar. Beləcə, valyutanın və qızılın qiymətinin qalxması ilə yanaşı, ərzaq da, digər məhsullar da bahalaşdı.
Son aylarda isə kütləvi siyasi aksiyalar İranda iqtisadi böhranın dərinləşməsinə böyük təsir göstərib. Yəni, bu müddət ərzində neft, qaz və neft-kimya sənayesində çalışan işçilər iş yerlərini itiriblər. Bir çox sosial təbəqələr, o cümlədən, müəllimlər, tələbələr, fəhlələr, kəndlilər, məktəb şagirdləri tətil edərək mübarizəyə qatılıblar. Bir sözlə, kənd təssərrüfatı, idxal-ixrac məsələləri ağır durumdadır. Bu isə bütün məmləkətdə iqtisadiyatın büdrəməsinə gətirib çatdıracaq. Vəziyyətin iqtisadi nəticələri daha ağır olacaq.
Yəni İranda bugünkündən daha yüksək qıtlıq ola bilər. Ərzaq istehsalı yoxdursa, ölkəyə mallar daxil olmursa, qiymətlərin qalxması qaçılmazdır. Belə bir halda dövlət işçilərin, müəllimlərin, fəhlələrin pulunu vermək üçün boş-boşuna pul çap edəcək. İxrac-idxal olmayan yerdə pul artıqlığı yüksək inflyasiyaya gətirib çıxaracaq. Pulun dəyəri endikcə, malların qiymətləri qalxacaq.
Vəziyyəti təsvir etdiyimiz kimi, inflyasiyanın qarşısının alınması yollarından da danışmalıyıq. Bu bəlanın qarşısını edam, zindan, küçələrdə qətllər törətməklə kəsmək olmayacaq. İqtisadi tədbirlər həyata keçirilməlidir. Etirazların daha da güclənməsi vətəndaş müharibəsinə gətirib çıxara bilər. Rejimin yaxın çevrəsi də bundan qorxur. Bəziləri asıb-kəsməklə iqtisadi böhranın dərinləşməsinin qarşısını ala biləcəklərini düşünür. Bəziləri isə istehsalın artmasının tərəfdarı kimi çıxış edirlər.
Keçən il İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf 7–8 bəndlik bir plan hazırlamışdı. Amma indiyədək bunların heç biri həyata keçirilməyib. İranda qanun əvəzinə, fitvalar işləyir. Bu isə insanları mövhumata sürükləyir. Cəmiyyəti səbirli olmağa səsləyib vədlər verirlər. Ancaq real təkliflər yoxdur. Molla liderlər milləti cəhənnəmlə qorxudub dini də gözdən salırlar.
İranda yaşayan xalqlar bütün bu bəlalardan canlarını qurtarmaq üçün başlarına çarə qılmalıdırlar. İnsanlar müqəddəratlarını əllərinə alıb, özlərini idarə etməyə çalışmalıdırlar.
Abdulla Əmir Haşimi CAVANŞİR,
Güney Azərbaycan publisisti
İsveç
Şərhlər bağlıdır.