AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyi qeyd edilib

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli
Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət
xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli bildirib ki, konfransın keçirilməsində
məqsəd XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli
Tudənin yaradıcılığını yenidən Azərbaycan cəmiyyətinə təqdim etməkdir.
Qeyd edib ki, görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar incəsənət xadimi Əli Tudə ölkəmizdə Cənubi Azərbaycan
ədəbiyyatının əsas yaradıcılarından biri olmuş və Azərbaycanın millimənəvi bütövlüyünün təmin edilməsi, eləcə də azadlıq, vətənpərvərlik
ruhunda mükəmməl lirik əsərlər meydana gətirmişdir.
Əli Tudə yaradıcılığının ideya-mövzu və bədii sənətkarlıq cəhətdən zəngin
olduğunu deyən akademik İsa Həbibbəyli ədibin vətəndaş şair kimi özünün
ictimai-siyasi baxışlarını dövrünün çətinliklərinə baxmayaraq cəsarətlə lirik
əsərlərində tərənnüm etdiyini bildirib. “Əli Tudənin bütün yaradıcılığı
çoxcəhətli lirikasından ibarətdir. Onun poeziyasında süjet xətti və
qəhrəmanlar var. Həmçinin publisistikasında lirik notlar müşahidə edilir və
özünəməxsus bədii keyfiyyətlərə malikdir”, – deyə akademik İsa Həbibbəyli
söyləyib.
Əli Tudənin keşməkeşli həyatının yeni nəsillər üçün bir nümunə olduğunu
deyən AMEA rəhbəri Ədəbiyyat İnstitutunda şairin həyat və yaradıcılığının
tədqiq edildiyini, kitablarının işıq üzü gördüyünü, filologiya üzrə fəlsəfə
doktoru, dosent Ağahüseyn Şükürov tərəfindən Əli Tudənin yaradıcılığına
dair dissertasiya işinin müdafiə olunduğunu vurğulayıb. Qeyd edib ki,
Ədəbiyyat İnstitutunda hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi”nin
Cənubi Azərbaycan bölməsi qısa müddət ərzində institutun Cənubi
Azərbaycan şöbəsi tərəfindən yazılaraq yekunlaşdırılıb və həmin bölmədə
Əli Tudəyə dair ayrıca oçerkə yer verilib.
Bu gün şairin azadlıq ruhlu şeirlərinin cənublu soydaşlarımızın ana dilində
təhsil və mədəniyyət uğrunda mübarizələrinin carçısına çevrildiyini deyən
akademik İsa Həbibbəyli elmi sessiyanın ədəbiyyatşünas alimlərin Əli
Tudənin yaradıcılığına göstərdiyi diqqət və ehtiramının ifadəsi olduğunu
söyləyib.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və
tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu Əli Tudənin 100 illiyinin
44 günlük Vətən müharibəsindən sonra keçirilməsinin rəmzi məna
daşıdığını deyib: “Əli Tudə 50 poemanın, 60 kitabın müəllifidir, şeirləri
müxtəlif dillərdə, müxtəlif ölkələrdə çap olunub. Şairin poetik ideallarını
daha yaxından duymaq üçün onun əsərlərindən seçmələrə nəzər salmaq
yerinə düşər”.
Elmi sessiyada filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov
“Əli Tudənin yaradıcılıq yolu”, filologiya elmləri doktoru, dosent Esmira
Fuad “Əli Tudənin yaradıcılığında folklor”, filologiya elmləri doktoru,
dosent Pərvanə Məmmədli “Əli Tudənin yaradıcılığında həsrət mövzusu”,
filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova “Əli
Tudənin nəsri” və böyük elmi işçi Lətifə Mirzəyeva “Səməd Vurğun və Əli
Tudənin ünsiyyət dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda ailəsi adından şairin oğlu Natiq Cavadzadə çıxış edərək atasının
şeirlərindən nümunələr səsləndirib və tədbirin təşkilatçılarına və
iştirakçılarına öz minnətdarlığını bildirib. Atası haqqında əlavə məlumat
verərək Əli Tudənin 2 dəfə sürgün olunduğunu, vətənindən ayrı düşdüyünü
diqqətə çatdırıb. Əli Tudənin əsasən vətənpərvər şair kimi qəbul olunsa da,
başqa mövzularda da gözəl əsərləri olduğunu deyib. Atasının Savalan
dağının ətəyində yerləşən Çanaqbulaq kəndində doğulduğunu, həmişə
oranın həsrətini çəkdiyini vurğulayıb. Bildirib ki, vaxtilə onunla gələn
Cənubi Azərbaycan şairləri cənuba getsələr də, o, doğma torpağına gedə
bilməyib. Bunun da əsas səbəbi onun siyasi mühacir pasportu daşımağı olub.
Həmçinin bildirib ki, atasının əsərlərini toplayaraq 20 cildliyini çap etdirib.
Tədbirin sonunda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim
Hüseynzadənin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə mövzu
ətrafında mükaliməsi olub.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.