“Biz “oxutmuram əl çəkin” deyən xalqın dördüncü nəsil varisləriyik”.

Pərviz Kazimi

Redaktor.az  Bakı Dövlət Universitetinin İnformasiya və  sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə müsahibəni təqdim edir:

– Pərviz müəllim son müsahibəmizdə elmi fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar maraqlı fikirlər irəli sürmüşdüniz, sosial mediyada son günlər gedən müzakirələr fonunda bu barədə bir qədər geniş məlimar
verə bilərsiniz?

– Elmi fəaliyyətin qiymətləndirilməsi mürəkkəb prosesdir. Son yüz ildə elmin
qiymətləndirməsində əsasən nəticələrin tətbiqi dərəcəsi, yəni elmi nailiyyətin
materiallaşması əsas götürülüb. XXI əsrin əvvəllərindən başlayaraq elmin
qloballaşması nəticəsində qlobal informasiya məkanında bir sıra qiymətləndirmə üsulları tətbiq olunmaqdadır. Dünyada qloballaşmanın texnolojı əsasını internet qoydusa da, onun məzmun əsasını təşkil edən elmi fikir və informasiya məhsullarının geniş əlçatanlığı oldu. Son iyirmi ildə elmi fəaliyyətin
qiymətləndirilməsi ilə əlaqədar bir sıra standartlar müəyyənləşdirilmişdir ki,
Azərbaycanda da tədricən tətbiq olunmağa başlanmışdır. Nəticədə Azərbaycan alimlərinin dünya miqyaslı nüfuzunu görmək, qiymətləndirmənin nəticələrini müqayisə etmək, reytinq cədvəllərində yerimizi müəyyənləşdirmək mümkündir. Elmi fəaliyyətin qiymətləndirilməsi ilə məşgul olan sahəyə “elmmetriya” deyilir və nisbətən gənc sahədir.
Alimlər əsasən mühafizəkar təbiətli olurlar və həqiqi qiymətləndirmə akademik
dairələrdə baş verir. Məsələn, bir mikrabialogiya sahəsində çalışan alimin elmi
nüfuzu o sahənin mütəxəssisləri tərəfindən müəyyənləşdirilir. Elmi məqalələri
və monoqrafiyalarına edilən istinadlar, elmi nəticələrin tətbiqi və bu kimi
faktorlardan asılıdır. Mətbuatın hər gün reklam etməsi ilə alim tanınar, lakin
onun elmi nüfuzu artmaz. Əlbətdə ki, mediya akademik dairələrdə nüfuzlu,
tanınmış alimlərimiz haqqında ictimaiyyəti mütəmadi tanış etməlidir və bunu
milli-mədəni siyasət olaraq etməlidir. Azərbaycan alimlərinin elmi uğurları
mətbuatda işıqlandırılmalıdır.
Tətbiqi sahələrdə çalışan alimlər daha geniş auidoriyaya təqdim olunur. Sosial
humanitar sahələrin tətbiqi imkanları nisbətən məhduddur. Lakin alimin
universitetlərdə tədris prosesində iştirakı da elmi biliklərin tətbiqi hesab edilir.

– Pərviz müəllim, həqiqətən də nazirin müşaviri professordan artıq maaş
alır?

– Sualınızı anlayıram, bu düzgün yanaşma deyil. Nazirin müşaviri dövlət
qulluğudur və aldığı əməkhaqqı qaneedici olmazsa, tutduğu vəzifədən sui
istifadə edəcək. Dövlət qulluqçusuna dövlətin idarəetmə sisteminin tərkib
hissəsi kimi baxmaq lazımdır. Əgər o müşavir abituriyent hazırlığı ilə məşğul
deyilsə, bir alimin aylıq gəlirindən artıq qazana bilməz. Nəzərə alsanız ki, alim
konkret bir elm sahəsində elmi dərəcə almış şəxsdir və dar ayaqda abituriyent
hazırlayaraq maliyə durumunu yaxşılaşdıra bilir. Əmək bazarında da rəqabət
edə bilir və kiçik əməkhaqqı ilə işləmək məcburiyyətində deyil.
Alim olmaq fərqli kateqoriyadır. Dünyada çox sayda alimlik dərəcələri özünü
təsdiq olaraq müdafiə edilir. Alimlik dərəcəsi almış çox sayda gənclər sahəsinin
tətbiqinə yönəlir və daha artıq gəlir əldə etməyə üstünlük verir. Elmi fəaliyyəti
davam etdirənlər bilirlər ki, burada çox qazanc əldə edə bilməyəcəklər. Ancaq
bu o demək deyil ki, elmi fəaliyyətlə məşğul olanlar acizdirlər. Bu bir missiyadır,
alimlik missiyası.
Bir çoxları elmi dərəcə almadan da elmi fəaliyyətlə məşğul olur. 14 iyun 2016
cı il № 271-VQ Elm haqqında Azərbaycan Resbublkasının qanununun 1.0.9.
maddəsində “elmi fəaliyyət” – “elmi biliklərin əldə edilməsinə, tətbiqinə və
təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi” kimi şərh edilir.

– Deməli siz hesab edirsiniz ki, Azərbaycanda elmin inkişaf səviyyəsi
qaneedicidir?

– Mətbuatda gedən bir çox yazılarda bəzən unudur ki, biz “oxutmuram əl çəkin”
deyən xalqın dördüncü nəsil varisləriyik. Mərhum Mirzə Ələkbər Sabir bu
misraları yazanda dünyada elm xeyli inkişaf etmişdi. Yaxın tarximizi unutmadan
və müasir vəziyyətimizi düzgün qiymətləndirəriksə, o zaman xeyli inkişaf
etdiyimizi görərik. Azərbaycanın Milli “H” indeksi reytinqinə diqqət yetirdikdə
real mənzərə üzə çıxır. Bu göstəricilərə görə bir çox ölkədən irəlidəyik və bir
sıra ölkələrdən də geridəyik. Xüsusilə də təbiət elmləri, tətbiqi sahələrdə
alimlərimizin göstəriciləri çox yüksəkdir.
Sosial-humanitar sahələrdə göstəricilərimiz ürəkaçan deyil. Bir sıra
mütəxəssislər hesab edir ki, humanitar sahhələrin tətbiqi olmadığından bu
sahələrdə uğurlarımız azdır. Düşünürəm ki, bu yanlış yanaşmadır.
Akademik platformalarda ədəbiyyat, tarix, sənətşunaslıq, musiqişunaslıq və bir
çox sosial-humanitar sahələrə dair yüksək reytinqli alimlər var və onların
əsərləri minlərlə istinad toplayır. Sosial-humanitar sahədə dünyanın nüfuzlu
universitetlərində çalışan Azərbaycan alımləri də az deyil. Zənnimcə bizim bəzi
mütəxəssislərin əsas problemi öz sahələrində nüfuzlu elmi mərkəzləri, elmi
jurnalları tanımaması və beynəlxalq əməkdaşlıqdan kənarda qalmalarıdır.

– Bu yaxınlarlarda Azərbaycandan kənarda yaşayan və fəaliyyət göstərən
alimlərimizlə keçirilən görüş haqqında nə deyə bilərsiz?

– Çox sevindirici haldır. Düşünürəm ki, bu kimi tədbirləri mütəmadi etmək faydalı
ola bilər. Ancaq nə üçün bu görüşlərə Azərbaycanda çalışan alimlər dəvət
olunmur, anlamaq çətindir. Bizim də onlarla tanış olmaq, əlaqələr yaratmaq,
əməkdaşlıqlar etmək kimi imkanlarımız yarana bilərdi. Elmin imkişafında
əməkdaşlıqların genişliyi əhəmiyyətli faktordur.

– Azərbaycanda əldə edilən elmi dərəcələr və elmi adlar beynəlxalq
standartlara uyğundur?
– Azərbaycanda elmi dərəcələr və elmi adların verilməsi Azərbaycan Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilir və mürəkkəb
proseslərin nəticəsi olaraq əldə edilir. Elmi dərəcələrin alınması prosesi
mürəkkəb olsa da, ona doğru gedən yol aydındır və mövcuddur. Prosesin
mürəkkəbliyi elmi tədqiqatların ciddiyyətini və dərinliyini təmin etmir. Elmi
adların verilməsi yalnız konkret vəzifələrin tutulması ilə əldə olunur. Bir sözlə
bizim standartlar fərqlidir. AAK-ın əsasnaməsində irəli sürülən qaydalar bu
istiqamətdə dövlət siyasətini ifadə etdiyinə görə ona dövlət maraqları
çərçivəsində baxmaq lazımdır. Bu ayrıca bir müzakirənin obyektidir.
Turan İSMAYIL

Şərhlər bağlıdır.