Bu gün 21 Azərdir

Seyid Cəfər Pişəvərinin sədrliyi ilə yaradılmış və Güney Azərbaycanda xalqın
milli-demokratik hüquqlar uğrunda mübarizəsinə rəhbərlik edərək, 1945-ci ilin
dekabr ayının 12-də (21 Azər günü) Azərbaycan Milli Məclisinin açılmasına və
Azərbaycan Milli Hökumətinin təşkilinə nail olmuş, milli mədəniyyətin,
iqtisadiyyatın bütün sahələrində xalqın mənafeyi üçün, onun azadlığı və rifahı
üçün böyük və əvəzsiz islahatlara imza atmış Azərbaycan Demokrat Firqəsinin
yaranmasından 80 il keçir. Bu Firqə (partiya) bu gün də diridir, yaşayır, fəaliyyət
göstərir, özünün Mərkəzi Komitəsinə və mətbu orqanına, rəsmi İnternet saytına
malıkdir.
1945-ci il sentyabr ayının 3-də Təbriz şəhərində yaradılmış Azərbaycan
Demokrat Firqəsinin (ADF) siyasi fəaliyyətinin araşdırılması, öyrənilməsi və
ortaya qoyulması bu gün də İran xalqlarının, o cümlədən azərbaycanlıların milli
demokratik hərəkatını doğru yola istiqamətləndirmək, düzgün şüarların
seçilməsi və hərəkət xəttinin müəyyən edilməsi baxımından çox mühüm və
əhəmiyyətlidir. Çünki ADF-ni yaradan siyasi, iqtisadi və sosial şərait İran
daxilində indi də mövcuddur.
21 Azər hərəkatı İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini
aşıladı və təsdiqlədi, onların milli şüurunu formalaşdırdı, İran kimi çoxmillətli bir
ölkədə milli-mədəni və hətta, siyasi muxtariyyət əldə etmək, federativ dövlət
quruluşuna nail olmaq imkanını təsdiqlədi, Azərbaycan Demokrat Firqəsinin
rəhbərliyi altında Milli Hökumətin çox qısa bir müddət ərzində həyata keçirdiyi
islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü,
onun qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran
miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə etdi.
İran xalqları Azərbaycanda baş verən 21 Azər hərəkatı simasında özlərinin
möhkəm və sarsılmaz arxasını görürdü, ona özlərinin mübarizə dayağı kimi
baxırdılar. Həmin dövrdə İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan
durduqca, İran azadlıqsevərlərini boğmaq qeyri mümkün olacaqdır”.
Azərbaycan Milli Məclisinin (MM) qəbul etdiyi qanunlar və Azərbaycan Milli
Hökumətinin (AMH) islahat tədbirləri barədə qısa arayış:
1.
08.04.1946 – mədənlərin, bütün yeraltı sərvətlərin, təbii meşələrin
milliləşdirilməsi və onların dövlət inhisarında olması haqda qanun;
2. Məclisin 08.05.1946-cı il tarixli qanununda deyilirdi: “Bütün hökumət işçiləri
Vətən parçası geyməlidir”;
3. 120 iri, orta və xırda sənaye müəssisəsi bərpa edildi, tikildi və işə salındı;
4. Milli Məclis zəhmətkeşlərin və sənətkarların vəziyyətlərinin yaxşılaşması və
iş şəraitinin kökündən dəyişdirilib qaydaya salınması haqqında 52 maddədən
ibarət qanun qəbul etdi;
5. Tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verildi;
6. AMH radikal torpaq islahatı etdi. Xalq düşmənlərinin 437 parça torpaq sahəsi
(Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) müsadirə edilib dövlətə aid 373
parça kənd torpaqları (torpaq fondunun 4%-i) ilə birlikdə 1 milyon nəfər kəndli
(375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü;
7. 22 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi
qanunu” verildi, icma torpaqlarından həmin ərazidə yaşayan bütün kəndlilərin
bərabər surətdə istifadə etməyə tam haqlı olduqları qeyd edildi, kəndli su haqqı,
otlaq haqqı, çöldən yanacaq yığmaq haqqı və sairə bu kimi rüsumlardan
həmişəlik azad edildi, kəndlilərin mülkədarlara, dövlətə, sələmçiyə və
başqalarına olan borcları ləğv edildi, kəndlinin bütün biyar növlərindən azad
edilməsi və s. bu kimi mükəlləfiyyətlər qanun çərçivəsində qadağan olundu;
8. “Kənd təsərrüfatı bankı” yaradıldı:
9. Kəndlinin bağ yeri, xırman sahəsi və evinin yeri ilə birlikdə sahib olduğu bütün
təsərrüfat sahələrinin yeri əvəzsiz olaraq kəndliyə verildi;
10. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı
dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi;
11. AMH Azərbaycanda Milli Bankın 19 şöbəsini yaratdı;
12. “Kənd Təsərrüfatı Bankı”nın ixtiyarına 5 mln. tümən verildi;
13. Azərbaycandan ixrac edilən və Azərbaycana idxal edilən malların hamısına
nəzarət edilməsi haqqında qanun verildi. Lakin AMH-in hələlik xariclə ticarət
etmək imkanı yox idi;
14. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkildi, körpülər
salındı, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq
bağçası və müxtəlif uşaq evləri, klublar və başqa ictimai müəssisələr tikildi və
yaxud köhnə binalar təmir edilib abadlaşdırıldı, asfalt salındı, elektrik
stansiyaları yaradıldı, radio şəbəkələri çəkildi, idarə və müxtəlif müəssisələr
tikildi və ya genişləndirildi, su xətləri çəkildi və digər su kəmərləri təmir edildi,
çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının
alınması və sairə bir çox bu kimi çox mühüm abadlıq işlərinə də başlanıldı;
15. Azərbaycab Milli Hökumətinin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə
Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olunmuş,
idarələr, danışıq və yazışma, bütün məktəblərdə tədris Azərbaycan dilində
aparılmışdır (ibtidai məktəblərdə dərslər yalnız ana dilində aparılmalı idi, ondan
sonra isə ana dili ilə yanaşı fars dilinin də işlənməsinə icazə verilirdi). Eləcə də
rəsmi elanlar, qanun layihələrinin yazılması, hökumət idarələri, ticarət
mərkəzləri, xalq qoşunları haqqında verilən fərmanlar, məhkəmə işlərinin,
rəsmi yığıncaqların Azərbaycan dilində aparılması Milli Məclisin təsdiqi ilə
qanuni şəkil almışdır;
16. Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı;
17. Milli hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə
yaxın ibtidai və orta məktəb yaradıldı;
18. Təhsilin pulsuz olması haqqında AMH tərəfindən qərar qəbul edildi;
19. Milli Məclisin 12 yanvar 1946-cı il tarixli iclasında yetim və sahibsiz uşaqların
Milli Hökumət hesabına saxlanması, oxumaları və tərbiyə olunmaları haqqında
qanun qəbul edildi;
20. 1946-cı il mart ayının 7-də Təbriz şəhərində dəmir yol mütəxəssisləri
hazırlamaq üçün 4 şöbədən (mexanik, sürücülük, dəmir yolları çəkmək və
rabitə) ibarət 3 illik texnikum açıldı;
21. Kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün Təbriz şəhərində 4 aylıq
kurs təşkil olundu;
22. Firqə və hökumət kadrları yaratmaq məqsədilə Təbriz şəhərində 3 aylıq
siyasi kurslar, hüquq məktəbi açılmış və burada Azərbaycanın siyasi, ədliyyə
və idarəçilik üzrə kadrlarının hazırlanmasına başlanmışdı;
23. Qısa müddətli tibb işçiləri məktəbi, 3 illik feldşerlik məktəbi, 3 illik mamalıq
məktəbi açılmışdı;
24. Milli Məclisin 21 dekabr 1945-ci il tarixli iclasında Xalq Qoşunlarinin (əslində
Xalq Qoşunları Nazirliyinin) təşkili haqqında qanun qəbul edildi;
25. 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı;
26. 1946-cı il fevral ayının 28-də polis işçiləri hazırlamaq üçün Təbriz şəhərində
daxili işlər idarəsinin nəzdində xüsusi kurslar açıldı;
27. 12.06.1946-cı il tarixində Azərbaycanda 3 fakültədən – tibb, kənd təsərrüfatı
və pedaqoji (fizika, kimya, tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat və
təbiət şöbələri) fakültələrdən ibarət “Azərbaycan” universiteti açıldı;
28. Təkcə bir il içərisində 50-yə qədər qəzet və jurnal, çoxlu dərslik, siyasi, tarixi
və ədəbi kitablar da çap edildi, Azərbaycan dilində “Azərbaycan”, “Azad millət”,
“Yeni Şərq”, “Qələbə”, “Cövdət”, “Urmiya”, “Cavanlar”, “Azər” və sairə qəzetlər,
“Azərbaycan ulduzu”, “Şairlər məclisi”, “Maarif”, “Vətən”, “Fədai”, “Demokrat”,
“Günəş” adlı məcmuələr nəşr edildi;
29. Təbriz şəhərində “Behzad” adına incəsənət muzeyi və ali incəsənət məktəbi
açıldı. Həmin məktəb rəssamlıq, heykəltəraşlıq, döymə və musiqi şöbələrindən
ibarət idi və burada 300 nəfər gənc təhsil alırdı;
30. Azərbaycan radio stansiyası açıldı, radio məlumat komitəsi yaradıldı;
31. Sərdari-milli Səttarxana və salari-milli Bağırxana heykəllər, Şeyx
Məhəmməd Xiyabaniyə abidə qoyuldu;
32. Yeni kino-teatrların açılması ilə yanaşı köhnələrinin bərpası, teatr
binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin
görülməsi üçün AMH 1946-cı il 24 may tarixli iclasının qərarı ilə büdcədən 14
milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi (ümumi büdcə vəsaiti 64
mln.tümən idi);
33. AMH özünün 6 fevral 1946-cı il tarixli iclasında milli-demokratik hərəkatda
iştirak edən 20 min nəfər mübarizin “21 Azər” medalı ilə təltif edilməsi barədə
qərar verdi;
34. 1946-cı ildə Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illiyi
münasibətilə Səttarxan ordeni təsis edilmişdir (həmin orden 3 sentyabr 1946-cı
ildə ADF-nin bir illiyi münasibətilə Təbrizin Dövlət Teatr səhnəsində
S.C.Pişəvərinin nitqindən sonra şəxsən onun özü tərəfindən milli demokratik
hərəkatda fəal iştirak etmiş 10 nəfərər təqdim edilmişdir).
AMH tərəfindən həyata keçirilən yuxarıdakı mühüm islahat tədbirləri geniş xalq
kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyindən tez bir zamanda
Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində öz əksini tapdı. 21
Azər hərəkatı xalqımızın mübarizə tarixində inqilabi hərəkatın ən yüksək
zirvələrindən birini təşkil etdiyi kimi onun təsir dairəsi də olduqca geniş oldu.
Yaşasın Azərbaycan!
Var olsun birlik, mübarizə, zəfər!


Səməd Bayramzadə,
12 dekabr 2025 / 21 Azər 1404

Şərhlər bağlıdır.