RUSİYA VƏ İRAN NƏ ETMƏK İSTƏYİR?
“BU İKİ ÖLKƏNİN XARICI SİYASƏTİ HƏM REGİONDA, HƏM DÜNYADA ÇOX CİDDİ FƏSADLAR TÖRƏDİR”
“Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı beynəlxalq təzyiqlər artır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar artıq ölkə iqtisadiyyatına ciddi təsir etməyə başlayıb. Bu səbəbdən də Rusiya ilk növbədə qonşu dövlətlərlə ticarət əlaqələrini genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək məqsədini güdür. İlk növbədə, Türkiyə, İran, Azərbaycan Çinlə əlaqələrin inkişafına üstünlük verir. Həmin bu ölkələr eyni zamanda, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Azərbaycan da Türkiyə də Çin də Ukraynanın ərazi bütövlüyünü tanıyır, ancaq Qərbin, ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmur”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib. Həmin yazını oxuculara təqdim edirik.
Politoloq bildirib ki, Sergey Lavrovun qonşu ölkələrə belə intensiv səfərlərinin başında ilk növbədə Rusiyaya qarşı təzyiq və sanksiyalardan dəyəcək ziyanın azalması dayanır:
“Ermənistana, Türkiyə və Azərbaycana səfərləri həm də Cənubi Qafqazdakı vəziyyətlə bağlıdır. Ermənistan və Rusiya 2020-ci ilin noyabrın 10-da Azərbaycan qarşısında müəyyən öhdəliklər götürüblər və bu öhdəliklərə hələ də əməl olunmur. Bura minalanmış ərazilərin xəritəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxması, Rusiya sülhməramlılarının fəaliyyəti, nəqliyyat xətlərinin açılması, Zəngəzur dəhlizi, məcburi köçkün və qaçqınların torpaqlarına qayıtması, “3+3″ formatında əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər daxildir. Rusiyayönlü müxalif qüvvələrin Ermənistandakı bu prosesə mane olması onu deməyə əsas verir ki, Rusiya bu məsələdə heç də maraqlı görünmür. Ona görə də həm Ermənistan, həm Rusiya 10 noyabr bəyanatında öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirməkdə gecikirlər. Ola bilsin ki, Sergey Lavrov Ermənistana səfəri zamanı ölkə müxalifəti və hökumətinə yeni təlimatları çatdırıb”.
Müsahibimizin sözlərinə görə, İran ona qarşı tətbiq edilən uzun sanksiyaları dövründə Moskvanın etdiyi yardımların qarşılığını verir:
“Ancaq hesab edirəm ki, İran bu məsələdə siyasi səhvə yol verir. Çünki BMT TŞ-nin İrana qarşı tətbiq etdiyi üç qətnamənin hər birinə Rusiya müsbət səs verib. Bu baxımdan İranın Rusiya qarşısında elə də ciddi öhdəliyi yoxdur. Ancaq özünə əsas düşmən hesab etdiyi ABŞ-la Rusiya arasında münasibətlərin kəskinləşməsinə görə Tehran Rusiyanı dəstəkləyir. Ola bilsin ki, Rusiya ilə İran arasında sanksiyalara dözümlülük göstərmək üçün iqtisadi ticarət sahəsində yeni əməkdaşlığa dair anlaşmalar imzalansın. Rusiya ilə İran arasında əlaqələr və belə intensiv görüşlər daha çox Qərbin hər iki ölkəyə qarşı təzyiqinin təzahürüdür. Qərblə nə Rusiya, nə də İran razılaşmadığından və yaxud qoyduğu şərtlərə əməl etmək istəmədiklərindən bu iki ölkə hakimiyyətləri bir-birinə arxa durmağa çalışırlar. Ancaq hesab edirəm ki, bu elə də ciddi müsbət nəticə verməyəcək. Çünki həm İran, həm də Rusiyanın texnologiyası Qərbin təzyiqləri qarşısında davam gətirməkdə acizdir. Bu ölkələrin zəif texnoloji vasitələri istehsal artımına mane olacaq, neft və qaz sektoruna tətbiq olunan sanksiyalar dünya bazarına karbohidrat çıxarılmasını əngəlləyəcək. Odur ki, tərəflər düşəcəkləri böhranlı vəziyyətdən birgə çıxmaq üçün müxtəlif layihələrə imza ata bilərlər. Onlar bu istiqamətdə bir-biriləri ilə müəyyən təcrübə mübadiləsi edir, vəziyyətdən çıxmaq üçün yeni yollar axtarırlar. Ona görə də Sergey Lavrovun Tehrana səfəri Rusiya və İranın düşdüyü ağır vəziyyətdən çıxmaq üçün yeni yollar axtarışını hədəfləyir. İran və Rusiya hər ikisi yürütdüyü xarici siyasətin əsridir. Bu iki ölkənin xarici siyasəti həm regionda, həm dünyada çox ciddi fəsadlar törədir”.
Gülnarə Abasova
Şərhlər bağlıdır.