REJİMİ VƏTƏNDAŞLARI SAKİTLƏŞDİRƏ BİLMİR

ETİRAZ AKSİYALARI GENİŞLƏNİR

İranda əxlaq polisi tərəfindən saxlanılan Məhsa Eminin ölümündən sonra başlayan etiraz aksiyaları davam edir. 22 yaşlı Məhsa Emini “geyim qaydalarına əməl etmədiyi” üçün saxlanıldıqdan sonra həyatını itirməsi cəmiyyətin kəskin reaksiyasına səbəb olub.

İranın “Fars” Xəbər Agentliyi yazır ki, ötən gün ölkənin Qərb bölgəsindəki Senendec şəhərində keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri etirazçılara gözyaşardıcı qazla cavab verib.

Xəbərdə nümayişçilərin küçədəki nəqliyyat vasitələrinin şüşələrini sındıraraq zibil qablarını yandırdıqları, təhlükəsizlik qüvvələrinin bəzi nümayişçiləri saxladığı qeyd edilib.

Digər tərəfdən, sosial şəbəkələrdə yayılan görüntülərə görə, başda Tehran şəhəri olmaqla Kürdüstan əyalətində nümayişlər davam edib. Kürdüstan əyalətinin bəzi bölgələrində ticarətçilər Eminin ölümünə etiraz etmək üçün mağazalarını bağlayıb, bəzi yerlərdə isə nümayişlər keçirilib.

Gənc qadının ölümünə etiraz edən Tehranın Əmir Kəbir Universitetinin tələbələri də nümayişlərdə hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Sosial mediada yayımlanan görüntülərdən aydın olur ki, hökumətə dəstək verən “Bəsici” üzvü tələbələrin aksiyasına müdaxilə edib və iki qrup arasında qarşıdurma yaranıb.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “mənəviyyat polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan Eminin sentyabrın 16-da ölümü ölkədə hiddətə səbəb olub.

İranda əhalinin kəskin reaksiyadan sonra verilən açıqlamada İrşad patrulunun Emini bir saatlıq “brifinq” üçün polis bölməsinə apardığı, gənc qadının qəfil huşunu itirməsi və xəstəxanaya aparıldığı bildirilib. İddiaya görə, qadında ürək xəstəliyi olub. İran dövlət televiziyasında yayımlanan görüntülərdə Emini polis idarəsinə gətirildikdən və məmurla danışdıqdan sonra qəfil yerə yıxılır.

Sosial şəbəkələrdə fəallar polisin gənc qadının “qəfildən” huşunu itirməsi ilə bağlı iddialarını rədd edərək, Emini polis idarəsinə gətirilməzdən əvvəl döyüldüyünü bildirirlər.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi daxili işlər naziri Əhməd Vahidiyə hadisənin bütün aspektlərini araşdırmağı tapşırmışdı. Hadisəni araşdırmaq üçün Tehran Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi nəzdində xüsusi araşdırma və təhqiqat komitəsi yaradılarkən, Tehran Ədli Tibb İdarəsi gənc qadının ölüm səbəbinin 3 həftə ərzində ictimaiyyətə açıqlanacağını bildirib. Amma bu da əhalini sakitləşdirməyib. Hazırda aksiyalar davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.