İRANIN MOLLA REJİMİNİN TAXTI LAXLAYIR:

HİCAB HƏRƏKATI NƏYƏ HESABLANIB?

 

İran növbəti inqilab astanasındadır. Bir müddət öncə əxlaq polisi tərəfindən həbs edilən hüquq müdafiəçisi Məhsa Əmininin sentyabrın 16-da müəmmalı ölümü sonrası İranda etiraz aksiyaları başlayıb. Bu gün isə aksiyalar başda Cənubi Azərbaycan olmaqla İranın bir sıra iri şəhərlərinə sirayət edib.

Məhsa Əmini və Hicab hərəkatı

Hazırkı etiraz aksiyalarını Hicab hərəkatı olaraq adlandıra bilərik. Belə ki, aksiyalarda iştirak edən qadınların hicablarını çıxarıb yerə atması və polisin gözü önündə baş örtülərini yandırması baş verən hadisələrə Hicab hərəkatı deməyə əsas verir.

Mövcud aksiyaların başlanmasındakı səbəbkar isə 22 yaşlı Məhsa Əminidir. Daha doğrusu, onun İranın əxlaq polisi tərəfindən öncə həbs edilib daha sonra müəmmalı şəkildə ölməsidir.

İraq Kürdüstanından Tehrana qohumlarını ziyarət etmək üçün gələn Məhsa sentyabrın 13-də İranın əxlaq polisi tərəfindən saxlanılıb. Hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan Məhsa şahidlərin sosial şəbəkələrdə verdiyi məlumata görə, şiddətli döyülüb.

Tehran polisi 22 yaşlı fəalın qəfil şəkildə ürək tutmasından həyatını itirdiyini desə də aydın məsələdir ki, onun ölümü birbaşa rejimin istəyi ilə məqsədyönlü şəkildə baş verib. Bunu təsdiq edən digər bir fakt da hadisə sonrası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kürdüstandakı komandiri Məhsanın ailəsinə baş çəkməsidir.

Məhsa Əmininin qətli etiraz aksiyaları üçün bəhanə oldu

Etiraz aksiyalarının başlanması əslində gözlənilən idi. Məsələ ondadır ki, Qərbin və ABŞ-ın İrana iqtisadi sanksiyaları fonunda İran vətəndaşlarının sosial iqtisadi vəziyyəti kifayət qədər çətinləşib. Hesab edirəm,  etirazların qısa zamanda bu qədər geniş şəkildə yayılmasının əsas səbəbi də məhz budur. Məhsa Əmininin qətli isə sadəcə bu etirazların əyani surətdə üzə çıxması üçün bəhanə oldu.

Diqqət yetirdikdə açıq şəkildə görmək olur ki, etirazları idarə edən vahid lider yoxdur. Digər tərəfdən, fərqli yerlərdə etirazların motivi də dəyişir. Misal üçün,  Cənubi Azərbaycanda etirazçılar istiqlaliyyət şüarları səsləndirirlər.

Mövcud etiraz aksiyalarının İranın ali dini lideri S. Ə. Xameneinin xəstə olduğu və səhhətinin getdikcə pisləşdiyi dövrə təsadüf etməsi də diqqət çəkir. Bu mənada deyə bilərik ki, əslində etiraz aksiyaları həm də ali dini liderin ölümü ilə paralel İranda siyasi sistemin dəyişməsi üçün ilkin hazırlıq və ya cəmiyyətin nəbzinin yoxlanılmasıdır. Bunu şah dövrünün sonları ilə müqayisə etmək olar.

Hicab hərəkatı inqilab kontekstinə keçəcəkmi?

Məsələ ondadır ki, Qərb və ABŞ hər nə qədər İrana qarşı iqtisadi sanksiyalar tətbiq etsə də İranda rejimin dəyişməsi arzuolunan ssenari deyil. Prinsip etibarilə mövcud rejim də məhz ABŞ siyasi mətbəxinin məhsuludur.

Əslində İranda mövcud iqtidara qarşı son illərdə bənzər etiraz aksiyaları çox olub. Əksər aksiyalar da ABŞ-İran gərginliyi fonunda təzahür edib. Lakin heç vaxt inqilab kontekstinə keçməyib.

Qərb İranda teokratik rejimi kimin əvəzləməsi mövzusunda fikir ayrılığı yaşayır. Digər tərəfdən, türk elitasının yenidən İranda hakimiyyəti ələ almaq ehtimalları da böyükdür.

Əslində bu ehtimallar onu deməyə əsas verir ki, İranda türk elitasının hakimiyyətə gəlməsi üçün bu ölkənin yaxın zamanda parçalanması mümkündür. Türklərin öz dövləti olarsa,  İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Qərbin təsir imkanları hər zaman olacaq.

O ki qaldı hazırkı aksiyaların miqyasının böyüyüb inqilab kontekstinə keçməsi,  deyə bilərəm ki, bu, Cənubi Azərbaycanın aksiyalara verdiyi dəstəkdən asılı olacaq. Cənubi Azərbaycan ayağa qalxmadan İranda heç bir hərəkat, heç bir etiraz inqilab sferasına keçə və qələbə qazana bilməz.

Turan Rzayev,
politoloq

Şərhlər bağlıdır.