Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı press-relizdə deyilir.
“Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var”, – sənəddə belə deyilir.
Hər iki xəstə – 47 və 50 yaşlı kişilər – 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb və dərman verildiyi anda “çox ağır vəziyyətdə olublar”. Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini “xəstənin və ailəsinin əzablarına” son qoymaq istədiyi ilə əlaqələndirib. Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış.